Şəmkirdə daha bir yas qalmaqalı

28-10-2014, 19:00   
Şəmkirdə daha bir yas qalmaqalı

Şəmkirdə icra nümayəndələri yas məclislərini dağıdır, ölü sahiblərinə divan tuturlar.

bu barədə
rayonun Keçili kənd sakini Elnur Səfər oğlu Məsimov şikayət edib. Onun sözlərinə görə, dünən 62 yaşlı atası Səfər kişi rəhmətə gedib.

Elnur Məsimov deyir ki, qohum-qonşusuna rəzil olmamaq üçün ailə dünyasını dəyişən şəxs üçün ehsan məclisi təşkil etmək istəyirlər. Bunun üçün dana da kəsiblər. Lakin kənd bələdiyyə sədri Vahid Verdiyev xəbərdarlıq edib ki, ehsan vermək qadağandır.

“Vahid müəllim deyir ki, əgər ehsan versəniz, gəlib yas məclisini dağıdacağıq. Qazanları aparacağıq. Mən təmtəraqlı ehsan vermək istəmirəm. İstəyirəm ki, halva-çörək, çay, xurma və dədə-baba qaydası ilə aş verək. Bunu qadağan etməklə müstəqil Azərbaycanda hüququmuzu əlimizdən alırlar”, - deyə Elnur Məsimov şikayətlənib.

Məsələ ilə bağlı kənd bələdiyyə sədri Vahid Verdiyev bildirib ki, həqiqətən də, ehsan qadağası onun tərəfindən verilib.

“İcra Hakimiyyətindən mənə xüsusi tapşırıq verilib. Televiziyada qurumalarından da buna qadağa qoyulması barədə tapşırılıb. Halva-çörəyə razıyıq, versinlər. Amma aş vermək olmaz. Buna imkan verməyəcəyəm!”, - deyə Vahid Verdiyev bildirib.

Kənd bələdiyyə sədri ölü yiyəsinə məsləhət də verməyi unutmadı: “Getsin kasıblara kömək etsin. Körpü salsın, yol düzəltsin. Bunu etmir, gedib ehsan verir. Geniş şəkildə ehsanı verməyə qoymurlar. Bizə tapşırıq veriblər. Respublikanın hər yerində yas mərasimlərini qısaldırlar. Mən şikayətçiyə rəsmi sənəd də verəcəyəm ki, bu kənddə ehsan vermək olmaz”.

Məsələni aydınlaşdırmaq üçün Şəmkir rayon İcra Hakimiyyətilə əlaqə saxladıq. İcra başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Fəxrəddin Vəliyevin verdiyi məlumata görə, məsələ araşdırılacaq.

“Rayonun ağsaqqalları yığışıb, qərar veriblər ki, ehsanda təmtəraqlılıq olmasın. Sadə yas mərasimi keçirilsin. İndi problemi araşdıraram”, - deyə Fəxrəddin Vəliyev bildirib.

Əslində anoloji hadisələr hüzr mərasimlərində ehsan verilməsi ilə bağlı konkret standartlar müəyyənləşdirilməsindən sonra tez-tez baş verir. Lakin din xadimləri bunun yaxşı hal olmadığını bildirirlər. “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənov açıqlamasında bildirib ki, dinimiz təmtaraqlı yas mərasimlərinin qurulmasının əleyhinədir. Onun sözlərinə görə, yas mərasimləri kifayət qədər sadə olmalıdır.

“Ehsan mərasimləri bəzi insanlar arasında rəqabət formasına çevrilir. Bu zaman da ehsanın əsl mahiyyətini unudurlar. Lakin bu məsələlərə hansısa inzibati yolla müdaxilə etmək də yolverilməzdir. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da çıxışı zamanı bildirmişdi. Sadəcə tövsiyyə edilir ki, ehsan məclisləri sadə keçirilsin. Bu barədə Qazilər Şurasının də tövsiyyəsi var. Amma hansısa kobud müdaxilə yolverilməzdir. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin də tövsiyəsi var. Bunu təkamül yolu ilə insanlara izah etmə yolu ilə həll etmək mümkün olar", - deyə Hacı Şahin bildirib.

Dövlət nümayəndələri isə məsələyə başqa aspektdən yanaşmağı lazım bilirlər. Azərbaycanın xalq şairi, ictimai-siyasi xadim, millət vəkili Sabir Rüstəmxanlı açıqlamasında bunun ictimai sifariş olduğunu bildirib.

“Xalq həm toylardakı, həm də yaslardakı israfçılıqdan, bundan əlavə bəzi adamlar sərvətlərini nümayiş etdirmək hallarından beziblər. Hər zaman bəzi insanların qudurğanlığından, istər toylarda, istərsə yaslarda əndazəni aşmaqdan cana doyan insanlar etirazlarını bildirirdilər. Bu barədə 20 ilə yaxındır söz-söhbət gedir. İndi bu baxımdan qayda-qanun yaradılmağa başlanıb. Əhalinin 90 faizi bunun tərəfdarıdır. Burda qeyri adi heç nə yoxdur”, - deyə Sabir Rüstəmxanlı bildirib.

Millət vəkili Fəzail Ağamalı isə bildirib ki, əslində yas mərasimlərində ehsan qadağan edilmir. Sadəcə israfçılığn qarşısını almaq üçün xüsusi nəzarət yerinə yetirilir.

“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu barədə bildirmişdi ki, bu məsələyə tamam başqa formada, təbliğat yolu ilə xoşagəlməz vəziyyətin aradan qaldırılmasına çalışılır. Kimsə buna kobud şəkildə müdaxilə edirsə, bu yaxşı deyil. Yalnız təbliğat şəklində insanlara bildirilməlidir ki, israfçılığa yol vermək olmaz. Ehsanda halva-çörək hər zaman verilib. Çay verilib. Bir də, insanın ya rəhmətə getdiyi gün, yaxud hansısa məclisində bozbaş, ya da aş verilib. Ortalıqda ikinci, üçüncü yemək, meyvə, şirələr və s. verilməsinə ehtiyac yoxdur”, - deyə Fəzail Ağamalı bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.