Leyla Yunusun saxlanmasında İbrahimbəyov izi?

29-04-2014, 18:35   
Leyla Yunusun saxlanmasında İbrahimbəyov izi?
Leyla Yunusu Rüstəm İbrahimbəyovun namizədliyini dəstəklədiyinə görə, həm də israrla dəstəklədiyinə görə cəzalandırmaları mənə daha inandırıcı görünür. Çünki Leyla xanımın ermənilərlə ortaq layihələrdə olması təzə xəbər deyil və bu layihələrin necə böyük beynəlxalq təşkilatlara aid olduğunu Rauf Mirqədirovun həbsindən az sonra Leyla xanım xüsusilə vurğulamışdı. Demək istəmişdi ki, hakimiyyət bu layihələrdən xəbərdardı, o təşkilatlarla əməkdaşlıq durumundadı və deməli, özü də bu işin içindədi.

Doğrudan da, bu layihələr həqiqətən də hakimiyyətin razılığı və hətta dəstəyi ilə reallaşdırılır, çünki bəlli dönəmlərdə xalq diplomatiyası ideyasından istifadə eləmək İlham Əliyevin də işinə yarayır. Əksinə olsaydı, yəni ermənilərlə mənasız dialoqlar, Azərbaycan xalqını işğalla razılaşdırmağa hesablanmış dostyana müzakirələr Qarabağı qaytarmaq şansına mane olsaydı, Azərbaycandan nəinki bir adam, heç bir quş da Ermənistan sərhədini keçə bilməzdi. Ən azı ona görə ki, İlham Əliyev işğal altındakı torpaqları geri alıb tarixə xilaskar kimi düşmək fürsətini qaçırmaq istəməzdi.

Yox, əgər xalq diplomatiyası siyasəti doğrudan da hakimiyyəti narahat eləyirdisə, ortaya iki sual çıxır. Əvvəla, bu layihələr casusluq, vətənə xəyanət təhlükəsi yaradırsa, nədən hakimiyyət elə ilk gündəncə o təşkilatlarla o mövzuda əməkdaşlığı qadağan edən qanun qəbul eləməyib? İkincisi, Leyla Yunusla siyasi məhbus siyahısı üzündən uzun illərdi ki, rəsmən savaş halında olan hakimiyyət bütün bu illər ərzində onu susdurmaq üçün vətənə xəyanət ittihamından nə üçün istifadə eləməyib? Nəhayət, üçüncüsü, bu siyahı məsələsi öz əvvəlki ciddiliyini itirəndən, problemin beynəlxalq təşkilatlarda müzakirəsi çoxdan öz apogeyini yaşayıb sönəndən sonra Leyla xanımı “zərərləşdirmək” hakimiyyətin nəyinə lazım idi?

Nəzərə alsaq ki, rəqiblərini neytrallaşdırmaq zərurəti yarananda bütün səviyyələrdə beynəlxalq reaksiyalara və bütün mümkün təzyiqlərə rəğmən hakimiyyət çox radikal addımlar ata bilir, deməli, Leyla Yunusu daha əvvəl tutmağın mümkün olmadığını və əlverişli şəraitin - uyğun geosiyasi şərtlərin məhz bu günə təsadüf etdiyini deməyin yeri yoxdur. Bu həbs təzə yaranın qisasdı. Ehtimal etmək olar ki, hakimiyyət prezident seçkiləri ərəfəsində Rusiyadan aldığı zərbənin acısını hələ unutmayıb, Putinin Rüstəm İbrahimbəyov layihəsində bilərəkdən və ya bilməyərəkdən iştirak edənlər iqtidarın qara siyahısındadı və fürsət düşdükcə onları cəzalandıracaq.

Onu da nəzərə alsaq ki, Putin o layihəyə Azərbaycan hakimiyyətinə çox sıx bağlılığı olan olduqca ciddi fiqurları cəlb etməklə o günlərdə rejim sahiblərinə ciddi stress yaşatmışdı, deməli, Leyla xanımın saxlanmasında məhz bu motivin əsas olmasına ilk ehtimallardan biri kimi baxmaq mümkündü.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.