Sabah – oktyabrın 27-də Parisdə, Yelisey sarayında Fransa prezidenti Fransua Ollandın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair çoxdan gözlənilən danışıqlar olacaq. Virtualaz.org saytı xəbər verir ki, Ermənistan prezidenti Serj Sərkisyan Parisə bu gün yola düşür. Sərkisyanın mətbuat xidməti onun xarici işlər naziri Edvard Nalbəndyanın və xarici siyasət müşavirlərinin müşayiəti ilə Parisə işgüzar səfərə yola düşəcəyini xəbər verir.
Azərbaycan prezidenti İlham Əliyevin isə Parisə bu gün, yaxud sabah gedəcəyi hələ dəqiq deyildi.
Bu, iyul-avqust aylarında təmas xəttində gedən şiddətli döyüşlərdən və münaqişə ətrafında vəziyyətin son dərəcədə gərginləşməsindən sonra İlham Əliyevlə Serj Sərkisyanın üçüncü danışıqları olacaq.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Soçidə təşkil olunan üçtərəfli görüş ərəfəsində Ermənistan cəbhədə vəziyyəti gərginləşdirdi və Azərbaycan prezidentinin, müdafiə nazirinin ölkədə olmadığı bir vaxtda iki istiqamətdən qəfil hücum həyata keçirdi. Nəticədə təmas xəttində hər iki tərəfdən çoxsaylı itkilərlə müşayiət olunan döyüşlər başladı.
Soçi görüşündən sonra hər hansı irəliləyiş əldə olunmasa da təmas xəttində gərginlik nisbətən səngidi. Daha sonra İlham Əliyevlə Serj Sərkisyan Uelsdə, ABŞ dövlət katibi Con Kerrinin vasitəçiliyi ilə görüşdülər. Bu görüş də münaqişənin həlli yollarını axtarmaqdan daha çox gərginliyi yumşaltmağa yönəlmişdi və indi belə görünür ki, tərəfləri danışıqlar masası arxasında saxlamağa yönəlmiş səyləri davam etdirmək üçün estafeti Fransa prezidenti üzərinə götürür.
6l“Frans press” agentliyinin sabah Yelisey sarayında baş tutacaq danışıqlar barədə yaydığı məlumatda deyilir ki, Fransa prezidenti Fransua Olland Azərbaycan və Ermənistan liderlərini qəbul edəcək. Bununla da Avropa Dağlıq Qarabağ ətrafında “irinləmiş” münaqişənin həllinə yeni təkan verməyə çalışacaq.
Agentlik xatırladır ki, Paris görüşü ərəfəsində Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer “Ukraynada müharibənin getdiyi günlərdə regionda gərginliyin kəskin artmasından sonra” Bakıya və İrəvana səfər edib.
“20 ildən çoxdur davam edən qanlı münaqişədə bu görüş sayəsində dönüş yaranacağını çoxları gözləmir. Bununla belə həmin görüş prezidentləri bir araya gətirmək, onları gərginliyi azaltmaq üçün danışıqlar masası arxasına qaytarmaq, münaqişənin həlli yollarını axtarmaq üçün birgə işləməyə sövq etmək baxımından mühümdür” – deyə Fransa prezidentinin yaxın ətrafındakı diplomatik mənbə “Frans press”ə bildirib.
Agentlik qeyd edir ki, neftlə zəngin, hərbi büdcəsi Ermənistanın bütün dövlət büdcəsindən böyük olan Bakı ermənilərin işğalı altında olan Dağlıq Qarabağ regionunu və bitişik rayonları güc yolu ilə geri qaytara biləcəyinə dair xəbərdarlıq edir. Rusiya tərəfindən silahlandırılan Ermənistan isə bütün hücumları dəf edə biləcəyini deyir.
Məqalədə bu ilin iyul-avqust aylarında təmas xəttində baş vermiş şiddətli atışmalar xatırladılır. Agentlik qeyd edir ki, Azərbaycanla və Moskvanın müttəfiqi olan Ermənistan arasında həmin gərginlik Rusiya ilə Qərb arasında Ukraynaya görə kəskinləşən münasibətlər fonunda baş verirdi. “Ukraynada baş verən həmin hadisələr bu münaqişəyə dolayısı ilə təsir göstərdi. Rusiyanın Krımı ilhaq etməsi münaqişə ətrafında ümumi iqlimi daha da korladı” – Ollandın ətrafındakı mənbə bildirib.
Fransalı diplomat etiraf edib ki, “Ollandın Azərbaycan-Ermənistan dialoquna dəstək göstərmək səyləri çətin döyüş olacaq”.
“Hansısa irəliləyişin baş verməsi olduqca təəccüblü olardı. Ancaq prezident Ollandın tərəfindən hər iki tərəfi dialoq aparmaq baxımından irəliləyişə nail olmağa iradə var” – diplomat əlavə edib.
Agentlik F.Ollandın Azərbaycan prezidenti İlham Əliyevlə və Ermənistan prezidenti Serj Sərkisyanla ayrı-ayrılıqda görüş keçirəcəyini, daha sonra müzakirələrin üçtərəfli formatda davam edəcəyini qeyd