Ukraynanın sabiq rəhbəri son illər baş qaldıran sovet nostaljisinin əsas körükləyəninin Rusiya prezidenti Vladimir Putin olduğunu deyir
Azərbaycan jurnalistləri “Qarabağ”a dəstək qrupunda yer alaraq, “Dnepr”-“Qarabağ” oyununu izləmək üçün Ukraynanın paytaxtı Kiyev şəhərində olublar. Fürsətdən yararlanaraq, bu şəhərdəki Azərbaycan diasporunun ağsaqqallarından biri olan iş adamı Firudin Məmmədovun köməyi ilə Ukraynanın sabiq dövlət başçısı Leonid Makaroviç Kravçukla görüşdük.
Öncə onu deyək ki, F.Məmmədov bu görüşü təşkil edərkən, bir neçə dəfə Kravçukun köməkçiləri ilə, bir dəfə də sabiq prezidentin özü ilə əlaqə saxladı. Qulaq müsafiri olduğumuz bütün telefon danışıqları onu göstərirdi ki, burada həmyerlimizin böyük hörməti var. Bunu Firudin müəllimin müşayiəti ilə Kravçukun ofisinə daxil olanda bilavasitə hiss etdik; bütün qapılar üzümüzə açıldı, bizi heç yerdə yoxlamadılar.
İçəri girəndə Leonid Makaroviç Kravçuk yerində qalxdı, bizə qarşı gəldi, əvvəlcə Firudin müəllimlə qucaqlaşıb öpüşdü, sonra bizimlə görüşdü və həmyerlimizi bizə belə təqdim etdi: “Siz bunu yaxşı yanıyırsınızmı? Bu, Ukraynada 1 nömrəli azərbaycanlıdır, hamının ağsaqqalıdır, 75 yaşı var, amma baxın necə gümrahdır”.
Bizim əslində 65 yaş verdiyimiz Firudin müəllim də onun 81 yaşında olduğunu vurğuladı (sonradan o, əlavə etdi ki, Makarıç bu yaşında azyaşlı övlad sahibidir), yüngülcə zarafatlaşdılar və üzbəüz oturduq. Sabiq prezident “buyurun” dedi və mən öncədən hazırladığm sualı bloknotuma baxaraq səsləndirməzdən öncə o, məhz həmin suala cavab verməyə başladı.
Bizim ilk sualımız beləydi:
- Keçmiş dövlət başçısı kimi, Ukrayna ilə Azərbaycanın indiki münasibətlərini necə qiymətləndirirsiniz?
- Azərbaycanla Ukraynanın arasındakı hazırkı münasibətləri, əlaqələri, əməkdaşlığı olduqca müsbət qiymətləndirirəm. Əslində bu iki ölkə arasında heç vaxt hansısa anlaşılmazlıq, konflikt, gərginlik olmayıb. Kimliklərindən asılı olmayaraq Azərbaycan rəhbərləri ilə Ukrayna rəhbərləri həmişə həmrəyliyə, əməkdaşlığa, anlaşmağa çalışıblar və buna müvəffəq olublar. İstər SSRİ dövründə, istərsə də MDB çərçivəsində həmişə belə olub.
Şəxsən özüm Ukraynanın rəhbəri olanda Azərbaycana əlimdən gələn hər köməyi etmişəm. O zaman ağır illər idi, insanlar məhrumiyyət, hətta aclıq çəkirdilər. O zaman mənim göstərişimlə Azərbaycana 150 min ton un göndərildi, Azərbaycan da bizə meyvə-tərəvəz verirdi, ciddi qarşılılıqlı iqtisadi əlaqələrimiz vardı. Xatırlayıram ki, Mütəllibovun dövründə kompartiyanın ikinci katibi olan Viktor Polyaniçko Ukraynaya gəldi, bu görüşdə iştirak edən Məmmədovun vasitəsilə mənimlə görüşdü və ölkənin üzləşdiyi problemləri dilə gətirərək yardım istədi. O zaman biz qardaş Azərbaycan xalqından əlimizdə olan şeyləri əsirgəmədik.
