ABŞ rəhbərliyinin adı açıqlanmayan bir rəsmisinin İsrail Baş naziri Benyamin Netanyahu üçün "qorxaq" və "öz maraqlarını düşünən" ifadələrini işlətməsi iki ölkəni qarışdırıb.
“Atlantik” (“The Atlantik”) jurnalına müsahibə verən Cefri Qoldberqin bu barədə verdiyi açıqlama İsraili hərəkətə gətirib.
Qoldberqin sözlərinə görə, adı çəkilməyən bu şəxs İsrail-Fələstin sülh müzakirələrində İsrailin əməli addımlar atmaması və İranın nüvə məsələsində bu ölkənin “qorxaq” davranmasını açıqlayıb. Ağ Ev rəsmisi Netanyahunun sülhdən çox, öz siyasi maraqlarına uyğun hərəkət etdiyini deyib.
İsrailin cavabı özünü gecikdirməyib. Qalmaqal o dərəcədə böyüyüb ki, baş nazir bu iddialara cavab verərək İsrail xalqını müdafiə etdiyini deyib:
“Mənə qarşı bu hücumların yeganə səbəbi İsrail dövlətini müdafiə etməyimdir. Bu hücumlara baxmayaraq, İsrail xalqını müdafiə etməkdə davam edəcəyəm”.
Yaranan bu qalmaqala rəsmi Vaşinqton da səssiz qalmayıb. Dövlət Departamenti, Milli Təhlükəsizlik Şurası, Senat bu sözlərin ABŞ mövqeyini əks etdirmədiyini açıqlayıb.
Ağ Ev sözçüsü Joş Ernest deyilənlərin ABŞ siyasətindən uzaq olduğunu bildirib:
“Bu sözlər zərərvericidir. Kameralar qarşısında deyirəm ki, bu sözlər ABŞ-ın mövqeyini və ABŞ prezidentinin fərdi fikrini əks etdirmir".