"Le Monde" İlham Əliyevin Paris səfəri ərəfəsində siyasi məhbuslar məsələsini gündəmə gətirdi
Avropanın nüfuzlu nəşrlərindən biri olan “Le Monde” (Fransa) Azərbaycanda siyasi məhbuslar mövzusunda məqalə dərc edib. Məqalədə əsasən Fransanın yüksək mükafatına layiq görülmüş azərbaycanlı qadın hüquq müdafiəçisi Leyla Yunusun həbsi və həbsxanada üzləşdiyi təzyiqə diqqət yetirilib. Xatırladılıb ki, bir sıra beynəlxalq təşkilatlar Fransa prezidenti Fransua Ollandı bugünlərdə Parisə səfər edəcək azərbaycanlı həmkarı İlham Əliyevlə Azərbaycandakı siyasi məhbuslar və repressiya mövzusunda danışmağa çağırıb. Məqaləni təqdim edirik:
***
Azərbaycanın hakimi-mütləqi sayılan prezident İlham Əliyev, Qafqazdakı bu köhnə sovet respublikasında müxalifətə qarşı repressiyaların şiddətləndiyi bir ərəfədə, 27 oktyabrda Parisdə peyda olacaq. O, separatçıların zəbt etdiyi Azərbaycan ərazisi olan Dağlıq Qarabağla bağlı erməni həmkarı ilə müzakirələr aparmaq üçün gəlir. Bir neçə təşkilat Fransa prezidenti Ollanda Azərbaycandakı repressiya qurbanları barədə İlham Əliyevlə söhbət aparması üçün açıq məktubla müraciət ediblər.
İnsan haqları üzrə Beynəlxalq Federasiya, İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı, İnsan Haqları üzrə Fransa Liqası Əliyev klanının opponentləri əleyhinə təqiblər dalğası barədə məlumat yayıblar. Bu açıqlamalarda özəlliklə 4 hüquq müdafiəçisinə qarşı repressiyalar qabarıq şəkildə göstərilir. Bunlar Leyla və Arif Yunuslar, İntiqam Əliyev və Rəsul Cəfərovdur. “Human Rights Watch” təşkilatının Fransa Bürosunun direktoru Jan Mari Bremya bildirir ki, Olland İlham Əliyevlə söhbətdə bu məsələni qaldırmaq üçün unikal şans əldə edib.
“Casus” ittihamı
Tanınmış hüquq müdafiəçisi Leyla Yunus Olland üçün naməlum isim deyil. Olland Leyla Yunusu 2014-cü ilin may ayının 12-də Bakıdakı Fransa səfirliyində qəbul edib. Bu, olduqca qiymətli bir jest idi. Güclü iradə sahibi olan 59 yaşlı bu bəstəboy qadın insan haqları sahəsində ardıcıl fəaliyyətinə görə 2013-cü ildə Fransanın Legion ordeni ilə təltif edilib. Onun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutu 1995-ci ildə yaradılıb.
Prezident Ollandla bu simvolik görüşdən az sonra, iyulun 30-da xanım Yunus dövlətə xəyanətdə və Ermənistanın lehinə casusluqda ittiham olunaraq Bakıda həbs edildi. Avqustun ilk günlərində isə onun həyat yoldaşı həbsxanada olan Leylaya baş çəkmək üçün gedərkən həbsə alındı. Oktyabrın 23-də Leyla Yunusun barəsində həbs-qətimkan tədbiri 28 fevrala qədər uzadılıb.
Leyla Yunus iki gün əvvəl Krakovda Sergio Vieira de Mello adına beynəlalq mükafata layiq görülüb. Bu mükafat “gücsüzlərin gücü” rəmzi adını daşıyır.
Qeyri-insani davranış
Azərbaycan prezidentinin Fransaya səfərinin yaxınlaşdığı bu günlərdə Leyla Yunusun hazırda Hollandiyada mühacirətdə olan qızı Dinara Yunus da Ollanda müraciət ünvanlayıb. Müraciətdə deyilir: “Sizin Bakıda görüşdüyünüz anam təcridxanada işgəncələrə məruz qalır, onun kamerasını yerləşdirilən başqa dustaq tərəfindən incidilir və qeyri-insani rəftara məruz qoyulur...”. Dinara bildirir ki, anasına bu gün ciddi dəstək lazımdır. Çünki sabah artıq gec ola bilər.
Leyla Yunusun yaxınları qorxurlar ki, rejim onu məhv edə bilər. Çünki Leyla Yunusun səhhətində olduqca ciddi problemlər var.
Onun və bir çox başqa opponentlərin həbsi göstərir ki, Əliyev rejimi böyük neft ehtiyatlarına görə beynəlxalq aləmdə özünün cəzasaızlığını təmin etdiyini düşünür.