Avropalı komissara Bakı «sürprizinin» pərdəarxası

27-10-2014, 16:23   
Avropalı komissara Bakı «sürprizinin» pərdəarxası



Fuad Qəhrəmanlı: «Muiznieksin səfəri zamanı siyasi məhbusların həbs müddətinin uzadılması hakimiyyətin beynəlxalq tələblərə münasibətinin ifadəsidir»

Avropa Şurasının (AŞ) İnsan Haqları Komissarı Nils Muiznieks Bakıya səfərindən sonra maraqlı açıqlamalar verib. N.Muizniks vurğulayıb ki, İlham Əliyevin iyun ayında Strasburq səfərində ona etiraz edənlərin çoxu hazırda ya həbsdədir, ya da mühacirətə gedib və bütün tənqidçi fəaliyyətini dayandırıb. "Mən burada əlaqə görürəm. Avropa Şurası və digər beynəlxalq qurumlarla birgə işləyənlərə qarşı təzyiq tədbirləri görülür", deyə Muiznieks vurğulayıb.

Xatırladaq ki, İlham Əliyev Strasburqda Azərbaycanın Avropa Şurasına sədrlik planını müzakirə etmək üçün səfər etmişdi. Onun çıxışı ərəfəsində iki etiraz aksiyası və insan haqları problemlərini müzakirə edən əlavə tədbirlər keçirilmişdi.

Muiznieks eyni zamanda ona da diqqət çəkib hazırda həbsdə olan hüquq müdafiəçilərinin həbs müddəti məhz o Bakıda olarkən uzadılıb. Onun buna diqqət çəkməsi heç də təsadüfi qiymətləndirilə bilməz. Görünür, bununla Azərbaycan hakimiyyətinin qisasçı mahiyyətinə işarə vurulub.



AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, bu bir daha onu göstərir siyasi məhbus probleminin inkar edilməsi istiqamətində hakimiyyət tərəfindən gətirilən arqumentlər beynəlxalq səviyyədə qəbul olunmur. F.Qəhrəmanlının sözlərinə görə, Muiznieks açıqlamasında siyasi motivlərlə həbs olunmuş şəxslərin məhz hakimiyyətin qisasçılıq niyyətindən irəli gələrək türməyə salındığı etiraf olunur: «Komissarın söylədiklərindən belə görünür ki, həbs olunan siyasi məhbusların sifarişi məhz İlham Əliyev tərəfindən verilib. İndiyə qədər Azərbaycandakı siyasi məhbus probleminə bu cür aydın, dəqiq yanaşma göstərilməmişdi. Açıq formada bəyan olunur ki, bu prosesin arxasında dövlət başçısı dayanır». F.Qəhrəmanlının sözlərinə görə, artıq o da etiraf olunur ki, Azərbaycan hakimiyyəti islah olunmaq, beynəlxalq tələbləri nəzərə almaq niyyətində deyil. AŞ komissarının səfəri zamanı siyasi məhbusların həbs müddətinin uzadılmasının təsadüfi olmadığını deyən F.Qəhrəmanlı bildirdi ki, bu hakimiyyətin beynəlxalq səviyyədə insan hüquqları ilə bağlı ondan olan tələblərə münasibətinin ifadəsidir: «Buradan belə bir nəticə çıxır ki, hakimiyyət danışıqlar yolu ilə siyasi məhbus problemini həll etmək niyyətində deyil. Və yaxud hakimiyyət insan haqları sahəsində üzərinə götürdüyü öhdəlikləri icra etmək arzusu yoxdur. Bundan sonra da bu istiqamətdə aparılan müzakirələr konkret nəticələrə gətirib çıxarmayacaq. Sadəcə olaraq bu əlavə vaxt itkisinə gətirəcək».

Bu baxımdan F.Qəhrəmanlı hesab edir ki, siyasi məhbuslar probleminin ən qızğın müzakirə edildiyi bir dönəmdə onların həbs müddətinin artırılması bir sıra reallıqlara işarədir. Bu onu göstərir ki, hakimiyyət siyasi məhbus probleminin həllində maraqlı deyil. «Və Siyasi məhbuslar probleminin həlli Azərbaycan hakimiyyətinə yönələn çağrışlardan deyil, beynəlxalq sanksiyaların tətbiqindən keçir», deyə F.Qəhrəmanlı vurğuladı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.