1981-ci ildə and içərək ABŞ prezidentinin səlahiyyətlərinin icrasına başlayandan təxminən bir ay sonra o zamanki Ağ ev rəhbəri Ronald Reyqan və həyat yoldaşı Nensi Reyqan şam yeməyini bitirdikləri vaxt sürprizlə qarşılaşırlar. Prezident və "First Lady”yə qulluq edən ofisiant şam yeməyinin hesabı yazılmış qəbzi onlara təqdim edir. Ağ evin təsərrüffat işlərinə rəhbərlik edən şəxsin ofisiantla göndərdiyi qəbzdə yalnız həmin gün yeyilən yeməyin deyil, son bir ayda Reyqan və xanımının yediyi yeməklərin ümumi hesabı göstərilirdi. Bununla yanaşı qəbzdə yalnız yemək hesabı deyil, son 1 ayda Reyqan ailəsinin şəxsi qonağı olanların hər birinin xərci, quru təmizləmə xidmətindən tutmuş diş fırçası, diş pastası, ətriyyat materiallarına qədər bütün şəxsi istehlak mallarının hesabı qeyd olunmuşdu.
Ağ Evi borc içində tərk edən ailə
Ronald Reyqan hesabın çoxluğundan heyrətlənsə də, offisiantın gətirdiyi qəbzi gülümsəyərək alır və əməkhaqqından tutulmaqla ödənilməsi üçün mühasibatlığa gösətriş verir. Birinci ledi Nensi Reyqan həmin gün baş verənləri sonralar qələmə aldığı xatirələrində "Kimsə bizə prezident və xanımının Ağ Evdə yaşayarkən yedikləri yeməklərə, istifadə etdikləri gündəlik tələbat mallarına görə pul ödəmək məcburiyyətində olduqlarını söyləməmişdi” deyərək yazır. Əslində, ABŞ ictimaiyyətinin böyük əksəriyyəti də bunu bilmirdi. ABŞ-ın 42-ci prezidenti Bill Klintonun həyat yoldaşı Hillari Klintonun bu il nəşr olunan "Hard Choices” (Çətin seçimlər) kitabının təqdimat və imza günlərinin birində "Ağ Evdən ayrılarkən borc içindəydik və pulumuz tükənmişdi” söyləməsi ölkədə geniş əks-səda doğurdu.
Hillari Klinton səkkiz il qaldıqları Ağ köçdükdən sonra Vaşinqton və Nyu-Yorkda kreditlə iki ev aldıqlarını, bankdan götürülən kreditlə qızları Çelsinin Stanford Universitetində təhsil haqqını ödədiklərini söyləmişdi. Xanım Klinton 2001-ci ilin qışında (Bill Klintonun ABŞ prezidenti kimi səlahiyyətlərinin başa çatdığı il-red.) 12 milyon dollar borcu olan bir ailəyə çevrildiklərini dedi. Eks "first lady” borc bataqlığından Bill Klintonun ard-arda nəşr olunan kitablarının, ödənişli mühazirə və çıxışlarının qazandırdığı qonararlar hesabına çıxdıqlarını, son borclarını da 2004-ci ildə ödədiklərini söylədi.
Prezidentin qırılan düyməsi, ayaqqabısının boyası və...
Yaxşı, 8 il ərzində illik ortalama 500 min dollar qazanan və kirayə xərcləri olmayan bir ailə hansı səbəbdən Ağ Evi borc içində tərk etsin? ABŞ prezidentləri Ağ Evə kirayə haqqı ödəmirlər amma bundan xaric hər şey maaşlarından kəsilir. Ağ Ev ABŞ prezidentləri üçün təsis olunmuş qonaq evidir. Orada 4 ya da 8 ilini keçirmək məcburiyyətində olan hər ailə özlərinin və fərdi qonaqlarının bütün xərclərini qarşılamalıdır. Yalnız rəsmi qonaqların qəbul xərclərini ABŞ vergi ödəyiciləri ödəyir. Geri qalan şəxsi mətbəx xərcləri, xidmət və istehlak mallarının ödənişi prezident və ailəsinə aiddir. Prezident paltarlarının quru təmizləmə haqqını da özü ödəməlidir. İtirdiyi düyməsinin yerinə alınacaq yenisinin də, ayaqqabılarının boya və ipini də öz hesabına alır. Ağ Evin prezident və ailəsinin qaldığı hissəsindəki xadimə, ofisiant və digər xidmətçilər çalışdıqları saat hesabına görə maaş alır. Prezident bu xərcləri də öz maaşından ödəməlidir. Qısası kirayə və enerji xərcləri xaric bütün ödnişlər prezidentin kisəsindən gedir.
