Xalq artisti Brilliant Dadaşovanın müsahibəsini təqdim edir:
- Türkan, pəncərələri aç, havasız məkanda otura bilmirəm. Çöldə qar yağsa belə, olduğum yerə mütləq hava gəlməlidir. Bu mənim fobiyamdır.
- Necə keçir payız günləri, əhvalınıza təsir edirmi?
- Mən yaşıllığı sevirəm. Onun üçün şəhəri tərk edib, bağda qalmağa qərar vermişəm. Payız günləri isə ilin bütün fəsilləri kimi studiyada, məşqdə, el şənliklərində çəkilişlərdə, yəni hər zaman olduğu kimi keçir.
- Niyə ikinci Brilliant yoxdur?
- Mən düşünmürəm ki, kiminsə ikincisi olur. Yəqin ki, istedadları nəzərdə tutursunuz. Əlbəttə, istedadlı gənclər çoxdur. Sadəcə qurunun oduna yaş da yanır deyə, biz bu təzə, yeni istedadları nəzərimizdən qaçırırıq. Yaxşılar üçün özünü təsdiq etmək zaman tələb edir. İndi dünya həm kiçildi, həm də çox genişləndi. Kiçildi ona görə ki, internet dövründəyik. Evdə oturub bütün dünyadan xəbərdar oluruq. Genişlənməsi isə dünya standartlarına uyğun gəlmək istəyimizlə bağlıdır. Tamaşaçılar və dinləyicilər indi rahat şəkildə dünya musiqisini dinləyib, səviyyə və keyfiyyətini bizim musiqimizlə müqayisə edə bilir.
- Özünüzü neçə yaşından xatırlayırsınız?
- Bütün uşaqlığım yadımdadır. Pianoda ifa etməyə cəhd etdiyim üçün atamla anamın yoldan qayıdıb, əlimdən öpməklərini yadıma salanda, sanki o anı yenidən yaşayıram. Atam lap əllərimi dişləyərdi. Amma daha bir unutmadığım məqam var. Bunu heç vaxt dilə gətirməmişəm. Çünki hər dəfə danışanda o dəhşətli anı təkrar-təkrar yaşayıram. Biz bağ evinə getmək üçün ailəlikcə maşınımıza mindik. Mən artıq gözümü açanda gördüm ki, bütün ailə üzvlərim yerdə və huşsuz haldadırlar. Bir tək anam mənə baxıb, gülümsəyirdi. Yəqin ona görə gülürdü ki, mən qorxmayım (göz yaşlarını saxlaya bilmədi və xeyli susduq). Həmin avtomobil qəzasında anamı itirdik. Əcəl sanki onun üçün gəlmişdi.
(Yenə xeyli susduq)
Biz atamızla böyümüşük. Atam hər zaman bizimlə uzun söhbətlər edərdi. Hər söhbətimizin sonunda mən tam başqa adam olurdum. Çox məntiqli sözlər deyərdi. O zaman dediklərini bir neçə gün sonra unutsam da, anlayıram ki, onların hər biri beynimə həkk olunub. Cəmiyyətə baxıram və dəhşətə gəlirəm ki, atam necə düz bilirdi, necə bu qədər haqlı idi?! O, iki universitet bitirmişdi. Həm də çox inanclı və Allaha bağlı adam idi. Hər bir işini Allahla bağlayardı.
Atamın o xüsusiyyəti mənə də keçib. Mən hər hərəkətimdə Allaha xoş gedib-getməyəcəyini düşünürəm.
- İnsan sizin üçün haradan başlayır?
