Yaxud savadsız inkişafın mərhələsi necə olur?
Azərbaycandakı real vəziyyət o qədər aydındır ki, bunu nə inkar , nə də ört-basdır etmək mümkün deyil. Son dövrlər isə, ölkədəki real mənzərə bütün dünya miqyasında aydınlaşıb və Azərbaycan hakimiyyəti mütərəqqi dünyanın təpkilərini almaqdadır. Təbii ki, belə məqamlarda hakimiyyət təmsilçiləri də müəyyən “etiraf”lar etməklə, səmimi görünməyə və məsuliyyəti daha aşağıların üzərinə atmağa cəhd edir. Bir qayda olaraq belə vəziyyətlərdə PA rəhbəri Ramiz Mehdiyev müşavirələr keçirir və ölkədə baş verənlərə tənqidi münasibət sərgiləyir. Bu dəfə Ramiz Mehdiyev ürək sözlərini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) 15 illik yubileyində söyləyib. Gəlin, akademikin səsləndirdiyi fikirlərə aydınlıq gətirək və “etiraf”ların dozasını ölçməyə çalışaq.
Uğurlu yoxsulluq siyasəti
PA rəhbəri əvvəlcə ənənyə sadiq qalaraq iqtisadi uğurlardan danışıb və sadə vətəndaşların heç vaxt hesablaya bilməyəcəyi rəqəmlərə istinad edib: “ Biz postsovet məkanında keçid dövrünü uğurla başa vuran və dünya iqtisadiyyatına səmərəli inteqrasiya olunan nadir bir ölkəyik. İlin əvvəlindən ölkə iqtisadiyyatına 19 milyard dollar sərmayə qoyulub. Bu müddət ərzində maliyyə resurslarımız 3 milyard 600 milyon dollar artıb. Hazırda bizim 53 milyard dollardan çox valyuta ehtiyatımız var. Xüsusi qeyd olunmalıdır ki, dünya miqyasında Azərbaycan adambaşına düşən valyuta ehtiyatına görə ən yüksək mövqelərdən birini tutur. 2004-cü ildən bu günə qədər 1 milyon 300 min yeni iş yeri açılıb. Bu da imkan verib ki, işsizlik kəskin şəkildə aşağı düşərək 5 faiz səviyyəsinədək ensin”-deyə Ramiz Mehdiyev bildirib.
Diqqət etmisinizsə, “1 milyon 300 min iş yerinin açılması”, “valyuta ehtiyatlarımız”, “ÜDM-nin artması”, “yoxsulluğun azalması” kimi ifadələr hakimiyyət üçün “çəlik” rolunu oynayır. Belə ki, uzun illərdi YAP hakimiyyəti bu xəyali rəqəmlərlə xalqa təsəlli verir. Ona görə xəyalidir ki, bu gəlirlərin, valyuta ehtiyatlarının xalqa aidiyyatı yoxdur.
Görəsən, açılan milyonlarla iş yerlərində kimlər çalışır? Cənab akademik, bu iş yerlərini görmək üçün hansı “eynək”dən istifadə etmək lazımdır? 2 milyondan çox Azərbaycan vətəndaşı ailəsini dolandırmaq üçün Rusiyanın düzlərinə səpələnib, əyalətlərdə gənc insanlar qalmayıb, diplomlu işsizlər ordusu rekord həddədir. Görünür, hökumətimizin iş yerləri virtual məna daşıyır. Reallıq isə onu göstərir ki, pirlərdə dilənənlər, tikintilərdə müvəqqəti işləyənlər, hətta dünyasını dəyiənlər də “işləyən vətəndaş” siyahısındadır.
Bəli, Ramiz müəllimin dediyi keçid dövrünü belə başa vurmuşuq. Uğurlu yoxsulluq siyasətinin təntənəsini yaşamaqla.
