İcra başçısının avtomobil biznesi təftiş olunur

26-10-2014, 17:02   
İcra başçısının avtomobil biznesi təftiş olunur
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam bazarında aparılmış araşdırmalar zamanı reklamlarda "Volkswagen” markalı "Polo Sedan” və "Tiguan” modelli avtomobillərin digər avtomobil markalarından üstünlüyü fikrini yaradan "Polo Sedan – gündəlik ehtiyaclarınızın ən ideal həlli”, həmçinin "Tiguan – yolda və yolsuzluqda ən etibarlı dostunuz” məzmunlu ifadələrdən istifadə edildiyi müəyyən olunub.
Daxil olan məlumata görə, həmin avtomobillərin satışını həyata keçirən "Euro Style LTD” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı iş qaldırılıb. Məlumatda bildirilir ki, "Porsche” və "Volkswagen” Bakı mərkəzlərinin sahibi və Sabunçu rayonunun icra başçısı Adil Vəliyevdir. Son zamanlar icra başçısı ilə sahibkarlar və Qarabağ əlili arasında yaşanan qalmaqal, həmçinin Vəliyevin tapşırığı ilə müxtəlif ticarət obyektlərinin sökdürməsi medianın da gündəmində olub.
Bildirilir ki, Adil Vəliyev indi də "Bakıxanov bazarı” ("Razin talkuçkası”) kimi tanınan ticarət obyektini sökdürmək fikrinə düşüb. Əslində, bu məsələ bir müddət əvvəl də gündəmdə idi, ancaq bununla bağlı mətbuatda xəbərlərin yayılması, ictimailəşməsi və prezidentə şikayətlərin edilməsi bu prosesi əngəllədi. Çoxları düşünürdü ki, məsələ artıq qapadılıb.
Qeyd edək ki, həmin ərəfədə bazarın müdiri Hacı Fərhad mətbuata açıqlamasında bildirmişdi ki, icra başçısı tərəfindən obyektinin qanunsuz sökülməsi ilə bağlı prezidentə şikayət ünvanlayıb. Görünür, Adil Vəliyevin insanları incitməsi və onlar arasında narazılıq yaratması yuxarı dairələrdə birmənalı qarşılanmayıb.
Onun bu məsələni yenidən gündəmə gətirməsi artıq yuxarı dairələrin də narazılığına səbəb olub. Belə ki, Hacı Fərhadın yüksək çinli məmurlardan birinin yaxın adamı olması ilə bağlı iddialar artıq yeni suallar ortaya çıxırıb. Əslində, nazirin icra başçısının biznesini yoxlatdırması və qanun pozuntuları ilə bağlı iş qaldırması Vəliyevə ciddi bir mesajdır. Mənbə iddia edir ki, əgər icra başçısı nəticə çıxarmazsa proseslərin gedişatı Adil Vəliyevə pis nəticələr bəxş edə bilər.
Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.( arqument.az)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.