Daxili İşlər Nazirliyində kadr islahatı həyata keçirilib. Qaradağ Rayon Polis İdarəsinin 11-ci polis bölməsinin rəisi Vüsal Qaraşov daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Səbayel Rayon Polis İdarəsinin 8-ci polis bölməsinə rəis təyin olunub. Qeyd edək ki, polis polkovnik-leytenantı V.Qaraşov Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğludur. İşdən azad olunan Səbayel RPİ 8-ci polis bölməsinin keçmiş rəisi Yaşar Həsənov isə Hava Nəqliyyatında Polis İdarəsinin sabiq rəisi Münasib Həsənovun oğludur.
Məlumat üçün bildirək ki, Lənkəran rayon icra başçısının digər oğlu bu günədək müxtəlif məqamlarlarla bağlı gündəmə gəlib. Beləki yayılan məlumatlara görə T.Qaraşovun oğlu rayonda bütün tikinti, yenidənqurma və abadlıq işlərinə nəzarəti əlinə keçirib. Həmin məlumatda deyilir ki, icra başçısının «Hacı» ləqəbli oğlu bu işləri yaratdığı şirkətlərin birinin vasitəsi ilə həyata keçirir. Belə ki, dövlət büdcəsindən ayrılmış pulların «yad əllərə» keçməsini istəməyən Taleh Qaraşovun bu məqsədlə bir neçə şirkət yaratdığı deyilir. Amma o şirkətlərin heç birinin ona və ya ailə üzvlərinin adına olmadığı da vurğulanır. Həmin şirkətlərdən birini kənardan oğlu idarə edir ki, ona da Lənkəranın bütün tikinti işləri, torpaq alqı-satqısını həvalə edib.
Verilən məlumatda vurğulanır ki, hal hazırda Lənkəranda satışa çıxarılan bir qarış torpaq belə icra başçısının oğlunun icazəsi olmadan realizə edilə bilməz. Üstəlik, teder yolu ilə «qalib» gəldiyi işləri də həyata keçirməkdə davam edən Lənkəranın «Hacı» balası icra başçısının müavinləri ilə birlikdə rayonun mərkəzindəki yeni bazarın dükanlarını da satmaqla məşğuldur. Təbii ki, bu qədər imkana sahib olan birinin bahalı maşın sürməsi elə də təəccüblü deyil. Elə buna görədir ki, Taleh Qaraşovun oğlu səhərlər «Lexus», günortadan sonra eyni dövlət nömrə nişanlı (010) «Porşe» sürür.