[media=http://www.youtube.com/watch?v=4-MBqCAa-Es]Başa dolanan da, başı dolandıran da Amerika Birləşmiş Ştatlarıdır
Dünya Qafqaz Müsəlmanları İdarəsi məhərrəm ayının başlanması ilə bağlı fətva verdi. Məhərrəm ayının niyə təziyədarlıqla qeyd olunduğunu hamı bilir, ona görə də bu barədə danışmayacam. Əvəzində bu ay ərəfəsində və içində baş verən iki hadisənin mənə maraqlı və niyə maraqlı görünməsi barədə fikirlərimi bölüşmək istəyirəm. Deməli, bu ay baş da kəsildi. İmam Hüseynin başını Şümr, Günelin başını isə bacısı Pərvanə kəsdi. Bir hadisə insanın öz əqidəsi uğrunda qurban getməsinin ilahi qata qaldırılması tək müqəddəscəsinə yad ediləcək, ikincisi isə insan vəhşiliyinin əlaməti kimi sadəcə heyrət doğuracaq. Musiqi Akademiyasında skripka çalmağı öyrənən, Pərvanə doğrudanmı bacısının boğazını kəsəndə elə düşünürdü ki, əlindəki kəsici alət deyil, yaydı və sürtdüyü də skripkadır, boğaz yox. Zərif cinsin, dunyaya insan gətirmək kimi ali missiya üçün yerə göndərilən məxluqun dünyadan insan aparmağa vəhşi ehtirasını nəylə izah etmək olar?
Həftənin daha bir maraqlı sualının müəllifi isə Səngəçalda neft meydançasında baş vermiş qəzadır. Rəsmi məlumatda bilidirilir ki, hadisə qəzalı meydançada təmir işəri aparılarkən baş verib və bu zaman orada 41 nəfər adam olub. Maraqlıdır, bir halda ki, meydança qəzalıdır və özü də orada təmir işləri aparılır, onda bura - qəzalı yerə 41 nəfər, düz 41 nəfər niyə girir və necə girir?
Məhərrəm ayı başladı. Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə ilk dəfə etiraf etdi ki, müsəlmanların idarəsi Türkiyə və İran arasında çaş-baş qalır. Ona görə də müstəqil qərar qəbul edəcəyik bunda sonra. Doğrudan da dövlət müstəqildir və onun Baş Dini İdarəsi də niyə müstəqil olmasın. Nə İrandan, nə də Türkiyədən asılı olaq! Buna tam imkanımız da var. Türkiyə də, İran da göyə baxır. Elə Şamaxı Rəsədxanası da. Xüsusilə indi, İŞİD adlı beynəlxalq silahlı provakasiya mexanizmi var, gücü ilə işlədiyi bir zamanda... Hər şey yavaş-yavaş aydınlaşır. Bütün qaranlıqlara İŞİD düşür və məlum olur ki, deyəsən axı bu şeytan tələsi elə Türkiyə üçün qurulubmuş. Əvvəl bir-iki dalı boş yük maşınının üstündə quraşdırılmış pulemyotlarla özünə yol açan beş-altı saqqalı uzun, balağı qısa bədheybət indi artıq uzun saqqal kimi dünyanın sifətində bitməkdədir. Qırxdıqca qurtarmayan, sıx qılları arasına bit-birə kimi yeni-yeni həşəratların doluşduğu məkan indi gəlib Türkiyənin ağzının ucuna dirənib. Türkiyə isə nə aşağı tüpürə bilir, saqqal, nə də yuxarı, yenə də saqqal.
