"Dahilərin qadınları" layihəsində: Nataliya Puşkina
Puşkin Natalya Nikolayevna Qonçarova ilə evləndiyi gündən bəri dahinin məhəbbəti – sevdiyi qadını necə olmalıdır və necə olmamalıdır məsələsi ətrafında söz-söhbətlər dolaşmaqdadır.
O, rus ədəbiyyatı tarixində, sözsüz ki, ən gözəl zövcə idi. Ən çox ittiham olunan, günahlandırılan, şübhəli bilinən də məhz odur. Qısası, hər şeyin günahkarı Odur...
Bu qadın puşkinşünaslar və Puşkinin bioqrafları arasında o qədər fərqli və bir-birinə zidd dəyərləndirmələrlə xatırlanır ki, onun haqqında müəyyən fikrə gəlmək çətindir.
Ancaq Natalya Qonçarova haqqında yazanların hamısını ilk növbədə onun şairin həyatındakı rolu deyil, ölümündə oynadığı rol maraqlandırır.
Yeri gəlmişkən, bu detektiv əhvalatın təfsilatı hələ də qızğın mübahisələrə səbəb olur. Əslində həqiqət necədir? Budur, düşünməyə ipucu verən bir neçə maraqlı fakt:
Natalya Puşkina Danteslə 24 yaşında, artıq üç uşaq anası ikən tanış olmuşdu. Yəni, guya bu hədsiz dərəcədə işvəkar (geyimi və ya ədaları ilə kişilərin xoşuna gəlməyə çalışan) qadın ərə getdiyi andan həmişə ya hamilə olub, ya da zahı (yenicə doğmuş qadın). Onu yaraşıqlı fransız zabitin diqqətini çəkməkdə günalandırmaq olarmı? Digər tərəfdən Dantesin qayğıkeşliyi, Natalyanın ətrafında dolanması qəsdən nümayişkaranə şəkil alırdı, ərli qadına qarşı ehtiraslı məhəbbət onsuz da diqqətçəkici idi. Puşkinə nifrət etməkdə ad çıxarmış İdaliya Poletikin evində hiyləgərliklə Qonçarova ilə Dantesin görüşü təşkil olunur. Dantes qadını əldə etməyə çalışsa da o, qaçıb qurtula bilir. Bunun ardınca Aleksandr Sergeyeviç və onun tanışlarına həcvlər gəlməyə başlayır. Həcvdə qısqanc ərə “dəyyus (qurumsaq - arvadı tərəfindən aldadılan ər) diplomu” verilir. Həm də işarə edirlər ki, onun sevgili xanımı nəinki təkcə Dantesin, həmçinin çar I Nikolayın da “ehtirasının predmetidir”. Xülasə, ər-arvadı ustalıqla masqaraya qoyurlar.
Bəs bütün bunların arxasında kim dayanır? Ən həqiqətəuyğun versiya odur ki, nə iləsə (amma elə alındı ki, “kim iləsə” oldu) ərli qadın Poletika ilə Dantes arasındakı sevgi macərasını ört-basdır etmək lazım idi. Bir güllə ilə iki dovşan vurmaq qərarına gəldilər: sadəlövh və az təcrübəli Puşkinanı bunca rəzil “xəyanətkar” kimi təqdim edərək ona “badalaq vurmaq” və Poletikanın nifrət etdiyi Puşkini alçaltmaq. Beləliklə, Natalya Nikolayevna dahi şairə layiq olmayan xəyanətkar həyat yoldaşı deyil, yaranmış, daha doğrusu, yaradılmış şəraitin məsum qurbanıdır.
Marina Svetayeva onun haqqında yazırdı: “Yox, onda xoşagəlməz, qüsurlu heç nə yox idi... Yalnız bir şey var idi: gözəllik. Yalnız – gözəllik, sadəcə - gözəllik... Çılpaq gözəllik... Qılınc kimi məhvedici... Elə məhv elədi də...” Natalya – səbəb deyil, yalnız bəhanə idi.
Puşkin ölümqabağı xanımına deyir: “Sənin heç bir günahın yoxdur!” O, həqiqtən də öz “Madaonna”sını, “Muza”sını, “şahzadə”sini, “mələy”ini, “arvad”ını və “həyat”ını sevirdi və baş verənlərdə onu müqəssir bilmirdi. Gəlin, biz də Aleksandr Sergeyeviçin yolu ilə gedərək onun ünvanına hədyanlar yağdırmayaq.