ABŞ monarxiya, Ağ Ev isə monarx sarayı deyil
Çünki, ABŞ monarxiya deyil, bir respublikadır. Ağ Ev monarx sarayı deyil, bir evdir. Zatən, amerikalılar Ağ Evə saray demirlər. Vaşinqtonda "1600 Pennsylvania Avenue”' ünvanında yerləşən dünyanın bu ən məşhur evi Ağ Evdir (White House). Və kimsə ABŞ prezidenti seçildiyi üçün dövlətin pulunu istədiyi kimi xərcləyə bilməz. Yalnız Ağ Ev daxilində deyil, hər yerdə prezident özü əlini cibinə salmalıdır. ABŞ prezidenti şəhərxarici tətil xərclərini, həftə sonlarını keçirmək istədiyində Kemp Deviddəki istirahət evinin həftəsonu xərclərini öz cibindən ödəmək məcburiyyətindədir. Məsələn, prezident ABŞ prezident təyyarəsinə rəsmi nümayəndə heyətinə daxil olmayan bir nəfər belə (hətta qardaşını da) mindirərsə bunun pulunu da dövlətə ödəməlidir. Bunun dəyəri isə adi sərnişin təyyarəsinin "biznes klas”ı miqdarındadır.
Dünyanın ən məşhur evi, yoxsa 5 ulduzlu otel?
Cerald Forddan kiçik Corc Buşa qədər 6 prezident dövründə Ağ Evin baş təsərrüffatçısı olmuş olmuş Qary Uoltersin dediyinə görə, prezident və ailəsi Ağ Evin 4 və ya 8 illik icarə müqaviləsinə sahib kirayənişinləridir. İstədiklər yeməklər bişirilir, məhsullar istədikləri markalardan seçilir amma pulunu amerikan xalqı deyil, prezident və ailəsi öz maaşlarından ödəyir. Və təbii olaraq qiymətin yüksəkliyinə alışmaları zaman tələb edir. Çünki prezident və ailələrinə göstərilən xidmət 5 ulduzlu otel keyfiyyətində olduğu kimi prezidentin bunlar üçün ödəyəcəyi pul da 5 ulduzlu otel qiymətləri səviyyəsindədir. Uolters "yemək, xidmət və malların bahalı olduğundan şikayətlənməyən birinci ailə ("first family”) xatırlamıram” deyir. Uolters xatırlayır ki, qiymətlərin bahalığından şikayətlənən və bunu qəbul etməsi üçün uzun müddət gözləməli olduqları ailə Cimmi Karterin ailəsi olub. Çünki onun xanımı Rozalin Karter Vaşinqtondan öncə yaşadıqları Atlanta şəhərində qiymətlərin ucuz olduğunu tez-tez xatırladaraq Ağ Evdəki bahalığa uzun müddət alışa bilməyib. "First Lady”nin şikayət və etirazları qiymətlərin aşağı salınmasına kifayət etməyib.
