Çəkdiyi dişlərdən Misir ehramı düzəldən gəncəli həkim...

29-10-2014, 19:49   





Çəkdiyi dişlərdən Misir ehramı düzəldən gəncəli həkim...
Misir piramidaları, Qız qalası maketi, “king-kong” fiquru, simvolik şahmat və sairə...
Bura muzey deyil, adi stomatoloji kabinetdir.

Gəncəli diş həkimi Zakir Cəfərov bu günədək çəkdiyi dişləri atmayıb. Yararlı olanların hamısını xüsusi məhlulda saxlayıb və dişdən müxtəlif fiqurlar hazırlayıb.

İlk baxışdan adama elə gəlir ki, həkimin fiqurlar düzəldib üzünü də dişlərlə bəzəməyə həvəsi var. Lakin həkim minlərlə dişi analiz aparmaq üçün toplayıb: “Diş üçün dərman bitkiləri mövzusunda elmi işim olub. Hər bir həkim işlədiyi ərazidəki insanların xarakterik xüsusiyyətlərini, xəstəliklərini öyrənməlidir. Məsələn, niyə görə Gəncə ərazisində yaşayan sakinlərdə dişlər çənə sümüyünə yapışır? Kariesə daha çox tutulur?

İşləməyə başlayandan sonra gördüm ki, dişlər çənə sümüyünə yapışmağa meyllidir. Başladım dişləri analiz etməyə. Çəkdiyim bütün dişləri topladım. Minlərlə diş topladım. Elmi tədqiqat apardım. Kitab da yazdım. Nəticələrə görə, Qərb bölgəsində dişlər çənə sümüyünə yapışırsa, Şimal zonasında laxlayıb düşür”.



Stomatoloq Zakir Cəfərov

Zakir Cəfərov deyir minlərlə dişi toplayıb tədqiqat apardıqdan sonra düşünüb ki, onları atmasın. Bu səbəbdən dişlərdən fiqurlar düzəldib.

Hər bir atılmış dişin infeksiyalardan, xəstəlikdən azad olub istifadə olunma mərhələsinə gəlməsi 1 il vaxt çəkib. Həkim deyir ki, bunun üçün dişlər xüsusi məhlullarda bir neçə mərhələ üzrə saxlanıb: “Dişləri toplayandan sonra mən başladım bunlardan fiqurlar düzəltməyə. Eyfel qülləsi, şahmat, Misir piramidaları formasında fiqurlar düzəltdim. Dişləri də üzərinə yapışdırmışam. Bu həm xəstələr üçün maraqlı olur, həm də itməməsi üçün saxlayırıq”.

Gəncəli həkim elmi araşdırmasının nəticəsi olaraq yazdığı kitabda hər bir bölgənin xarakterik diş xəstəliklərinə toxunub. Üstəlik çıxış yollarını və müalicə üsullarını da araşdırıb: “Burada irsi faktorlar da var. Ərazinin suyu, qidalanma faktoru da var. Gəncədə olan minerallar digər bölgələrə nisbətən çoxdur. Burada müalicəsini də göstərmişik. Dərman, bitki yağları və sair - onları da misal göstərmişik. Xəstələrə masajlar təyin edirik”.




Gəncəli həkim kitabında hər bölgənin xarakterik diş xəstəliklərinə toxunub

Stomatoloq xəstələrinin dişlərini toplamağa davam edəcəyini deyir. İndi daha böyük ideya üçün...

Zakir Cəfərov bir arzusunu reallaşdırmaq istəyir. O, diş formasında stomatoloji kabinet tikmək arzusundadır. Binanın fasadını isə dişlərlə bəzəməyi planlaşdırır: “Gələcək üçün böyük bir planımız var. Dişlərdən diş fiqurunda bir ev tikək. Birinci mərtəbə stomatoloji klinika kimi fəaliyyət göstərsin. Evin üzünü də həmin bu dişlərdən bəzəyək. Fasad şəklində. Bu da Gəncənin şöhrəti üçün önəmlidir. Dünyanın heç yerində dişə bənzər ev yoxdur. Layihənin üzərində işləyirəm, 1 milyona yaxın diş toplamalıyam...”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.