Bakıda dələduz tikinti şirkəti “Oskar Qrup” MMC-nin rəhbəri Muxtar Bayramov barəsində məhkəmə hökm çıxarıb. Fırıldaqçı şirkətin rəhbəri 13 il azadlıqdan məhrum edilib.
Axar.az-ın əməkdaşına verilən məlumata görə, M.Bayramovun həbsi müəmmalı olub. Belə ki, bir müddət əvvəl barəsində cinayət işi açılaraq həbs edilən MMC rəhbəri sonra azadlığa çıxmağa nail olmuşdu.
Hətta onun həbsi barədə yazan mətbuat orqanlarından bəzilərini iş adamı məhkəmə ilə təhdid etmişdi. M.Bayramov onunla bağlı yazılan ittihamları rədd edərək, məqalələrin təkzib edilməsini və saytlardan çıxarılmasını tələb etmişdi, şirkətin fəaliyyətini davam etdirəcəyini, binalarını tikəcəyini açıqlamışdı.
Müxbirimizin əldə etdiyi xəbərə görə, bu müddət ərzində “Oskar Qrup”un sahibinin üzərində olan cinayət işi dondurulub və ona tikinti üçün şans verilib. Ancaq M.Bayramov dələduz əməllərinə son qoymayıb.
Onun aldatdığı payçıların saysız-hesabsız şikayətləri mətbuatda ictimailəşdirilib. Bundan sonra cinayət işi yenidən icraata göndərilib və Bayramov həbs edilib.
Qeyd edək ki, oktyabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Muxtar Bayramov 13 il müddətinə azadlıqdan məhrum edilib. M.Bayramov vətəndaşların etibarından sui-istifadə edərək payçıların pulunu mənimsəməkdə ittiham olunub. O, vətəndaşların Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciəti əsasında keçirilən əməliyyat zamanı saxlanılıb.