Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı nəzdində Baş Kəşfiyyat İdarəsinin (QRU) zabiti, əvvəlcə Krımda, daha sonra Ukraynanın cənub-şərqində diversiya əməliyyatlarına rəhbərlik edən polkovnik İqor Strelkovun Putinlə qonşu olduğu üzə çıxıb.
İqor Strelkov ötən şənbə günü ilk dəfə üzə çıxandan və Donetsk vilayətinin separatçıların nəzarətində olan Slavyansk şəhərində mətbuat konfransı keçirəndən sonra Ukraynanın TSN telekanalının müxbirləri onun evini axtarıb tapıblar.
Məlum olub ki, İqor Strelkovun əsl adı İqor Qirkindir və o, Moskvada, Kremlin yaxınlığında panel evdə yerləşən kasıb mənzildə yaşayır.
Jurnalistlər İqor Qirkinin Moskvanın Şenkursk keçidi, 8-B ünvanında yerləşən binadakı mənzilini tapıblar və qonşularını danışdırıblar. Məlum olub ki, QRU zabitinin anası, keçmiş arvadı, iki uşağı və doğma bacısı da həmin o binada yaşayır.
Qonşular İqorun Ukraynada kamufulyajda çəkilmiş kadrlarını görən kimi onu tanıyıblar. Bildiriblər ki, o, həmin mənzildə uşaqlıqdan yaşayır. İqorla bir sinifdə oxuyanlar onun qapalı və azdanışan biri olduğunu deyiblər.
İqor Qirkinin QRU zabiti olduğunu qonşuları da bilirlər. Ancaq onun Donetskdə nə etdiyini və familiyasını niyə dəyişdirdiyini izah edə bilməyiblər. Jurnalistlər İqorun arvadını axtarıblar, ancaq o, evdə olmayıb. Qonşu qadın deyib ki, İqorun ailə üzvləri nadir hallarda qonşularla ünsiyyətdə olur.
İqorun mənzilindən üç mərtəbə yuxarıda onun anası və bacısı yaşayır. Ancaq onlar qapını açmayıblar və jurnalistləri polis çağıracaqları ilə hədələyiblər. Daha sonra jurnalistlər QRU polkovnikinin qohumlarını binanın girişində görüblər, onlar kameralardan qaçıblar və mənzillərinə girib qapını bağlayıblar. Qonşuları deyiblər ki, İqoru sonuncu dəfə binada bir neçə ay əvvəl görüblər.
Jurnalistlərin İqor Strelkovu-Qirkini Moskvada axtardıqları bir vaxtda QRU polkovniki Donetsk vilayətinin Kramatorsk şəhərinə yeni milis rəisi təyin edib. Bildirilir ki, şəhər milisinin şəxsi heyəti “Donetsk Xalq Respublikası”nın nümayəndələri tərəfindən akt zalında toplanıb. İ.Strelkov şəxsi heyətə yeni milis rəisini - cinayət-axtarış şöbəsinin keçmiş əməkdaşı Denis Bespropusknoyu təqdim edib. Onun rəis təyinatına dair qərarı “yerli özünümüdafiə qüvvələrinin rəhbəri” statusunda İ.Strelkov imzalayıb.