Hazırda da o münasibətlərin qalmasından, hələ bir az da inkişaf etməsindən çox məmnunam.
Dostlarımın arasında azərbaycanlılar çoxdur, onların başında da Firudin Məmmədov və Rövşən Tağıyev gəlir. Azərbaycan səfirliyi ilə də ünsiyyətim var.
Haşiyə: İkinci sual olaraq nəzərdə tutmuşduq ki, vaxtilə SSRİ-ni idarə edən adamlardan biri olan Leonid Kravçuka Heydər Əliyev barədə də sual verim. Ancaq o bu dəfə də sualın səsləndirilməsini gözləmədən cavab verməyə başladı. Bizə elə göründü ki, saçını siyasətdə ağartmış bu müdrik şəxsiyyət jurnalistin sözü hardan başlayıb hara gətirəcəyini yaxşı bilir.
Leonid Makarıça verdiyimiz növbəti sual belə olacaqdı:
- Cənab Kravçuk, biz bilirik ki, siz hələ sovet dövründən Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevlə tanış olmusunuz. 1993-94-cü illərdə də sıx şəkildə əməkdaşlıq etmisiniz. H.Əliyevi siyasi xadum kimi necə xatırlayırsınız və onun oğlu İlham Əliyevlə tanışlığınız, münasibətiniz varmı?
- Bəli, biz hələ sovet dövründən tanış idik. O zaman Sovet İttifaqı Komunist Partiyasının qurultayında birlikdə iştirak edir, eyni komissiyalarda çalışırdıq. Mən hər zaman diqqət edirdim ki, Heydər Əliyeviç çalışqan və diqqətli bir siyasi xadimdir. Dövlət müstəqilliyinizin ilk illərində onun dövlət xadimi olaraq gördüyü işləri danmaq olmaz. Bilirsiniz ki, regionda yeni müstəqil dövlətlərin güclənməsini istəməyən, buna hər vəchlə mane olmağa çalışan qüvvələr vardı və yenə də var. O illərdə o qüvvələrin məkrli planlarının qarşısında durmaq çox çətin idi, ancaq Əliyev bunu bacardı. Ona görə də mən onu bacarıqlı, müdrik siyasi şəxsiyyət kimi xatırlayıram.
Heydər Əliyevin oğlu İlham Əliyevə gəlincə isə, onunla şəxsi tanışlığımız yoxdur, yalnız telefon vasitəsilə ünsiyyətimiz olub. Amma güman edirəm ki, biz gələn ilin aprelində görüşəcəyik. O zaman Bakıda keçmiş dövlət adamlarının beynəlxalq konfransı keçirilməlidir. Məni də dəvət ediblər və orada iştirak etməyi planlaşdırıram. Bildiyimə görə, İlham Əliyev konfransdan öncə konfrans iştirakçılarının bir qrupu ilə görüşəcək.
II haşiyə: Üçüncü sualımızda isə, deyəsən, biz Leonid Makaroviçi bir az şaşırtdıq. Bununla belə, o, bu suala da həvəslə cavab verdi.
Sual beləydi: - Cənab Kravçuk, Rusiya mətbuatında sizi Belorusiyanın sabiq rəhbəri Stanislav Şuşkeviç və Rusiyanın sabiq lideri Boris Yeltsinlə birlikdə “SSRİ-nin qəbirqazanı” adlandırırlar. Bu adı qoyanlar sizin digər liderlərlə birlikdə Belovejsk meşəsində qəbul etdiyiniz qərarla SSRİ-nin varlığına son qoymağınızı nəzərdə tuturlar. Son vaxtlaar bu kimi söhbətlər xeyli artıb. Sizcə, SSRİ-nin çöküşü qaçılmaz tarixi qanunauyğunluq idi, yoxsa bu məsələdə insan faktoru öz neqativ rolunu oynadı?
