«Bələdiyyələr artıq seçilib, hamı bilir ki, kim sədr olacaq»
Milli Məclisin 28 oktyabr iclasında YAP-çı deputat Qalib Salahzadə “Bələdiyyələrin statusu haqqında” Qanun layihəsinin müzakirəsi zamanı tənqidi fikirlər səsləndirib. Deputat qeyd edib ki, Mərkəzi Seçki Komissiyasının bələdiyyənin statusunu ləğv etmək səlahiyyəti yoxdur: “Ümumiyyətlə, nə qədər ki, icra hakimiyyətləri bələdiyyələrə nəzarət edir, onların inkişafından söz gedə bilməz. Hazırda bələdiyyə seçkiləri yaxınlaşır. Bu saat mən bilirəm ki, Sabunçu rayonunda bələdiyyələr artıq seçilib, hamı bilir ki, kim sədr olacaq.
Sonra da deyirlər ki, kadr yoxdu. Kadrlar var, amma işləməyə qoymurlar. Mən bir az cürətli danşdım, amma düz danışdım".
Qalib Salahzadə bir müddət əvvəl də Sabunçu Rayon Icra Hakimiyyətini Bilgəhə təyin etdiyi icra nümayəndəsinə görə tənqid etmişdi. Deputat sonradan dediyi fikirlərə görə haqlı olmadığını, icra başçısının doğru seçim etdiyini vurğulamışdı.
Milli Məclisin iclası həmçinin deputat Zahid Orucla spiker Oqtay Əsədov arasında qalmaqalla yadda qalıb. Oqtay Əsədov gündəliyin müzakirəsi zamanı Zahid Oruca çox danışdığı ilə bağlı irad tutub. Zahid Oruc isə öz növbəsində Oqtay Əsədova cavab verib: “Bu binanın içində ciddi diskussiyalar, siyasi debatlar keçirilməsə, bura yaxşı arxitekturaya malik muzey deyəcəklər, parlament deməyəcəklər”.
Zahid Orucun cavabına Oqtay Əsədov əsəbi reaksiya verib: “Zahid Oruc, mənə dərs keçməyə nə yaşın çatır, nə hüququn. Xahiş edirəm, danışığına fikir ver. Mövzu barədə danış. Sonra deyirsən ki mənə danışmaq imkanı vermirlər.
Qulaq as. Söz güləşdirmə. Görürəm sənin çox güclü ideaların var. Mən sənə izah edirəm, amma sən başa düşmədin. Yerindən danışma dedim. Mən də sənə söz verməyəcəyəm, sən də danışa bilməyəcəksən".