“Sözün həqiqi mənasında bu dəqiqə Dərbənddə millətçilik və şovinizm siyasəti yürüdülür”.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli söyləyib. O, Abbas Abbasovun Abdullatipovun Qurban Qurbanovun vəzifədən çıxarılmasında mühüm rol oynadığını deyib:
“Kremlin istəyi olmasaydı, Abdullatipov azərbaycalılar arasında böyük hörməti olan və atası da bir zamanlar Dərbəndə rəhbərlik etmiş Qurban Qurbanovu vəzifədən çıxartmazdı. Əvvəllər Dərbənd sırf azərbaycanlılardan ibarət idi. Burada sonradan xeyli ləzgi və avar yerləşdirilib. İndi gətirilən yeni rəhbərin özü də avardır. Sözün həqiqi mənasında Dərbənddə bu dəqiqə millətçilik və şovinizm siyasəti yürüdülür. Bu şovinizm siyasəti Rusiyanın Qafqazdakı maraqlarına qulluq edən bir addımdır. Heyflər olsun ki, bu prosesdə Abbas Abbasov da iştirak edir. Abbas Abbasov və Ramazan Abdullatipov Milyarderlər İttifaqının üzvüdürlər. Bunların arasında ciddi iqtisadi və dostluq əlaqələrinin olduğu məlumdur. Belə bir zamanda Abbas Abbasov millətini sevirdisə, Azərbaycana canı və qanıyla bağlı olan Qurban Qurbanovun vəzifədən kənarlaşdırılmasının qarşısını alardı. Buna onun gücü də çatardı. O isə əksinə, Abdullatipovu Qurban Qurbanovun üstünə qızışdıran adamlardan biridir. Ona görə ki, onların Qurbanov qardaşlarının biznes strukturlarının, həmçinin Dərbənddə torpaq və dövlətdən qalma digər torpaq məsələlərinin bölüşdürülməsində razılığa gəlmələri haqqında məlumatlar var”.
Politoloq Azərbaycanın indiyə qədər Dərbəndə kifayət qədər çox investisiya yatırdığını bildirib:
“Amma diqqəti çəkən digər bir məqam var ki, Azərbaycan Dərbəndin infrastrukturunun qurulmasına, orada mədəni obyektlərin tikilməsinə təxminən 120 milyon civarında investisiya yatırıb. İş o yerə çatıb ki, ləzgi millətçiləri tərəfindən burada hətta Heydər Əliyevin heykəlinin başqa yerə köçürülməsi ilə bağlı fikirlər də səsləndirilir. Qurban Qurbanov oradakı azərbaycanlıların və Azərbaycanın maraqlarının müdafiəçisi idi. Görünür, Qurban Qurbanovun istefası ilə Rusiya Dərbənddən vaxtilə Ermənistan və Gürcüstanda etdiyi kimi, azərbaycanlıların sıxışdırılması prosesinə başlayıb. Bu proses deportasiya formasını almasa yaxşıdır.
Azərbaycan dövlətinin ciddi müqaviməti olmasa və bu məsələ lazım gəlsə, beynəlxalq müstəviyə çıxarılmasa, Abdullatipov kimi şəxslər bu işi də Rusiyanın barmağı ilə həyata keçirəcəklər. Mənə elə gəlir ki, azərbaycanlı ziyalılar “Dərbənddən əlini çək” şüarı altında aksiyalara başlamalı və Rusiyanın Dərbənddə yürüdəcəyi avantürist siyasətin qarşısını indidən almağa çalışmalıdırlar”.