- Bəli, SSRİ-ni biz gömdük. Bu, bir tarixi qanunauyğunluq idi, qaçılmaz sonluq idi. SSRİ öz ömrünü yaşayıb başa vurmuşdu və ya süqut etməliydi, ya içindən, tutarlı şəkildə yenilənməliydi. Ancaq bu dövlətin yenidən qurulması mümkün olmadı. Ola da bilməzdi. Ona görə ki, sovet dövləti öz mövcudiyyətini qan-qada, repressiyalar, təqib-təzyiqlər üzərində qurmuşdu, daima zora söykənirdi. Milli respublikaların hüquqları pozulurdu, ciddi mərkəzçilik rejimi hökm sürürdü, müttəfiq respublikaların suverenliyi formal xarakter daşıyırdı, mərkəzi hakimiyyət zaman-zaman ayrı-ayrı xalqları bütöv çəkildə cəzalandırırdı, sürgün edirdi, acından öldürürdü. Yəqin ki, 30-cu illərdə Ukraynada həyata keçirilmiş müdhiş antimilli siyasətin nəticəsində Qolodomor adlanan kütləvi aclıq barəsində bilirsiniz. O illərdə aclıqdan 11 milyon insan ölüb.
Ancaq ötən əsrin 80-ci illərinin sonunda ortaya çıxdı ki, SSRİ-ni həmin repressiv tədbirlərlə, inzibati-amirlik sistemiylə yaşatmaq mümkün olmayacaq. Artıq mərkəzi hakimiyyətin siyasətinə yerlərdə ciddi etirazlar vardı. Onlar mitinqlər, yürüşlər keçirir, haqlarını tələb edirdilər, Kreml isə onlara silah tətbiq etməyi, etiraz nümayişlərini zorla yatırmağı düşünürdü.
Belə olduqda 1991-ci ilin sonundaYeltsin, Şuşkeviç və mə n Belovejsk meşəsində görüşərək, uzun müzakirələr apardıq və dövlətin varlığına son qoyduq.
Son illər isə qəribə bir sovet nostaljisi baş qaldırıb. Bunu əsas körükləyən şəxs Rusiya prezidenti Vladimir Putindir. Putin hey geriyə baxır və sovet dövlətini dirçəltməyi düşünür. Ona və sovet dövlətinin ideal quruluş olması barədə əfsanələrə inananlar da var. Amma hamı bilməlidir ki, sovet dövlətinin ədalətli olması da, o zamanlar hər yerdə firavanlığın hökm sürməsi barədə deyilənlər nağıldır. İndiki gənclər bilməyə bilər, amma o günləri görən yaşlı adamlar hökm sürən haqsızlıq, qıtlıq, kasıblıq barədə də geniş danışa bilərlər.
Bu baxımdan SSRİ-nin dağılması qaçılmaz idi, zərurət idi. Necə olmalıydısa, elə oldu.
- Bəs yerində nə quruldu?
- Bax, bu başqa məsələdir. Biz SSRİ-nin yerində hələlik ondan daha yaxşısını qura bilməmişik. SSRİ-ni basdırandan sonra daha firavan, daha təhlükəsiz, daha demokratik bir dövlət quurlmalıydı. Hələlik bu, baş verməyib. Dövlətin, cəmiyyətin, iqtisadiyyatın idarə edilməsində ciddi problemlər var. Haqsızlıq hökm sürür, heç də hər şey bərabər bölünməyib, həddən artıq varlı adamlar və həddən artıq kasıblamış adamlar mövcuddur. Amma bu o demək deyil ki, biz keçmişə boylanaq və bütün pisliklərini bildiyimiz imperiyanı yenidən dirçəltməyə çalışaq. Bilirəm ki, hazırda ukraynalılar sovet dövründəkindən pis yaşamırlar. Eləcə də hesab etmirəm ki, SSRİ dağılmasaydı, azərbaycanlılar indi yaşadıqlarından pis yaşayardılar. Əksinə, əminəm ki, SSRİ dağılmasaydı, hər iki xalq, eləcə də başqaları daha da acınacaqlı durumda olardılar. Hazırda MDB məkanında baş verən hərbi münaqişələrin hamsı SSRİ dövründən qalmadır. O müharibələr olmasa, Ukrayna da, Azərbaycan da qat-qat yaxşı durumda olardı.