Savadsızlığa xidmət edən təhsil
Azərbaycanda təhsilin səviyyəsinin getdkicə aşağı düşdüyü danılmaz faktdır. Orta məktəb imtahanlarının nəticələri, ali məktəbə qəbul imtahanlarında keçid ballarının aşağı salınması bunun sübutudur. Təkcə Bakıda 9-11 –ci siniflər arasında keçirilən imtahan nəticələrinə görə 89748 nəfər “3", 50472 nəfər ”2" almışdı.
PA rəhbəri Ramiz Mehdiyev də bu təhsil məsələsinə toxunub və həmişəki kimi kadrsızlıqdan şikayət edib: “Etiraf etmək lazımdır ki, həm Prezident Administrasiyası, həm nazirliklər, həm də yerli hakimiyyət strukturları bu gün ciddi kadr böhranı problemi ilə üzləşiblər. Biz hamımız müasir idarəetmənin incəliklərinə bələd olan hazırlıqlı kadrlara ehtiyac duyuruq və etiraf etməliyik ki, yüksək tələblərə uyğun kadr tapmaqda çətinlik çəkirik. Sovet dövründə bu tədqiqat mərkəzində daha samballı işlər aparılırdı”- deyə Ramiz Mehdiyev bildirib.
Bəli, Ramiz Mehdiyev etiraf edir ki, bugün Azərbaycan təhsilinin səviyyəsi sovet dövründən də geridə qalır. Görəsən, təhsil səviyyəsi ötən əsrdə ilişib qalan ölkənin, analoqsuz inkişafı necə mümkün olur? Cənab akademik yaxşı bilməlidir ki, müəllimi dilənçi maaşına möhtac edib, üstəlik seçki saxtakarına çevirəndə, “repetitor”luğu təhsilin “ana”sı edəndə belə də olmalıdır. Əgər oxumadan ali məktəbə daxil olmaq, savadsız olduğun halda diplom almaq, tapşırıqla yüksək qiymət yazdırmaq mümkündürsə, kadr potensialından niyə narazısınız? Ölkə elə bir vəziyyətə salınıb ki, xaricdə təhsil alanlar geri qayıtmaq istəmir. Çünki, bu ölkədə karyera qurmaq, yaltaqlıq və saxtakarlığa bağlıdır. Yəni, bu illər ərzində təhsilə xərclənən milyonlar savadsızlığa xidmət edib.
Hökumətin dövlətə çevrilməsi
Uzun illərdi deyirik ki, Azərbaycan hakimiyyəti üçün dövlət anlayışı fərdlərin maraqları ilə assosasiya olunur. Yəni, hakimiyyət üçün daxili və xairici siyasətdə dövlətin qazancı deyil, məmurların mənfəəti əsas götürülür.
PA rəhbəri də bunu təsdiqləyib və bildirib ki, dövlət məmur deməkdir: “Məlumdur ki, qloballaşma dövründə milli dövlət anlayışı özü-özlüyündə ciddi transformasiyalara məruz qalır. Axı, dövlət dedikdə biz, ilk növbədə, dövlət təsisatlarını və məmurları nəzərdə tuturuq. Məlumdur ki, hər bir məmur müəyyən təhsil alır və bununla yanaşı o, ömür boyu təhsilini artırmalıdır. Lakin insanlarla söhbət zamanı görürük ki, onların çoxu hələ də cəmiyyət, sosial ədalət, iqtisadi problemlər və digər məsələlərlə bağlı düşünərkən sırf marksist-leninçi nəzəriyyəyə xas platformadan çıxış edir. Bizim məmurlar da bu baxımdan heç də istisna təşkil etmirlər”.
Bugün Azərbaycanda həqiqətən də yüksək çinli məmurlar özlərini dövlət hesab edirlər və ictimai-rəy onları qətiyyən düşündürmür. Çünki, onlar hakimiyyətin mahiyyətini dəqiq bilirlər. Bilirlər ki, Azərbaycan məmurlar arasında bölünüb, bütün sahələr “monapoliya” dadır və hüququn heç bir önəmi yoxdur. Belə olan halda nə sosial ədaələt, nə də cəmiyyət haqqında düşünməyə heç nə vadar edə bilməz.
