Və ya Ankaranı kim və nəyə görə cəzalandırmaq istəyir
Türkiyənin şərqində vəziyyət yenidən gərginləşir. Oktyabrın 25-də Hakkari vilayətinin Yüksəkova qəsəbəsində mülki geyimdə olan 3 hərbçinin öldürülməsindən 4 gün sonra Diyarbakırdə bazarlıq edən ordu zabitinə hücum olub. Türkiyə mətbuatının şahidlərə istinadən verdiyi məlumata görə, maskalı iki nəfər bazarda gəzən zabitin arxadan başına atəş açıb.
Yaralı zabiti xəstəxanaya aparsalar da, həkimlər onun həyatını xilas edə bilməyib. Türkiyə mətbuatının yazdığına görə, hücuma məruz qalan zabit 8-ci hərbi hava bazasında xidmət edən baş leytenant Necdət Aydoğdu olub. Zabit həyat yoldaşı ilə birlikdə ilə alış-verişi edirmiş. Bu son 4 gündə Türkiyə ordusunun hücuma məruz qalaraq öldürülən 4-cü hərbçisidir.
Qeyd edək ki, oktyabrın 25-də baş verən terrorun Türkiyənin şərq vilayətlərində baş verməsi hadisənin PKK tərəfindən törədildiyi ilə bağlı versiyalara yol açmışdı. Hətta Türkiyə Ordu Baş Qərargahı yaydığı yazılı açıqlamada PKK-nı nəzərdə tutaraq “bölücü terror örgütü”nün adını qeyd edirdi. Ancaq hadisədən iki gün sonra PKK bəyanat yayaraq olayla əlaqəsinin olmadığını bildirdi.
Ancaq bu hadisənin necə deyərlər acısı sakitləşməmiş Türkiyə ordusunun daha bir zabiti PKK-nın meydan suladığı bölgədə qətlə yetirilib. Təbii ki, bütün şübhələr yenə də terror təşkilatının üzərinə yönəlib. Ancaq ortada PKK-nın təkzib açıqlaması var. Bir də hökumətlə nizamlama prosesini davam etdirən təşkilatın 4 hərbçini öldürməklə nəyəsə nail olacağı real deyil. Üstəlik aydın məsələdir ki, bu qətllər PKK ilə Ankara arasında münasibətləri gərginləşdirir və nizamlama prosesinə, mülayimləşən münasibətlərə mənfi təsir edir. Deməli hökumətlə anlaşmada maraqlı olan PKK liderinin, konkret olaraq Öcalanın bu hadisələrdə marağı ola bilməz.
Kürd bölgələrində Türkiyə ordusu zabitlərinə xain hücumların sifarişçiləri kimi PKK daxilindəki müxtəlif ölkələrin xüsusi xidmətlərinə bağlı qruplar. Bu ölkələr arasında İsrail, Suriya. İran, ABŞ və Avropa Birliyi ölkələrinin adı keçir. İkincisi, Türkiyə hakimiyyəti, o cümlədən dövlət içərisindəki uzlaşma prosesində maraqlı olmayan qüvvələr və nəhayət, PKK ilə münasibətlərin daha da gərginləşməsində maraqlı olan İŞİD və onun dəstəkçisi olan qüvvələr göstərilir. Hələlik konkret olaraq hansı qüvvənin bu qətlləri sifariş etdiyi məlum olmasa da, bir fakt aydındır ki, Türkiyə üzərində böyük oyunlar oynanılır.
Bir neçə il əvvəl regionun barışdırıcı gücə malik az saylı nüfuzlu ölkələrindən biri olan Türkiyə hazırda regionun bir sıra dövlətləri ilə ciddi problemlər yaşayır. İran, Misir, İsrail, İraq, BƏƏ kimi ölkələrlə Türkiyə hökuməti arasında ciddi soyuqluq, hətta münaqişə var. Bundan başqa Ankaranın ənənəvi NATO müttəfiqi AB və ABŞ-la da ciddi siyasi ixtilafları var. Və nə qədər təəccüblü olsa da, sadalanan bu ölkələrin hər biri regionda güclü casus şəbəkəsinə sahibdir.
