Xaləddin İsgəndərov tikinti və söküntü biznesi

26-10-2014, 15:58   
Xaləddin İsgəndərov tikinti və söküntü biznesi
Binəqədi rayon icra başçısının "Vergi sistemi” təkcə tikinti sahəsində yox, həm də söküntü sahəsində də vətəndaşların başı üzərindən demokl qılıncı kimi asılmışdır

Bölgə-bölgə,mahal-mahal parçalanaraq məmurlar arasında bölüşdürülən Azərbaycanda artıq qohumlardan, qudalardan ibarət bir hakimiyyətin formalaşdığı, qanunların kasıblar üçün yazıldığı, hər şeyin pulla həll olunduğu bir reallıqdır. Məmur özbaşnalıqlarının pik həddə çatması artıq hakimiyyətin yuxarı eşalonlarında belə etiraf olunur. Məhz prezidentin dəfələrlə müxtəlif toplantılarda verdiyi mesajlar, etdiyi xəbərdarlıqlar, barmaq silkələmələri buna misal ola bilər. Bu gün ölkədə rüşvət və korrupsiyanın "quluna” çevrilmiş bir qrup məmur oliqarxın "ağalıq” dövrüdür. Eyni zamanda qeyd etdiyimiz kimi, hakimiyyət daxili qohumluq münasibətlərinin genişlənməsi sırf tayfa, klan rejiminin qol-qanad açmasına şərait yaratmışdır.
Müxtəlif yollarla külli miqdarda büdcə vəsaitini talan etməklə milyardlara sahib olan məmurlar idarə etdikləri sahələri şəxsi müəssisəsinə çevirərək insanlara qan uddururlar. Azərbaycanda qanunsuzluğun regionu, rayonu yoxdur. Hər yer eyni vəziyyətdədir, sadəcə müqayisə aparmaq üçün məmurların adını dəyişmək lazımdır. Necə deyərlər məmurların adını dəyişməklə qanunsuzluq dəyişməz.
Ölkəmizin "sürətlə” inkişaf edən ərazilərindən biri də Binəqədi rayonudur. Binəqədi rayonunun problemləri, buradakı məmur özbaşnalıqları bütün ölkədə məhşuri-cahandır. Rayondakə mənbələrdən cumhuriyyet.az-a daxil olan məlumata görə vergilər naziri Fazil Məmmədovun yaxın qohumu olan, onun xeyir-duası ilə təyinat alan Xaləddin İsgəndərov və onun komandası tərəfindən Binəqədi əməlli başlı özəlləşdirilərək yaxşı gəlir verən bir "toçkaya” çevrilib. Əvvəllər vergi sistemində çalışdığı üçün (İB təyinatına qədər Bakı şəhəri Vergilər Departamentinin rəis müavini olmuşdur) X.İsgəndərov rayonda özünəməxsus "vergi şəbəkəsi” formalaşdırmaqla istər dövlət müəssisələrində, istərsə də özəl sektorda şəxsi qanunlarını tətbiq etməyi bacarmışdır. Rayonda abadlıq-quruculuq işlərinin aparılması üçün büdcədən külli miqdarda vəsaitin ayrılmasına baxmayaraq görülmüş kosmetik xarakterli işlər yerli sahibkarlardan, idarə və müəssisələrdən qanunsuz olaraq toplanmış vəsait hesabına aparılmışdır. Rayon ərazisində fəaliyyət göstərən sahibkarların fəaliyyəti dözülməz dərəcədə pisləşmişdir. Vaxtaşırı müxtəlif adlarla onlardan toplanan qanunsuz vəsaitlər iş adamlarının fəaliyyətini iflic etmişdir .Əsasən təmir işlərinin görülməsi adıyla sahibkarlar "aylığa” oturdulublar. Əslində isə rayon ərazisində ciddi bir iş görülmür, yalnız daha çox maxinasiya aparmaq mümkün olan başdansovdu kosmetik işlər aparılır. X.İsgəndərov yolların kənarlarında süni torpaq təpəciklər ucaltmaqla əslində problemlər girdabında boğulan Binəqədi ərazisini sanki "gizlətmək” istəyir.Üstü yaşıl qazonla örtülmüş, dekorativ ağaclarla bəzədilmiş bu gözoxşayan təpəciklərin arxasında isə lilin, palçığın içində zülüm çəkən, haqqı-hüququ tapdalanan sadə binəqədililərin acı taleyi görünməz olur. Rayonun qəsəbələrinin demək olar ki, hamısında sosial problemlər baş alıb gedir. Qəsəbələrdə insanların yaşayışı üçün vacib olan infrostrukturun demək olar ki, hamısı sakinlərin şəxsi təşəbbüsü və vəsaiti hesabına yaradılmışdır. Qəsəbədaxili yollar yağış və ya qar yağanda cəngəlliyi xatırladaraq keçilməz olur. Rayonun 28 May qəsəbəsində vəziyyət daha acınacaqlıdır. Bu yaxınlarda "yaşıl təpələr” arxasında gizlədilən qəsəbənin yolları dəhşətli dərəcədə pis vəziyyətdədir. Qəsəbənin əksər hissələrində kanalizasiya xətləri yoxdur, insanlar çirkab və ifunət içərisində yaşamağa məcburdurlar. Son günlər havaların yağmurlu keçməsi ilə əlaqədar olaraq 28 May qəsəbə sakinlərinin vəziyyəti daha da acınacaqlı hala düşüb. Yolların bərbad vəziyyətdə olmasından bütün qar sular həyətlərə dolaraq sakinlərin həyayını cəhənnəmə döndərib.Bəzi ərazilərdə sakinlər öz vəsaitləri hesabına yollara daş-çınqıl töksələr də, plansız görülən bu işlər yolları daha da bərbad vəziyyətə qoymuşdur.Bu günkü acınacaqlı görkəmiylə paytaxtın beş addımlığında yerləşən 28 May qəsəbəsi Azərbaycanın "sürətli inkişafının” simvoluna çevrilib.