- Mədəniyyətdən, insanlara olan münasibətdən. Məncə həm ciddi, həm məsuliyyətli və eyni zamanda zarafatcıl olmalısan. Bütün bunlar normal insanlara xas olan xüsusiyyətlərdir. Əksər hallarda həyata gülümsəyərək baxmağı da öyrənməliyik. Məsələn, sizə bir epizod danışım. Türkiyədə Seda Sayanın verilişində mən bir zarafat etmişdim. Onu bəzi yumor hissindən uzaq insanlar çox şişirtmişdilər. Düzdür, bu şişirdilmənin mənim üçün bir fərqi olmadı. Çünki normal insanlar o zarafatı olduğu kimi qəbul etdilər. Bizim həyat yoldaşımızla öz zarafatlarımız var. Seda Sayan məndən soruşdu ki, ailəlisən və həyat yoldaşın burdadırmı? Mənə də qəribə gəldi. Niyə mənim həyat yoldaşım Bakıdakı işlərini atıb, Türkiyəyə, Seda Sayanın verilişinə getməlidir? Sedaya cavab verdim ki, kim Tulaya öz samovarı ilə gedir? Bu zarafatı çox qabartdılar, elə Seda Sayanın özü də. Amma mən ona Bakıya gəlib, bizim xanımlarla etdiyi zarafatı xatırlatmadım. Seda bizdə qonaq olanda xanımlarımıza deyirdi ki, həyat yoldaşınızı verin, bir az istifadə edim, qaytaracağam. Bu, Seda Sayanın zarafatı idi, o da mənim. Niyə bizim yumor hissimiz kimlərdənsə geri qalmalıdır?
- Mən sizi çox zarafat edən görməmişəm. Kənardan bir az təkəbbürlü görünürsünüz.
- Düşünmürəm ki, təkəbbürlüyəm. Əlbəttə, bu daha çox özünə hörmətdir. Əgər biz hər birimiz çatışmayan cəhətimizi görə bilsəydik, bu, həyat sınaq olmazdı. Axı biz bu dünyaya sınaq üçün gəlmişik. Biz hər birimiz bir nəfər kimi xoşbəxt olmaq istəyirik. Dünyaya gələndən gedənədək xoşbəxtlik axtarışındayıq. Odur ki, təkəbbürə ehtiyac yoxdur. Bunlar lazımsız şeylərdir.
- İnsan nədən və nəyə görə imtina etməlidir?
- O düşüncəyə və düşdüyümüz atmosferə görə dəyişir. Əgər biz bu cəmiyyətdə yaşayırıqsa, bura ilə hesablaşıb, hörmət bəsləməliyik. Xırda bir nümunə göstərim, bəzən mən idman etmək istəmirəm. Ancaq məcburam. Blirəm ki, mən cəmiyyət içinə, tamaşaçıların qarşısına çıxmalıyam və bacardığım qədər xarici görüşünüşümü, nəfəs sistemimi qorumalıyam. Təbii ki, mən də istəyirəm televizorun qarşısında uzanım və istədiyim qədər yemək yeyim, dincəlim. Amma çalışıram rejimimi pozmayım. Özümə yox deməyi bacarıram. Bütün nəfslər bizdən aşağı yaranıb.
- Brilliant xanım, əxlaq və vicdan nədir?
- Əxlaq insanın öz işidir. Çünki qapılar bağlanandan sonra insan şəxsi həyatında nə edirsə, özü bilər və bunun heç kimə aidiyyəti yoxdur. Amma vicdan cəmiyyətin işidir. İnsanın vicdanı mütləq olmalıdır. Adam var ki, əxlaqsızdır, ancaq çox vicdanlıdır. Onun əxlaqsız olmasının nə sənə, nə də mənə ziyanı dəyə bilməz. Vicdansız adam isə cəmiyyətə ziyan vura bilər, bütün pislikləri edər. Çünki o, vicdanı ilə hesablaşmır. Vicdansız adam sənin yeməyinə zəhər qatdığı kimi, gedib haqqında yalanlar da danışar. Həyatında vicdansız adamlar olsa, taleyin pis istiqamətə dəyişər. Vicdansız adam üçün heç bir qayda yoxdur. O, bir dəqiqəyə adamı satar və sabah təzədən öpüb - qucaqlayar. Çox çalışıram ki, vicdansız insanlar məndən uzaq olsunlar. Özümü onlardan izolə etmək məcburiyyətindəyəm. Yaxınlarım mənə deyir ki, sevib-sevmədiyin adamları mətbuatda bəlli etmə. Bəyəm bunu gizlin etmək olmazmı? Deyirəm, yox! Mən kiməsə quyu qazıb, arxadan vurmaq xislətinə malik deyiləm. Allahdan gizli olmayan nə üçün bəndəsindən gizli saxlanmalıdır. “Çünki oldun dəyirmançı. Çağır gəlsin dən Koroğlu”. Madam ki, işimiz ictimaiyətlə bağlıdır, “Araz axır, gözü baxır”. Məni sevən insanlar var. Onlar kimə necə münasibət bəslədiyimi bilmək haqqına sahibdirlər.