Türkiyə hakimiyyətinin xüsusən də son illərdə müstəqil, yaxud da belə desək daha çox “öz maraqları”na uyğun siyasi xətt yürütməsi Qərbdə narazılıqla qarşılanır. Eyni zamanda Ankaranın Suriya ilə münaqişəyə cəlb olunması və indi faktiki olaraq meydanda tək buraxılması Türkiyə hökumətini Qərbdəki əski müttəfiqlərindən küsdürüb. Ancaq eyni zamanda Ankaradan tələb olunur ki, regionda müharibəyə cəlb olunsun. Görünən odur ki, AKP hökuməti də anlayır ki, onu Yaxın Şərqdəki münaqişəyə soxmaqla həm də cəzalandırmağa çalışırlar. Çünki Suriya və İraqda davam edən müharibəyə qoşulması Türkiyə üçün ağır nəticələrə gətirə bilər.
Lakin Ankaranın buna cavab olaraq meydanda yalnız oynamaq istəməsi isə onu hər tərəfdən zərbə altında qoyur. Amerikalılar Türkiyəni İŞİD-ə qarşı savaşa qoşulmadığı, “İncirlik” bazasını bombardmanlarda istifadə üçün verməkdən imtina etdiyinə görə cəzalandırmaq məqsədilə Ərbildə yeni hərbi hava bazası yaratmaq haqda mesajlar verirlər. Vaşinqton Türkiyə hökumətini fakt qarşısında qoyaraq öz ərazisindən dövlət olmayan muxtariyyətin ordusuna koridor verməyə məcbur etdi. Kürdlər isə tarixi fürsəti əldə vermədilər. İki həftə əvvəldən planlaşdırılan keçid məhz oktyabrın 29-da, yəni Cümhuriyyətin 91-ci ildönümündə baş verdi. Bölgə sakinlərinin izdihamlı müşayiəti altında kürd peşmərgələri Türkiyə torpaqlarından yürüş edərək Suriyaya keçdi.
Son hadisələr isə göstərir ki, hansısa qüvvələr Türkiyə hakimiyyətinin içəridə “başını qatmağa” çalışır. Kürd məsələsinin düyünə düşməsi, PKK-ya qarşı hərbi əməliyyatların bərpa olunması Ankaranı çıxılmaz vəziyyətə salacaq. Bu halda Ankara ümumiyyətlə son illərdə başlatdığı siyasi kursu bir kənara qoyaraq daxili problemə qapılacaq. Proseslərin hətta bu şəkildə davam etməsi belə Türkiyə üçün yaxşı heç nə vəd etmir, çünki Türkiyənin qonşuluğunda artıq ikinci kürd muxtariyyəti (əslində isə faktiki olaraq müstəqil – K.R) yaranıb və bu proses açıq şəkildə Türkiyə kürdlərini qanadlandırır.
İndi Türkiyə hakimiyyətinin qarşısında iki çıxış yolu dayanır. Birincisi, Qərblə ənənəvi müttəfiq münasibətlərini bərpa etsin, yəni NATO-nun “şərq qapısı” olaraq Qərbin bölgə missiyasının aparıcısı olsun və bunun qarşılığında kürd məsələsində Qərbdən dəstək alsın. Ancaq Türkiyə hakimiyyəti əvvəlki hökumətlərin regiondakı müharibələr zamanı Qərbə dəstək verib əvəzində heç nə əldə edə bilmədiyi, verilən vədlərin doğrulmadığı faktını yaxşı bilir. Buna görə də Qərbə tam belə bağlamır. İkinci tərəfdən Ərdoğan hökuməti yenidən Qərbin təsiri altına düşmək istəmir. Bu baxımdan, köhnə xəttə qayıtmaq o qədər də real görünmür.
İkinci yol Türkiyənin 10 il əvvəlki xəttə qayıdaraq qonşu ölkələrlə, o cümlədən İran, İraq, Suriya və Rusiya ilə münasibətlərini inkişaf etdirməsidir. Ancaq bu addım Ankaranın neçə ildir davam etdirdiyi xətdən kəskin dönüşüdür ki. Bu da indiki şəraitdə çox risklidir. Hazırda Türkiyədə rəsmən 1 milyon yarım Suriya qaçqını, eləcə də müxalif qruplara bağlı təşkilat, qruplaşma və camaatlar var. Mövcud siyasi xətdən imtina həm də neçə ildir birgə olduğu şəxslər və təşkilatlardan da imtina deməkdir. Türkiyə Rusiya ilə əməkdaşlığa isti yanaşsa da, Suriya məsələsində geri dönüş edə bilmir.
İndiki şərtlərdə Türkiyə hər keçən gün daha çox təzyiqlə üzləşir. Türkiyə hökumətinin bu vəziyyətdən neçə çıxacağı məlum olmasa da, aydın olan odur ki, Ankara ciddi qərarlar almalı olacaq.