Qərblə rəsmi Moskva bir-birindən yerlə göy qədər uzaqdır
Moskvanın “Vnukovo” aeroportunda təyyarə qəzasında həlak olmuş “Total” neft şirkətinin prezidenti Kristof dö Marjerinin ölümü bədbəxt hadisə təsiri bağışlayır. “The Wall Street Journal” yazır ki, Rusiyada isə belə düşünmürlər: “Rusiyada televiziya tamaşaçılarına belə bir fikir aşılanır ki, bu işin arxasında Mərkəzi Kəşfiyyat İdarəsinin ( Central Intelligence Agency) əli də ola bilər”.
Qəzet yazır ki, Qərb və Rusiya eyni hadisəyə tamam fərqli bucaq altında baxır. Faktlara yanaşma və dəyərləndirmə arasındakı fərq bəzən yerlə göy arasındakı uzaqlıq qədər olur.
Məsələn, ruslar əmindirlər ki, Ukraynanın keçmiş prezidenti Viktor Yanikoviçin iqtidardan getməsinin arxasında Qərbin kəşfiyyat orqanları və siyasi elitası dayanıb. Ancaq Qərbdə hesab edirlər ki, Viktor Yanikoviç xalq hərəkatının təzyiqi ilə iqtidardan qaçmalı oldu, çünki xalq Ukraynanın Qərblə daha sıx münasibətdə olmasını arzulayırdı.
Qəzetin iddiasına görə, Rusiya mediası az qala bütövlükdə Putinin nəzarətinə keçib və bu medianın yazdıqlarını oxuyanlarda belə təəssürat yaranır ki, Putinsiz Rusiya yaşaya bilməz. Ona görə də xalq arasında Putinin populyarlığı artır.
Vyaçeslav Volodin prezident administrasiyasının sədrinin birinci müavinidir. O, bu günlərdə bəyan edib ki, Qərbin Putinə hücum əslində Rusiyaya yönəlmiş hücum hesab olunmalıdır: “Putin yoxdursa, Rusiya yoxdur”.
“The Wall Street Journal” yazır: “ABŞ və Qərbi Avropada hər hansı siyasətçi haqqında belər bir fikrin söylənilməsi mümkünsüz görünür. Rusiyalı məmurlar belə şeylərlə özlərini aldadırlar. Və Rusiyanın beynəlxalq arenada nüfuzunu aşağı salırlar”.
Robert Skidelski deyir ki, məsələyə belə yanaşmaq olar: Ya Rusiyalı məmurlar dediklərinə həqiqətən də inanırlar, ya da onlar bilə-bilə özlərini aldadırlar.
Rusiyanın keçmiş xarici işlər naziri İqor İvanovun yanaşmasına da qəzet diqqət edib. Onun fikrincə, Moskvanın mövqeyi Qərblə Rusiya arasında inamın itməsi fonunda formalaşmaqdadır. O, təklif edir ki, Ukrayna böhranından dolayı “əlaqə qrupu” yaratmaq lazımdır. Sabiq nazir bildirir ki, digər problemləri də aradan qaldırmaq üçün bu kimi əlaqə qrupları formalaşmalıdır. Ancaq siyasi körpü qurmaq üçün qarşılıqlı şəkildə siyasi iradə nümayiş etdirilməlidir: “Mən heç bir tərəfdə belə bir siyasi iradə görmürəm”.