Yəni, Ramiz Mehdiyevin rəhbərlik etdiyi ölkədə, məmurları vətəndaşa xidmət etmək üçün deyil, hakimiyyətə xidmət etmək üçün yetişdirirlər. Bu “xidmət”dən boyun qaçıranlar isə, cəzalandırılır.
Cənab Mehdiyev, bu məmurları sizin üçün Qərb seçməyib ki, ikili standartlarda qınayasınız. Bu sizin könüllü seçiminizdir və ölkəni belə idarə etmək üçün bu məmurlara ehtiyac duyursunuz.
Bugünün ziyalısını həbs edib, dünənin ziyalısını xatırlamaq
Azərbaycanda “ziyalı” anlayışının necə deqradasiyaya uğraması, günümüzün faciəvi reallığıdır. Əgər bir ziyalı ölkədəki problemləri dilə gətirsə, dərhal “arzuolunmaz şəxs” elan edilir və hakimiyyətin düşməninə çevrilir. Ancaq, Ramiz Mehdiyev bu məqamların üstündən sakitcə keçərək keçmişə kövrək nəzər salmağa üstünlük verib: “Bir çox regionlarda, xüsusilə də cənub bölgəsində azyaşlı qızların təhsildən yayınaraq qeyri-rəsmi ailə qurması artıq adi hala çevrilir. Onlar fiziki və mənəvi cəhətdən hazır olmadıqları halda erkən yaşda ana olurlar. Bu məsələ həm səhiyyə, həm təhsil, həm də hüquq mühafizə orqanlarının diqqətindən necə yayınır? Bəzən böyük ağrı və mənəvi iztirabla özüm-özümə sual verirəm: yəni, bu xalqın Sabiri, Mirzə Cəlili, Cəfər Cabbarlısı olmayıb? Yəni, “Molla Nəsrəddin” jurnalı bu məmləkətdə çap olunmayıb? Doğrudanmı Üzeyir bəyin vaxtilə gülüş hədəfinə çevirdiyi hallar cəmiyyətimizə yenidən qayıdır?”.
Əvvəla qeyd edək ki, Statistika Komitəsinin məlumatına görə, ötən 8 ayda 8000 boşanma qeydə alınıb. Bu rəqəmlərdən çıxış etsək, belə məlum olacaq ki, ildə 12000 boşanma qeydə alınır. Təsəvvür edin ki, bu hakimiyyət daha 5 il iş başında qalır və 60000 ailə dağılır.
Cənab akademikin nəzərinə çatdırmaq istərdik ki, 1000-lərlə ailənin dağılmasına səbəb, erkən nigahlar deyil, sosial vəziyyətin ağırlığıdır. Vətəndaşa verilən əməkhaqqı ailə tələbatını ödəmir, 100 minlərlə ailə evsizlik problemi yaşayır və.s
Cənab akademikin Sabirin, Cəlilin xiffətini çəkməsi də bizi təəccübləndirir. Bugün 10-larla ziyalı qondarma ittihamlarla həbs olunub. Hansıki, bu adamlar nəinki ölkə daxilində, ölkə xaricində də nüfuz sahibidilər. Ölkənin 1 nömrəli hüquqşünaslarını zindana atıb, sonra hüquqşünas kadrların olmamasından şikayətlənmək, qeyri-ciddilik deyilmi?
Həbs etdiyiniz bu şəxslər də, təhsildəki problemlərdən, məmurların səviyyəsizliyindən, ölkədəki çatışmazlıqlardan danışırdılar. Necə olur ki, tənqid hakimiyyət sözçüsünün dilindən çıxanda “mübarək”, müstəqil vətəndaşın dilindən çıxanda “lənət” olur?
