Müsavat Partiyasının sədri İsa Qəmbər mitinq keçirmək barədə təkliflə çıxış edib. İ.Qəmbər bildirib ki, əgər digər qüvvələr də bu haqda düşünsələr və mövqelərini ifadə etsələr, böyük bir mitinq keçirmək olar.
Milli Şura sədri Cəmil Həsənli açıqlamasında MŞ-nın mitinq haqda mövqeyini açıqlayıb: “Biz Koordinasiya Mərkəzinin iclasında bu məsələni dəyərləndirəcəyik. İclası sabah keçirməyi planlaşdırmışdıq. Bizim iclas Leyla Yunusun ofisində olmalı idi. Onun hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanması ilə bağlı fərqli bir situasiya yarandı. Hər halda biz hansısa formada münasibət bildirəcəyik”.
Müsavat Partiyası sədrinin müavini Gülağa Aslanlı Hafta.az-a açıqlamasında mitinq keçirmək barədə qərarın qəti olduğunu bildirdi: “Partiyada bu barədə müzakirələr davam edir. Hələ konkret tarix müəyyənləşdirməkdə çətinlik çəkirik. Mitinq növbəti həftədə olmaya da bilər. Mitinq olacaq. Amma gün məsələsi dəqiqləşdirilməyib. Tələb əsasən həbs olunan siyasilərin azadlığa buraxılması olacaq”.