“Praqada Rusiya və Çin casusları artır”
Çex Milli Təhlükəsizlik Nazirliyi narahatdır
“Çexiyada fəaliyyətdə olan Rusiya kəşfiyyatçılarının sayı kəskin şəkildə artıb. Bu artım Moskva ilə Qərb arasında münasibətlərin gərginləşməsindən qaynaqlanır. 2013-cü ildən üzü bəri bu tendensiya aydın görünür. Bu məlumat NATO üzvü olan Çexiyanın məxfi xidmət orqanlarının illik hesabatında yer alıb”, “The Wall Street Journal”ın adıçəkilən ölkədən hazırlanmış xəbərində belə deyilir.
“Çexiyanın Təhlükəsizlik Xidməti daha çox qısa yazılış formasında-BİS kimi tanınır. Bu təşkilat dəfələrlə bəyan edib ki, Çexiyada Rusiya casuslarının sayı artır. Rəsmi Moskva daha çox Praqadakı səfirliyindən casus mərkəzi kimi istifadə edir. Casusların bir hissəsi isə Çexiyada, xüsusən paytaxtda şəxsi mülklər almaqla, yerbəyer olublar”, “The Wall Street Journal”ın məqaləsində deyilir.
BİS onu da bəyan edib ki, ötən ildən Çexiyada Çin casuslarının sayı da xeyli çoxalıb. BİS bildirir ki, rusiyalı və çinli casusları Çexiyada daha çox yerli iş adamları, siyasətçilər və jurnalistlər maraqlandırır. Bu casuslar məhz onların vasitəsi ilə öz ölkələrinin maraqlarını Çexiyada həyata keçirməyə çalışırlar. Ruslar Çexiyada yaşayan keçmiş soydaşlarından da qısamüddətli casusluq üçün istifadə edirlər.
BİS nə qədər Rusiya casusunun Çexiyada fəaliyyətdə olduğunu konkret rəqəmlərlə açıqlamır, ancaq qeyd edir ki, Moskvapərəst Ukrayna prezidenti Viktor Yanukoviçin rejiminə təhlükə yarandıqdan sonra, Rusiya Çexiyada fəallaşmağa başlayıb.
Qəzet yazır ki, Çexiya Daxili İşlər nazirliyinin məlumatına görə, 45 min rusiyalı uzun və qısamüddətli icazə ilə bu ölkədə yaşayır.
“The Wall Street Journal” BİS-in hesabatına münasibət öyrənmək üçün Rusiya və Çinin Praqadakı səfirliyinə müraciət etsələr də, onların sualları cavabsız qalıb.
Qəzet onu da vurğulayır ki, son vaxtlar Çexiyada Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar ciddi tənqid olunur. Və bu tənqidlərin arxasında məhz bu amil dayanır.
Çexiya Xarici İşlər nazirliyi isə bildirib ki, bu tendensiyanı nəzərə alaraq, bir çox Rusiya vətəndaşlarına Çexiyaya daxil olmaq üçün viza verilmir.
Ötən həftə isə Polşa bəyan etmişdi ki, casusluqda şübhəli bilinən bir neçə Rusiyalı jurnalistin akkreditasiyası ləğv olunub.