Lakin hamıya məlumdur ki,gözdən-könüldən iraq düşmüş, unudulmuş bu qəsəbələrdə heç kimin illərlə yaşadığı həyət-bacasında daşı daş üstünə qoymağa ixtiyarı yoxdur.Dərhal X.İsgəndərovun qolu zorlu adamları dəstəylə həmin binəvanın başının üstünü kəsdirib hədə-qorxuyla,zorla pul tələb etməyə başlayırlar.Sakinlərin dərdini demək üçün axtardıqlarında tapılmaz olan yerli bələdiyyə,icra,polis əməkdaşları tikinti aparılacaq ərazini mühasirəyə alır,tələb olunan vəsaiti almayana qədər tikintiyə imkan vermirlər. Binəqədi rayon ərazisində,qəsəbələrdə yerindən asılı olaraq tikinti tikmək üçün 2 min manatdan 10 min manata qədər,bəzən isə daha artıq vəsait tələb olunur. Tikilən evin bir və ya iki mərtəbəli olmasının da qiymətə böyük təsiri vardır.Bu gü Binəqədi rayonunda ən gəlirli sahələrdən biri məhz bu "tikinti sektorudur”. Bu yolla hər il milyonlarla vəsaitin mənimsənilməsinə baxmayaraq qəsəbələrdə ən adi məişət problemlərinin həlli istiqamətində heç bir addım atılmır.Görəsən toyuq hini tikmək istəyən vətəndaşdan bir göz qırpımında xəbər tutan vəzifə sahibləri qəsəbələrin dəhşətli vəziyyətini görmürlərmi?Heç olmazsa əhalidən qanunsuz olaraq zorla toplanan vəsaitin cüzi bir hissəsi qəsəbələrin sosial-iqtisadi inkişafına sərf olunsaydı indi buralar əməlli-başlı göz oxşayardı.Lakin tikinti qiymətləri gündən-günə artsa da qəsəbələrin acınacaqlı vəziyyəti dəyişmir ki,dəyişmir.Özü də sabiq icra başçısının vaxtında bu qiymətlər dəfələrlə ucuz olsa da X.İsgəndərovun "qayğısı” nəticəsində indi kasıb təbəqə üçün əlçatmaz həddə çatmışdır.
X.İsgəndərovun "Vergi sistemi” təkcə tikinti sahəsində yox, həm də söküntü sahəsində də vətəndaşların başı üzərindən demokl qılıncı kimi asılmışdır. Məlumatlara görə, icra hakimiyyəti tərəfindən himayə olunan xüsusi qrup insanlar vətəndaşlara hədə-qorxu gələrək evlərinin qanunsuz tikildiyini iddia edərək söküləcəyi ilə hədələyir, əvəzində isə bir mərtəbəli evlər üçün 5 min manat, iki mərtəbəli evlər üçünsə 10 min manat vəsait tələb edirlər.Tələb olunan pulu verməyən sakinlərsə incidilərək təhqir olunur, evləri başlarına uçurulur. Bu məsələ bir müddət öncə böyük səs-küyə səbəb olduğu üçün İcra başçısı özünü qorumaq üçün müavinlərindən birini qurban verərək zərbədən yan keçmişdi.
Rayonun bütün qəsəbə və kəndlərində vəziyyət demək olar ki,eynidir.hər yerdə eyni qanunsuzluqlar,sosial-iqtisadi problemlər hökm sürür.Fəaliyyətində yalnız daha çox sərvət sahibi olmağı əsas prinsip hesab edən məmurların fəaliyyəti nəticəsində bu gün Binəqədi problemlərin məngənəsində çırpınır.Su,işıq,qaz,gündəlik məişət problemləri əhalini çətin duruma salmışdır.
Lakin,rayon rəhbərliyi insanların problemlərini həll etmək əvəzinə, onların vəziyyətini daha da acınacaqlı vəziyyətə gətirirlər. Prezidentin məmurların öz işlərinə daha da məsuliyyətlə yanaşmaları barədə, insanları incitməmələri ilə bağlı verdiyi göstərişlərə isə məmurların verdiyi reaksiyalarsa bunun tam əksini göstərir.X.İsgəndərovun Binəqədidə yaratdığı şahlıq rejimi bunu deməyə əsas verir. Dolaşan məlumatlara görə, yaxın qohumu Fazil Məmmədovun dəstəyi ilə Bakı merı olmağa iddialı olan X.İsgəndərov bu istiqamətdə xeyli çaba sərf etməkdədir.Yəqin ki,onun bütün Binəqədinin dağ kimi qalaqlanmış problemlərini "yaşıl təpəciklər” arxasında gizlətmək cəhdi də bundan irəli gəlir.Yəqin ki,X,İsgəndərov Bakının meri olmaq istəyini reallaşdırarsa, onda Hacıbala müəllimin kaktus siyasətini "torpaq təpələr” siyasəti əvəz edəcəkdir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.