- 25 illik ailə həyatınızla şou-biznesdəki şəxslərə həm də nümunə oldunuz. Bu sənətdə ailəni qorumaq çətin məsələdir.
- Bütün qızlar arzulayır ki, həyat yoldaşı atalarına bənzəsin. Mən də ilk dəfə Ədalət müəllimi görəndə, onu atama bənzətdim. O, ilk dəfədən mənə çox təmiz, ziyalı adam təəssüratı bağışladı. Sonra isə bildim ki, o, siqaret çəkmir, spirtli içkini də çox nadir halda, məclisdə nəzakət xətrinə içir. Bunların hər biri mənim üçün vacib amillərdir. İnsanın zahiri görünüşündən başqa mədəniyyəti də olmalıdır. Yaxşı niyyət mütləq xaricində də əks olunur. Əslində, bir evdə eyni adamla uzun müddət yaşamaq çox çətindir. Kənardan da hər iki tərəf fərqli görünə bilər. Ancaq kəsişmə nöqtəsi olmasa, birgə yaşamaq mümkün olmaz.
- Güclü qadınsınız. Burada həyat yoldaşınızın da payı var?
- Bəlkə də belədir. Bir məsələ var, Allah eləməsin, amma biz insanların böyüklüyünü onları itirəndə dərk edirik. Bəlkə onun da həyatında mənim rolum olub. Ədalət müəllim çox işgüzar adamdır. O da mənim kimi 17 yaşından işləyir. 25 illik ailə həyatımızda mən onu səhər saat 09.00-dan sonra evdə görməmişəm. O, hər zaman öz zəhməti ilə yaşayıb. Kim bu cür olsa, mən ona hörmətlə yanaşaram.
Xasiyyətlərimiz də bir az fərqlidir. Baxmayaraq ki, mən kənardan sakit görünürəm. Ancaq çox emosionalam. Bəzən bu emosiyamı daxilimdə yaşayıram. Bir dəfə canlı yayımda mənə bir iftira atıldı. Sadəcə gülümsəyərək oturub baxırdım. Onda yaxın rəfiqəm Zülfiyyə Xanbabayeva mənə zəng edib dedi ki, sən necə özünü saxladın? Mən olsaydım, ürəyim gedərdi. Çünki o da bilirdi ki, bu, şərdir. Bəzən mənə qarşı kimsə haqsızlıq etsə belə, onlara cavab qaytarmıram. Elələrinin səviyyəsinə düşmək istəmirəm. Amma dözə bilmədiyim istisna hallar da olub, əfsus...
- Özünü bağışlamaq başqasını bağışlamaqdan daha çətindir. Bu çətinliyə nə vaxt düşmüsünüz?
- Təbii ki, səhvsiz insan yoxdur. Elə şeylər var ki, onu heç vaxt özümə bağışlamaram. Ətrafımdakı insanlar elə düşünür ki, mən hər zaman hər şeyi düz eləmişəm. Amma dönüb arxaya baxanda o qədər səhvlərimi görürəm ki... Mən kimlərəsə inandığım üçün, kimlərəsə baş qoşduğum üçün özümü bağışlamıram. Elə adamlar olub ki, mən onu heç vaxt yaxın buraxmamışam. Amma kimlərinsə xahişi ilə o adamı qəbul etmişəm. Sonradan da üzülmüşəm. Hər dəfə əmin oluram ki, doğru olan mənim öz düşüncəm və öz hisslərimdir.
