Bərdə Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vidadi İsayevlə bağlı maraqlı məlumat daxil olub. İcra başçısının təyin olunduğu ilk gündən rayonda yerli sahibkarlardan toplanmış pul hesabına ciddi quruculuq işləri həyata keçirdiyini bildirən mənbə bu təmir-abadlıq işinin mahiyyəti ilə bağlı maraqlı faktlara toxunub.
Mənbənin sözlərinə görə, Vidadi İsayev elə Bərdə rayonuna təyinat aldığı ilk günlərdən yaxın ətrafına “burada müvəqqətiyəm, daha yüksək vəzifəyə gedəcəm” açıqlamasını verib. Bərdə RİH başçısı postundan siyasi tramplin kimi istifadə etməyə çalışan Vidadi İsayevin bu istiqamətdə daha da fəallaşdığı bildirilir:
“Hakimiyyətin olduqca güclü qanadında təmsil olunan Vidadi İsayevin könlündən nazir müavinliyi keçir. Belə ki, o rəhbəri olduğu rayonda həyata keçirdiyi işlərlə Prezident Administrasiyasında özü haqda müsbət rəy yaratmağa çalışır. Son günlər isə mətbuatda əleyhinə yazılan məqalələri maksimum dərəcədə zərərsizləşdirməyi qarşısına məqsəd qoyan icra başçısı bununla da özü haqda müsbət reputasiya formalaşdırmaq istəyir”.
Sonda qeyd edək ki,, V.İsayevin siyasi arxası da o qədər zəif deyil. O, Gəncənin hazırkı icra başçısı Elmar Vəliyevin həyat yoldaşının əmisi oğludur. E.Vəliyev və onun hərbi prokuror olan general qardaşı Xanlar Vəliyev isə Bəylər Əyyubovun komandasının üzvləridir.