Bakıda ən böyük məscid Ərdoğanın arzusu ilə tikilir – Foto

30-10-2014, 22:50   


Paytaxtın Binəqədi rayonu ərazisində tikilən məscid kompleksində işlər sürətlə davam edir.

Axar.az-a daxil olan məlumata görə, məscidin açılışı yaxın vaxtlarda reallaşacaq və mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.

Mənbənin verdiyi məlumata görə, məscidin inşası Ərdoğanın şəxsi xahişi ilə baş tutub.

Xatırladaq ki, hələ 2011-ci ildə Türkiyənin Dini İşlər İdarəsinin rəhbəri Mehmet Görməz Cümə məscidinin tikintisi üçün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət edəcəyini açıqlamışdı. 3 il öncə ölkəmizə səfər edən Mehmet Görməz Allahşükür Paşazadə ilə keçirdiyi birgə brifinqdə belə bir təklif səsləndirmiş və Bakıda tikilmiş Şəhidlər məscidinin çox kiçik olduğunu demişdi.

Mənbənin sözlərinə görə, bu müraciətdən sonra paytaxtda məscid kompleksinin tikintisi üçün yer ayrılıb.

Binəqədi rayonunun 9-cu mikrorayon ərazisində, Həmzə Babaşov küçəsində inşa olunan məsciddə gedən inşaat işlərinin birbaşa Prezident İlham Əliyevin nəzarətində olduğu da bildirilir. Bu ilin aprelin 26-da inşaat işləri ilə tanış olan prezident müvafiq tapşırıllarını da verib.

Məlumat üçün bildirək ki, məscid kompleksinin tikintisi üçün prezidentin ehtiyat fondundan ilkin olaraq 10 milyon manat vəsait ayrılıb. Yeni məscid kompleksi eyni vaxtda 2000-dən çox adama xidmət edəcək. Birmərtəbəli tikilinin əsas binasının hündürlüyü 40 metr, minarələrinin hündürlüyü isə 60 metr olacaq. Dörd minarəli ibadət evinin ölkədə ən hündür məscid statusu alacağı bildirilir.

Məscidin əsas salonu 900 kvadratmetr, qadınlar üçün nəzərdə tutulan digər salonu isə təqribən 350 kvadratmetr olacaq. Tikilinin zirzəmisi həm də avtomobil dayanacağı kimi istifadə ediləcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.