Cənab Mehdiyev, “Molla Nəsrəddin” jurnalı da bu ölkədə dərc olunub. Ancaq, sizin 21 illik hakimiyyətiniz azad mətbuatı, tənqidi fikri düşmən elan edib. Məhz bunun nəticəsidir ki, ölkədə barmaqla sayılacaq qədər müstəqil qəzet yoxdur. Təkcə, “Azadlıq” qəzetinə qarşı apardığınız müharibə, fərqli fikrə münasibətinizi aydın göstərir. Bütün vasitələri şüurlu sürətdə məhv edib, sonra keçmişə təəssüflə yanaşmaq heç də səmimi görünmür. Bir məsələ də haqlısınız ki, Üzeyir bəyin gülüş hədəfinə çevirdiyi halları ölkəmizdə yüksək səviyyədə tətbiq etmisiniz. Əminik ki, Üzeyir bəyin fantaziyası mandat alverinin, Jirinovski təəsübkeşliyinin, cibə narkotik atma “bacar”ığının qarşısında aciz qalardı.
Kimdən nümunə götürüblər?
“Heç bir sosioloji sorğu aparmadan qətiyyətlə demək olar ki, orta statistik Azərbaycan gənci bu gün arzusundadır ki, onun gözəl evi, bərbəzəkli maşını və kifayət qədər pulu olsun. O, həyatın mənasını ancaq əylənməkdə görür. Bütün bunlara nail olmaq üçün o, min bir vasitəyə əl atmağa, o cümlədən qanunu və əxlaq normalarını da aşmağa hazırdır. Zəhmət çəkməyi, çalışmağı, əziyyətə qatlaşmağı o, ümumiyyətlə istəmir”- deyə Ramiz Mehdiyev bildirib.
Bəli, həqiqətən də milyonlarla ölkə vətandaşı üçün ev, maşın almaq əlçatmaz arzuya çevrilib. Hakimiyyətdə təmsil olunanların 100-lərlə mülkü, maşını olduğu halda, sadə vətəndaşlar 1 otaqlı ev xəyalı ilə yaşayır. Akademik, etiraf edir ki, bu ölkədə maşın və ev almaq üçün qeyri-qanuni addımlar atmaq lazımdır. Çünki, verilən əməkhaqqı ilə, kirayə qalmaq da mümkün deyil. Digər, tərəfdən ölkə gəncliyi niyə zəhmət çəkmək, çalışmaq istəmir? Cənab Mehdiyev, gənclər kimdən örnək götürür?
Ölkə gəncliyi görür ki, nazirin, icra başçısının, deputatın övladı heç bir əziyyət çəkmədən biznesmenə, alimə, vəzifəli şəxsə çevrilə bilir. Və hər bir gənc anlayır ki, bütün bunlara qanuni yollarla sahib olmaq mümkün deyil. Hakimyyət kürsüsündə oturanlar qeyri-qanuni həbs etdirməyi, villalar almağlı, şirkətlər qurmağı, büdcə oğurluğu etmyəi məqbul sayırlarsa, sadə vətəndaş bunu niyə etməsin? Bütün bunlar 21 illik hakimiyyətin şah əsəridir və hakimiyyəti də etiraf edir ki, müasir Azərbaycanın memarı onlardı.
İndi bizi hara aparırsınız?
Beləliklə, uzun-uzadı tənqidlərdən sonra Ramiz Mehdiyev bunları deyib:
“Bütün bunlar onu göstərir ki, biz artıq inkişafımızın yeni mərhələsinə qədəm qoymaq ərəfəsindəyik” .
İxtisaslı kadrların olmadığını, təhsilin sovet dövründən də geri qaldığını, ziyalıların yetişmədiyini, Üzeyir bəyin personajlarına çevrildiyimizi, gənclərin əxlaq normalarını aşmağa hazır olduğunu, vətəndaşların terrorçu qruplaşmalara qoşulma səbəbinin bilinmədiyini, ciddi elmi əsərlərin yazılmadığını etiraf edəndən sonra, inkişafımızın yeni mərhələsi haqqında danışırıq.
Görəsən, bu necə inkişafdır ki, kadr tapa bilmir? Savadsızlığın inkişaf mərhələsi necə olur? Bütün bu çatışmazlıqları düzəltmədən, bizi hara aparırsınız? Cənab akademik, bu yeni mərhələnin fəlsəfəsini bizə də açıqlayın.