Paris danışıqlarının yekunlarına dair yeni detallar
Qərb münaqişə tərəflərinə təzə “Yol xəritəsi” təklif edib?
Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə prezidentlər səviyyəsində aylardır edilən cəhdlər, nəhayət, nəticə verdi. Parisdə Azərbaycan və Ermənistan prezidentləri bu il üçün üçüncü dəfə, iki və çoxtərəfli formatda bir araya gəldilər. Yelisey Sarayında saatlarla müzakirə getdi.
Ancaq hələ ki danışıqların təfərrüatları barədə çox az informasiya var. Çünki nə Azərbaycan və Ermənistan rəsmiləri, nə də Fransa tərəfi və vasitəçilər tərəfindən buna ciddi həvəs göstərildiyi müşahidə edilmir. Dəqiq olan yeganə odur ki, çoxsaatlıq müzakirələrin yekununda konkret sənəd və yaxud gözlənildiyi kimi, hansısa ortaq bəyanat qəbul edilməyib. Belə bir şey olsaydı, şübhəsiz ki, açıqlanardı.
Başqa bilgiyə görə, prezidentlərin növbəti görüşünü gələn ilin sentyabrında, BMT Baş Məclisi sessiyası çərçivəsində keçirmək haqda razılıq əldə olunub. Lakin bu, yetərincə böyük zaman kəsiyidir. Belədirsə, onda qənaət hasil olur ki, münaqişə tərəflərinin mövqeyini yaxınlaşdırmaq mümkün olmayıb. İkinci yandan, o vaxtadək Rusiya özü neçə belə görüş təşkil edib Qərbin planlarını poza bilər.
***
Bu arada Paris görüşlərinin bəzi ümumi və ümidverici detalları üzə çıxıb. Məsələn, “Frans Press” agentliyinə görüşün sonuna doğru prezidentlər arasında atmosferin xeyli istiləşdiyini yazıb. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik isə Paris görüşlərini irəliyə doğru pozitiv addım saydığını bildirib.
Yelisey Srayının mətbuat xidmətinin məlumatına görə, Paris sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri Beynəlxalq Qırmızı Xaçın himayəsi altında itkin düşənlərlə bağlı informasiya mübadiləsinə başlamaq haqda razılığa gəliblər. Fransua Olland həmçinin tərəfləri “danışıqlar yolu ilə, Minsk Qrupunun müəyyən elədiyi prinsiplər əsasında münaqişənin daimi həlli yönündə səyləri artırmağa” çağırıb, status-kvonun qəbuledilməz olduğunu söyləyib.
“Bundan əlavə, Fransa dövlətinin başçısı prezidentləri fikir ayrılıqlarını aradan qaldırmaq və öz xalqlarını sülhə hazırlamaq üçün siyasi iradə nümayiş etdirməyə səsləyib. İrəliyə hərəkət eləmək üçün hərtərəfli sülh sazişi hazırlanmasına başlamağı təklif edib” - məlumatda qeyd edilir.
***
“Parisdə Azərbaycan və Ermənistan prezidentləri arasında görüş konstruktiv, faydalı və səmimi keçib”. Bunu isə Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan deyib. Nalbəndyan daha sonra bildirib: “Biz Fransa prezidenti Fransua Ollanda Parisdə prezidentlər səviyyəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunmuş görüşü təşkil etdiyinə görə minnətdarıq. Son üç ayda bu, artıq prezidentlərin Qarabağ münaqişəsinin nizamlanması məsələsi üzrə üçüncü görüşüdür və bu, onu göstərir ki, həmsədr ölkələr nizamlanma üzrə öz birgə səylərini sarsılmaz şəkildə davam etdirəcəklər”.
Erməni nazirin sözlərinə görə, Paris görüşü zamanı münaqişənin nizamlanmasına dair çoxsaylı məsələlər müzakirə olunub, həmçinin Ollandın may ayında regiona səfəri zamanı təklif etdiyi və həmsədrlərin də bəyəndikləri etimadın möhkəmləndirilməsi üzrə tədbir keçirilib.
***
“Qərb və Avropa Dağlıq Qarabağ məsələsinin həll olunmasında israrlıdır”. Bu fikri axar.az-a NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov söyləyib. O, Qərbin Azərbaycan və Ermənistana yeni "Yol xəritəsi" təklif etdiyini deyib: “Paris görüşündə də danışıqlar bu kontekstdə davam edib. Bağlı qapılar arxasında ciddi məsələlərin müzakirə olunduğu qaçılmazdır. Qərb Cənubi Qafqaz üçün yeni ”Yol xəritəsi" təklif edir. Bu, son 20 ildə demək olar ki, region üçün ən böyük strategiyadır. “Yol xəritəsi”nə Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli, regionda demokratik proseslərin sürətlənməsi, Qafqazın NATO və Avropa ilə daha da yaxınlaşması daxildir. Paris görüşündə bir daha prezidentlərə Qərb və Avropanın bu strategiyası təqdim olunub".
