Məhərrəm ayından sonra toy məclislərində islahatların icrasına başlanacaq. Şadlıq saraylarının vətəndaşların sifarişi əsasında menyunu tərtib etməsi nəzərdə tutulub.
Bu məlumatları Axar.az-a verən restoran sahiblərindən birinin sözlərinə görə, artıq onlara xəbərdarlıq olunub. Bu göstərişə əsasən, şadlıq sarayları toy edən vətəndaşların istəyi ilə süfrə hazırlamalıdır.
Ancaq sahibkar ümid etmir ki, qiymətlərdə ciddi dəyişiklik olacaq. Çünki istər-istəməz menyu azı 30-32 manat civarında olacaq.
Qeyd edək ki, toy mərasimlərində israfçılığa qarşı rəsmən mübarizə tədbirlərinə start verilməsi restoran sahiblərini təşvişə salıb. Artıq israfçılıq edən şadlıq evlərinə cərimə tətbiq olunacağı haqda Axar.az-ın yazdıqları təsdiqlənib.
Şadlıq saraylarına 3-4 min manat civarında cəza kəsiləcəyini yazmışdıq. Oktyabrın 20-də Qafqaz Müsəlmanlar İdarəsinin, ardınca İqtisadiyyat və Sənaye Nazirliyinin yaydığı məlumatlar da yazdıqlarımızın rəsmi təsdiqi hesab oluna bilər.
Nazirliyin məlumatında deyilir ki, məclislərin təşkili zamanı hüquqlarınızı pozan, o cümlədən sizi əlavə çeşiddə mal və ya xidmət almağa məcbur etməyə cəhd edən şadlıq evləri barədə 498-15-01 və ya 498-15-04 saylı telefonlarla İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və ya 195-2 telefon nömrəsi ilə Nazirliyin Telefon Məlumat Mərkəzinə müraciət etməyiniz xahiş olunur.