Bahalıqdan şikayətlənən "First Lady”lər
Ağ Evə yaşadıqları müddət ərzində bütün birinci xanımlar qiymətlərin bahalığından şikayətçi olublar. Kiçik Corc Buşun xanımı Lora Buş da qələmə aldığı xatirələrində Ağ Evdə yaşamanın nə qədər bahalı olduğundan bəhs edir. Onu ən çox dilə gətirən mövzulardan biri də dövləti təmsil edəcəyi mərasimlərə gedərkən belə hər gün saçlarını düzəldən bərbərə ödənişi özünün ödəməsidir. Xanım Buş kitabında hesabın aylıq gəldiyini, prezident ilə həyat yoldaşı və iki qızının bütün yeməklərinin, istifadə etdikləri malların, quru təmizləmə də daxil olmaqla, bütün xidmətlərin, ofissiantların və digər xidmətçilərin saat başına düşən əmək haqqlarının, şəxsi qonaqların bütün məsrəflərinin həmin qəbzdə göstərildiyini yazır. "Hesablarda ağzımı açaraq baxdığım rəqəmlər vardı” deyə yazan Lora Buş belə davam edir: "Ölkənin birinci xanımı olaraq geyəcəyim paltarların xüsusi dizayn olması gərəkdiyində paltarın haqqını və dizayner ödənişi də mənim hesabıma idi”.
Ən lüks sosial yardım iqamətgahı
ABŞ prezidentlərinin maaşına ən son 1999-cu ildə artım edilib. Hazırda ABŞ prezidentinin illik maaşı 400 min dollar civarındadır. Bundan əlavə də 50 min dollar vəzifə təzminatı ödənilir. Prezident aldığı hər iki məvacibə görə gəlir vergisini ödəmək məcburiyyətindədir. Bunlardan əlavə prezidentin gəzintiləri üçün, vergidən azad illik 100 min dollar xərclik ödənilir. Ancaq, Ağ Evdə yaşam qiymətini düşündükdə prezident maaşının az qala hamısını aylıq xərclərə getdiyini təsəvvür etmək çətin deyil. Yəni, əlavə gəliri olmayan prezident Ağ Evdə "ayı-aya calamaq” məcburiyyətindədir. Bəlkə də buna görə prezident Cerald Ford Ağ Evi "Bu günə qədər gördüyüm ən lüks sosial yardım iqamətgahı” deyə adlandırıb.
Böyük dövlətin pezidentinin kiçik iqamətgahı
Ağ Ev əslində bir kompeksdir. Eyni anda həm mənzil, həm muzey həm də dövlət idarəsidir. ABŞ-ın dünyanın super gücü olmasına baxmayaraq, Ağ Ev dünyadakı ən böyük prezident iqamətgahı deyil. Əksinə böyük dövlətlər içərisində ən kiçik prezident iqamətgahlarından biridir. "XVII əsrdə 13 koloniyalı dövlət üçün inşa edilib. Bu gün isə dünya lideriyik. Buna görə də daha böyük bir saray tikək” deyən prezident olmayıb. Kimsənin ağılına belə bir şey gəlməz. Çünki Ağ Ev ABŞ demokratiyasının davamlılığının simvoludur. Ağ Ev ABŞ cəmiyyətindən təcrid olunan yer də deyil.
Yaxşı dekorasiya olunmuş həbsxana
Dünyada içində prezidentin yaşadığı halda xalqın ziyarətinə açıq olan tək prezident iqamətgahıdır. Çünki Amerika tarixinin ən əhəmiyyətli mədəniyyət muzeyidir. Həftəlik ortalama ziyarətçi sayı 30 mindir. Prezidentin pəncərəsindən bir neçə on metr uzaqlıqdakı bağçanın önü isə ABŞ-ın ən məşhur nümayiş və etiraz yeridir. Ağ Ev prezidentlər üçün qalıcı bir dəbdəbə və kef sarayı deyil, müvəqqəti sığınma və xidmət yeridir. Prezident Truman isə Ağ Evi xaricdən çox dəbdəbəli görünən həbsxana ablandırırdı. Ronald Reyqan isə buradakı illər ərzində özünü davamlı olaraq bir akvarium balığı kimi hiss etdiyini söyləyirdi. Hazırki "first lady” Mişel Obama da Ağ Evi çox yaxşı dekorasiya edilmiş həbsxana adıandırıb. Bu evə prezident və ailəsi bir icarədar kimi gələr və gedər. Mülk sahibi Amerikan xalqı və demokratiyasıdır