- Kimi dinləyirsiniz?
- O mənim əhval-ruhiyyəmə bağlıdır. Ajda Pekkanı da, Alla Puqaçovanı da, Səkinə İsmayılovanı da, Əyyub Yaqubovu da, aşıq Əlini də, Aşıq Zülfiyyəni də dinləyə bilərəm. Ümumiyyətlə, aşıq musiqisi mənim üçün çox özəldir. Son zamanlar isə “Dəli dağlı” ləqəbli aşıq Ədalətin ifası məni çox kövrəltdi. Onu dinləyəndə gözlərim dolur. Əslində, istəməzdim kimsə göz yaşlarımı görsün.
- Niyə, zəif görünməkdən qorxursunuz, yoxsa...?
- Məncə, bu, insanın hissləri ilə əlaqədardır. Milyonların qarşısına çıxıb, ağlamağın heç bir mənası yoxdur. Əlbəttə, dərdini paylaşdıqca dərd azalır. Sevincini bölüşdükcə isə çoxalır. İnsan çalışmalıdır ki, öz problemlərini başqasına yükləməsin.
- Məşhurluğu və şöhrəti dadanlar adi adam həyatı yaşaya bilməzlər. Diqqət mərkəzində olmağa alışmısınız. Bir məkana daxil olanda hər kəs tanıyar, yaxınlaşıb şəkil çəkdirər və s. Heç bunlarsız həyatınızı təsəvvür etmisiniz?
- Diqqətsiz həyat bəlkə də çətin gələr, bəlkə də yox. Mən bir şeyi yaşamadan nə hisslər keçirəcəyimi dəqiq bilmirəm. Amma bəzən eynəkdən və papaqdan istifadə edirəm ki, məni maksimum az tanısınlar. İllər öncə sadə, makiyajsız halda istədiyin yerə gedə bilərdin. İndi hər kəsin əlində bir telefon tez çəkib paylaşır. Bəzən harasa, öz qayğılarının ardınca gedərsən, fikrin tamam başqa yerdə olar və kimsə yaxınlaşıb, şəkil çəkdirmək istəyər... Artıq bu cür telefon “fotoqraflarının” əlindən dənizə üzməyə də gedə bilmirəm.
- Fikrimcə, siz mütaliəli adamsınız. Maraqlıdır, kimləri oxuyursunuz?
- Təbii ki, saysız-hesabsız kitablar oxumuşam. Aleksandr Düma, Onore de Balzak, Moris Drüyon və s. Son oxuduğum kitablardan isə Çingiz Abdullayevi qeyd etmək istəyirəm. Məsələn, Əziz Nesin türk insanının çatışmayan cəhədlərini qabarıq şəkildə tənqid edir. Eyni ilə bizim Cəlil Məmmədquluzadə kimi. Düşünürəm ki, bu, humanist millətin nümayəndəsinə məxsus olan keyfiyyətdir.
- 28 ilinizi musiqiyə həsr etmisiniz. Niyə tələbəniz yoxdur?
- Sizə elə gəlir yoxdur. Bilirsiniz, bu ədəbiyyat xətti deyil ki, əlindən tutub yazdırasan. Azərbaycan musiqisinə qazandırdığım adamları musiqi sevənlər çox gözəl tanıyır. Mənim üçün Milli Konservatoriyada dərs demək hələ tezdir. Çünki musiqi elə sahədir ki, onu disklər vasitəsi ilə öyrənəcəklər. Mən sadəcə istərdim ki, dinləyənlər təkrarlasınlar, amma danmasınlar. Azərbaycan musiqiçiləri daxil olmaqla dünyanın hansı ölkəsində mənim mahnılarım, milizmalarım, istifadə etdiyim çalarlar təkrarlanırsa, orada mənim tələbələrim var. Mən sənətimin pik vaxtındayam. Mənim ən yaxşı müəllim tərəfim o olar ki, həm klassikaya çevrilmiş mahnılarımızı, həm də yeni bəstələrimizi oxuyub, onun CD şəklində dərslik kimi istifadə olunmasına yol açım.