Özü də bu bığ-saqqal məsələsində Türkiyənin düşməni də, dost dediyi də eyni işi görür. Məsələn, İŞİD bir qibləni bölüşsə də, bir məzhəbi bölüşmədiyinə görə Türkiyəni nişana alır. Qapqara bir xilafət bayrağını bu ölkənin başının üstündə hərləyir. Suriya-Türkiyə sərhədinə də elə ona görə gəlib çıxıb ki, nəfəsi türklərin boynunun ardına işləsin. Düzdür Türkiyə də deyir ki, boynunun ardını görərsən. Amma bunu etmək demək qədər asan deyil. Niyə? Ona görə ki, İŞİD Suriyanı vurarkən dolayısı ilə Turkiyə ilə bir mövqedən çıxış etmiş olurdu. Bu zaman əslində Turkiyə neyləməliydi? Bəşər Əsədi müdafiə etməli idi. Ona görə ki, İŞİD terrorçu qruplaşma kimi Suriyanın qanuni hakimiyyətini hədəfə alırdı. Misirdə, Liviyada, Suriyada baş verənlər zamanı hakimiyyəti devirməyə çalışan müxalifət döyüşçülərinin mövqeyindən çıxış edən Ərdoğan Bəşər Əsədi elə bu səbəbdən müdafiə edə bilməzdi. Elə buna görə də Suriya müxalifəti ilə az qala eyni səngəri bölüşən İŞİD Suriyada nə qədər qəribə olsa da Türkiyəyə müttəfiqlik edirdi.
Birləşmiş Ştatların Suriya sərhədlərini keçib guya İŞİD-ə hava zərbələri endirən qüvvələrinin də zərbələrə elə havaya sovrulurdu. Ona görə ki, Birləşmiş Ştatlar bunu Suryanı bir dövlət olaraq qorumaq üçün yox, öz müttəfiqlərini, yerli müxalifəti gücləndirmək üçün edirdi. Zaman keçdi və gəlib o yerə çatdı ki, İŞİD Suriyanın Türkiyə ilə sərhəddinə yetişdi. Burada İŞİD-lə döyüşə girən isə Suriyanın bu hissəsində yaşayan aborigen kürdlər oldu. Daha doğrusu PKK. Məntiqlə Türkiyə İŞİD-ə zərbə vurmaq üçün PKK-ya var gücü ilə kömək etməli idi. Eyni zamanda özünün ənənəvi düşmənlərinə. Təzadlı vəziyyət yarandı. Türkiyə öz düşməninə düşməninin də düşməni olduğuna görə dost deyə bilmədi. İŞİD-in beynəlxalq təhdid ünvanına çevrildiyini görən Birləşmiş Ştatlar isə İŞİD-lə mübarizədə Suriya kürdlərinə kömək etməli oldu. Beləliklə, Türkiyənin müttəfiqi Birləşmiş Ştatlar Türkiyənin qatı düşməni olan PKK-ya yardım etməklə əslində Türkiyəyə arxadan zərbə vurdu. Türkiyənin strateji müttəfiqi, tarix boyu arxa dayaq bildiyi Birləşmiş Ştatlar bununla da son dərəcə dolaşıq bir prosesin içinə girdi. Türkiyə isə PKK-ya yardım etmiş amerikalılardan küsdü. Bü küskünlüyü PKK-ya yardım kimi göydən atılmış silahların səhvən İŞİD-in əlinə düşməsi bir az da dərinləşdirdi. Belə-belə işlər. İndi Türkiyə tarixinin ən mürəkkəb məsələlərindən birinin həlli ilə üz-üzədir. Onun burnunun ucunda iki düşməni bir-biri ilə vuruşur. Ən yaxın dostu isə bu düşmənlədən birini gücləndirir ki, o birinə qalib gəlsin. Və bunu da çox maraqlı açıqlamaların müşayiəti ilə edir. Gəlin əvvəl İŞİD-ə qalib gələk, sonra PKK ilə başlayarıq. Yəni təxminən belə. Maraqlıdır, ey kimsən orda, aç qapını, aç qapını gələk səni öldürək! mahnısı oxuyan Birləşmiş Ştatlar doğrudanmı elə başa düşür ki, onun belə açıq mətnlə bəyan etdiklərini bu gün ondan yardım alan, amma sabah elə indi yardım aldığı Amerikanın özü tərəfindən vurulacaq PKK-da anlamırlar…?!
Qəribədir… Sizə elə gəlmir ki, Əhməd Davudoğlu hər şeyi düz dedi. Hər şey Rəcəb Tayyib Ərdoğanın başındadır…
Başa dolanan da, başı dolandıran da Amerika Birləşmiş Ştatlarıdır. Təsdq etmirəm. Amma inkar da etməyə gücüm çatmır…