Ağdam rayonu 93 saylı məktəbdə acınacaqlı vəziyyət hökm sürür; təhsilin durumu bərbad haldadır.
Bu barədə Aktual.az-ın elektron poçtuna rayon sakinləri adından daxil olan məlumatda bildirilir.
Məlumata görə, məktəb Allahverdi Qənbərovun tam nəzarətindədir. Belə ki, sakinlər problemlə bağlı narahatlıqlarını ifadə edir, burada yaşanan qanunsuzluqlara etirazlarını bildirirlər.
Həmin məktubu olduğu kimi təqdim edirik: "Məktəbə uzun illər Allahverdi Qənbərov şəxsən özü rəhbərlik edib. Sonra estafeti oğlu Şamxal Qənbərova təhvil verdi. O Şamxal ki, AMİ-nin Qazax filialını qiyabi şəkildə qurtarıb: özü də testdən kənar, bir dəfə də olsun Qazağa ayağı dəymədən. Bildiyimiz kimi, bir müddət öncə AMİ-nin Qazax filialında çoxlu cinayət faktlarını, o cümlədən testdən kənar tələbə qəbulu ilə bağlı biabırçılıqların üstü açıldı. Vəziyyəti belə görən Ağdam təhsilinin başbilənləri tələm-tələsik Şamxalı direktor vəzifəsindən uzaqlaşdırdılar. Bəs illərlə saxta diplomla alınan ətək-ətək pullar hara getdi? Bunun cavabını soran olmadı.
Hazırda məktəbi Allahverdi Qənbərovun qızı Aliyə Qənbərovaya tapşırdılar. Onun da təhsili ciddi suallar doğurur. O Aliyə ki, Ağdamdan, 93 saylı məktəbdən yüz kilometrlərlə uzaqda ailəsi ilə şad-xürrəm həyat sürür. İşin bu yerində Ağdam rayon təhsil sahəsinin müdiri xanım Elmira Şükürovaya bir neçə maraqlı və kədərli sual vermək istəyirik: Sizin Allahverdi Qənbərova münasibətiniz dövlətin, ölkənin, təhsilin qanunlarından bu qədərmi güclüdür? Şamxalın testdən kənar qəbul olunduğunu, deməli, saxta olduğu deyilən diplom gəzdirdiyini bilə-bilə onu hansı əsasla direktor təyin etmişdiniz? Onun şəxsi işlərini Təhsil Nazirliyinə göndərdinizmi? Bircə dəfə də olsun bu «məktəbə» qədəm qoydunuzmu? Aliyə Qənbərova yüz kilometrlərlə uzaqda yaşaya-yaşaya hər gün 93 saylı məktəbə necə gəlib-gedə bilər?"
Sakinlər problemlə bağlı Təhsil Nazirliyinə, Baş Prokurorluğa, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə və Ağdam Rayon İcra Hakimiyyətinə də şikayət edəcəklərini deyirlər.
Məsələ ilə bağlı adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.