F.Məmmədov mühüm bir detala da toxunub. Sitat: “Bizdə olan informasiyaya görə, bağlı qapılar arxasında bir neçə dövlətin diplomatları da iştirak edib. Bu şəxslər həmin ”Yol xəritəsi"nin hazırlanmasında yaxından iştirak eləmiş diplomatlardır. Onlar regionu, münaqişəni və orada gedən prosesləri yaxından izləyir. Bu yol xəritəsinin həyata keçməməsini istəyən tərəf isə Rusiyadır. Rus kəşfiyyatı bu haqda məlumat əldə etdikdən sonra Ermənistanda Sərkisyanla bağlı mitinqlərə start verildi. Bu o deməkdir ki, Avropa və Qərbin Cənubi Qafqaz üçün təklif etdiyi hər hansı sülh və inkişaf proqramına Rusiya etiraz edir. Moskvanın əlindəki ən böyük üstünlük isə Gümrüdəki hərbi bazadır. Lakin əgər proseslər bu cür davam edəcəksə, onda Qərb yaxın zamanlarda Cənubi Qafqazda özünün hərbi kontingentinin mövcud olması üçün hərəkətə keçəcək".
***
Parisdəki bağlı qapalı Qarabağ danışıqlarına rusiyalı ekspertlərin baxışı da maraqlıdır. Məsələn, Lomonosov adına Moskva Dövlət Universitetinin İnformasiya-Analitik Mərkəzinin direktoru Andrey Petrova görə, Qarabağ danışıqlarının bu raundu tarixə ən örtülü danışıqlar kimi düşə bilər (“Vestnik Qafqaza”): “Müzakirələrin yekunu ilə bağlı nə prezidentlər, nə də danışıqların digər iştirakçıları heç bir açıqlama vermədilər. Prosesin gedişi haqda heç bir informasiyanın olmaması həm yaxşı, həm də pis işarə sayıla bilər. Zənnimcə, ötən müddətdə və artıq baş tutmuş iki əvvəlki görüşlər çərçivəsində tərəflərin predmetli danışıqlar aparması üçün aktual gündəm artıq formalaşıb. Bütün vasitəçilər nəhayət ki, sinxron şəkildə problemin hərtərəfli həllinə kömək üçün hazır olduqlarını bildiriblər. Onların arasında hətta fəallıq uğrunda bir yarış yaranıb. Yəni avqust ayında özünü dünyaya qanlı şəkildə xatırladan Qarabağ münaqişəsi beynəlxalq birliyin diqqət mərkəzinə gəlib. Bu da o deməkdir ki, əsl dialoq üçün bütün şərtlər mövcuddur və məsələ yalnız münaqişə tərəflərinin iradəsinə bağlı qalıb”.
Bu xüsusda ekspert Paris sükutunun “yaxşı əlamət” olduğu qənaətindədir: “Doğrudur, oxşar susqunluğu keçənilki Vyana görüşündən sonra da görmüşük. Ancaq o zaman prezidentlər uzun fasilədən sonra bir araya gəlmişdilər. Başqa sözlə, təmas sırf sülh prosesi üçün konteksti yeniləmək cəhdi idi. Paris görüşü isə qeyd edilən aktual gündəmlə baş tutub. Eyni gündə iki və çoxtərəfli görüşlərin keçirilməsi əsasında qənaətə gəlmək olar ki, əvvəlki görüşlərdən fərqli olaraq, nəhayət, müəyyən tərəqqi əldə edilib - sadəcə, hələlik bizim bunu bilməyimiz tezdir”.
Lakin ekspertin fikrincə, susqunluğu əks anlamda qəbul eləmək də mümkündür: “Bəli, düşünmək olar ki, Paris raundu da fikir mübadiləsi rejimində keçib və tərəflər konfliktin nizamlanmasına başlanması bir yana, heç əsaslı dialoqa doğru bir addım da yaxınlaşmayıb bu səbəbdən nə prezidentlərin, nə də vasitəçilərin deyəcəyi bir söz yoxdur. Lakin son aylar Qarabağ haqda danışılanların hamısı bir şeyi təsdiq edir ki, dünya bu konflikti ”yada salıb" və artıq onun tezliklə bitməsini arzulayır".
****
Göründüyü kimi, Paris görüşlərinin yekunu haqda konkret və ortaq yanaşma hələ ki yoxdur. Müzakirələrin yeni detalları açıqlandıqca yəqin ki, siyasi rəylər və qənaətlər də cilalanacaq.
Siyasət şöbəsi