1992- ilin iyun ayının 7-də Azərbaycan Respublikasında ilk dəfə demokratik seçkilər keçirildi və AXC-nin sədri Əbülfəz Elçibəy xalqın səs çoxluğu ilə prezident seçildi. O, bütün gücünü ölkədə demokratiyanın bərqərar olunmasına, Azərbaycanın qüdrətli ölkələr sırasında yer almasına yönəltdi. Ancaq Azərbaycanın uğurlarını gözləri götürməyən Rusiya, İran başda olmaqla bir çox dövlətlər Azərbaycanın daxilində illərlə hazrladıqları agentura şəbəkəsini işə salaraq milli satqınların əli ilə dövlətə, demokratik yolla seçilmiş prezidentə qarşı silahlı qiyam təşkil etdilər. Ölkədə vətəndaş müharibəsi qaçılmaz oldu. Azərbaycanın vətəndaş müharibəsinə sürüklənməyinin hansı faciələri törədəcəyini, Azərbaycanın düşünən insanlarının qiyam vasitəsi ilə qətlə yetirləcəyini bildiyi üçün, xalqı labüd faciələrdən qurtarmaq istəyən Prezident Əbülfəz Elçibəy 1993-ci il iyunun 17-sindən 18-inə keçən gecə Bakını tərk edərək Naxçıvana – doğma Kələki kəndinə getdi.
Mövcud rejimin arasıkəsilməz basqıları altında Kələkidə 4 il 4 ay – 1596 gün yaşamağa məhkum edilmiş Elçibəyin imkanları nə qədər məhdud olsa da böyük mətinliklə siyasi mübarizəsini davam etdirdi,
30 oktyabr 1997-də Bakıya dönən Elçibəyi hava limanında on minlərcə silahdaşı və sıravi yurddaşı hədsiz sevinc içərisində, təsvirəgəlməz coşquyla qarşıladı.yenidən Azərbaycan müxalifətinin liderinə çevrildi, bir-birinin ardınca müxtəlif siyasi-ictimai təşkilatlar, qurumlar yaratdı. Əbülfəz Elçibəyin dönüşü ilə Azərbaycanda siyasi aktivlik yüksəldi. Bir –birinin ardınca küclü mitinqlər, aksiyalar keçirildi.
Əbülfəz bəy Kələkidən dönəndən az sonra – 1997-nin noyabrında Bütöv Azərbaycan Birliyini (BAB) də yaratdı və ona başçılığı öz üzərinə götürdü. Tezliklə geniş auditoriyalı bir universitetə çevirdiyi bu məclisə Azərbaycanın ən görkəmli aydınlarını cəlb etdi. Elçibəyin hər şənbə günü etdiyi çıxışlar gerçəkdən qiymətli bir nəzəriyyə dərsiydi. O, BAB iclaslarında Azərbaycanın bütövləşməsinə, tarix və mədəniyyətinə dair ən mühüm problemlərin müzakirəyə çıxarılmasına, bu müzakirələrdə tanınmış alim və siyasilərin yaxından iştirakına böyük önəm verirdi.
Marqaret Tetçerin “Qafqazda ən böyük demokrat” adlandırdığı Əbülfəz Elçibəy yalnız Azərbaycanda və Qafqazda deyil, bütün türk dünyasında bacarıqlı lider və müdrik yolgöstərən kimi qəbul edilirdi. Türk Xalqları Assambleyasının fəxri sədri seçilməsi (1997) də bu baxımdan təsadüfi sayıla bilməz.
Bütün həyatını yorulmadan demokratiya və milli bütövlüyümüz uğrunda mübarizəyə həsr etmiş Azərbaycan xalqının milli lideri, dünya türklərinin böyük oğlu Əbülfəz Elçibəy 22 avqust 2000-də qardaş Türkiyənin Ankara şəhərində hərbi xəstəxanada ölümsüzlüyə qovuşdu. Bütün türk dünyası yasa batdı. Dəfni günü Bakıda avqustun ən qızmar günəşi altında on minlərcə insanın onun tabutunu Fəxri xiyabanadək çiyinlərində daşıması doğma xalqının ürəyində əbədi sevgi qazandığına sübut oldu.