Banklar bağlanacaq – pullar batacaq - siyahı

31-10-2014, 00:57   
Banklar bağlanacaq – pullar batacaq - siyahı
Ekspertlər narahat olmağa əsas görməsələr də yaxın keçmişdə baş verən acı təcrübənin təkrarlanacağı istisna deyil
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmovun bağlanacaq banklarla bağlı açıqlaması bank sektorunda və əmanətçilər arasında təşvişə səbəb olub. Bildirilir ki, bank kapitalının 99 faizini əhatə edən banklar Mərkəzi Bankın kapital tələbini yerinə yetirəcəklər.

Qeyd edək ki, E.Rüstəmovun sözlərinə görə, ölkədə 5-6 bankın AMB-nin kapitala olan tələbini yerinə yetirməyəcəyi proqnozu var. Bununla belə, E. Rüstəmov bu bankların aktivlərinin ümumi bank aktivlərinin 1 faizi ətrafında olduğunu söyləyib. Üstəlik, AMB rəhbəri əlavə edib ki, bu banklarda əhalinin əhəmiyyətli həcmdə əmanətləri olmadığından əmanətçilər və müştərilər üçün qorxulu bir hal yoxdur.

E.Rüstəmov bildirib ki, kapital tələbini yerinə yetirməyən banklardan ikisi xarici kapitallı bankdır: “Ümid edirik, xarici kapitallı banklar bir tədbir görəcəklər, hazırda onlar ilə danışıqlarımız gedir. Bir daha deyirəm, bu banklar çox zəif banklardır. Kapital tələbini yerinə yetirə bilməyən banklar ilə fərdi şəkildə rəftar olunacaq. Biz onlar ilə müxtəlif ssenariləri müzakirə edirik, gəlin bu barədə danışmağa tələsməyək”.

Ekspertlər isə bildirirlər ki, bağlanma təhlükəsi olan bankların sayı ona yaxındır. Yəni məcmu kapitalı 50 milyon manatdan az olan maliyyə təşkilatlarının sayı ona yaxındır və güman ki, ilin sonunadək vəziyyət müsbət yönə dəyişməyəcək.



İqtisadçı ekspert Qubad İbadoğlunun sözlərinə görə, bankların məcmu kapitalı 50 milyon manata qaldırılıb: “Bu da bəzi bankların kapitalının formalaşdırılması ilə bağlı öhdəilikləri yerinə yetirməməsinə gətirib çıxara bilər. Məcmu kapitalın həcmi gözlənilən normadan aşağı olan banklar var. Onların sayı ona yaxındır. “AzərKreditBank”, “Azərtürkbank”, “Günaybank”ın adı bu siyahıdadır. İkisi xarici bankdır.

Hələ ki, ilin sonuna iki aydan çox vaxt qalıb. Ola bilər ki, iki ay ərzində öz kapitalını lazım olan səviyyəyə qaldırsınlar. Amma həmin banklarda məcmu kapitalının həcminin aşağı olması ilə bağlı digər göstəricilər də zəifdir. Bu baxımdan da həmin banklar elə böyük depozit göstəricilərinə malik deyillər. bu bankların bir çoxu da Əmanətlərin Sığortalanması Fondunda qeydiyyatdan keçib. Ona görə də həmin banklar hətta bağlansa, başqa banklarla birləşsə belə, hesab etmirəm ki, əmanət bazarında ciddi problemlər yarada bilər. Amma istənilən halda, bank sektorunda təmərküzləşmə prosesləri davam etməlidir, islahatlar getməlidir”.




İqtisadçı Samir Əliyev isə bildirir ki, məcmu kapitalı tələb olunan həddə çatdıra bilməyəcək bankları ciddi təhlükə gözləyir: “50 milyonluq həddi keçə bilməyən banklar isə ya başqa bankla birləşməlidir, ya bazarı tamam tərk etməlidir, ya da bank olmayan kredit təşkilatına çevrilməlidir. Kredit təşkilatına çevrildikdə də əmanətlərin qaytarılması məsələsi gündəmə gəlir. Azərbaycan qanunvericiliyinə görə, bank olmayan kredit təşkilatı əmanət qəbul edə bilməz. Onun elə bir səlahiyyəti yoxdur. Banklar bank olmayan kredit təşkilatına çevriləndə əmanət məsələsini həll etməlidir. Əks halda, Mərkəzi Bank ona razılıq verməyəcək və bank bazarı tərk etməli olacaq”.

S.Əliyev qeyd edir ki, banklarda olan əmanətlər sığortalanıbsa, qaytarılacaq. Bir şərtlə ki, sığortalanan əmanətin məbləği 30 min manatdan çox olmasın: “Otuz mindən çox olan hissə qaytarılmayacaq. Sığortalanmayan əmanətlərin taleyi isə bankın vəziyyətindən asılı olacaq, bankın maliyyə vəziyyəti pis deyilsə, ehtimal varsa ki, əmanətlər qaytarıla bilsin. Vəziyyət pisdirsə, əmanətlərin qaytarılması sual altına düşür. Ancaq bağlanacaq banklardakı əmanətlərin həcmi elə də böyük deyil”.



Qeyd edək ki, Mərkəzi Bankın bankların kapitallaşması üçün qoyduğu tələbin müddətinə 2 ay qalıb. Yanvarın 1-dən sonra ölkədə fəaliyyət göstərəcək bankların sayı 40-dan az ola bilər. Belə ki, məcmu kapitalı 50 milyon manatdan az olan maliyyə təşkilatlarının lisenziyası ləğv ediləcək. Mərkəzi Bank tərəfindən bağlana biləcək bankların adları açıqlanmır. Daha dəqiq desək, qurum statistik bülletenində məcmu kapitalı ilə bağlı bankların renkinqini açıqlamır. Bu səbəbdən əmanətçilər narahatlıq içindədir. Onlar qoyduqları depozitlərin batmasından ehtiyat edirlər. “Bizim yol” qəzeti isə kapital tələbini hələ ki, yerinə yetirməyən bankları müəyyənləşdirib və onlarda yerləşdirilən əmanətlərin həcmini öyrənib.



E.Rüstəmovun fikrindən belə aydın olur ki, məcmu kapitalı 50 milyon manatdan aşağı olan bankların 2-si xarici kapitallıdır. Qəzet bağlanacaq bankların adlarını açıqlayıb. “Bank Milli İran”ın 30.06.2014-cü il tarixli maliyyə hesabatında məcmu kapitalının 21,2 milyon manat olduğu göstərilir. Hesabatdan məlum olur ki, bank bu istiqamətdə kapitallaşmanı artırmaq əvəzinə, əksinə geriləyib. Ötən ilin sonunda onun məcmu kapitalı 21,5 milyon manat olub. “United Kredit Bankı” isə iyul ayına olan məlumatına görə, məcmu kapitalı 27,8 milyon manatdır. “Azəri-Türk Bank”ın məcmu kapitalı 17,2 milyon manat təşkil edir. “Dekabank”ın kapitallaşması ilə bağlı vəziyyət daha da pisləşib. Belə ki, maliyyə təşkilatının 1.09.2014 tarixli hesabatına görə, məcmu kapitalı 13 milyon manat təşkil edir. Halbuki, ilin əvvəlində bu rəqəm 24 milyon manat olub. “Atrabank”ın 24.10.2014-cü il tarixli məlumatına əsasən məcmu kapitalı 35,8 milyon manat göstərilir. Bankın xəbərlərində ilin sonuna kimi bu rəqəmin 50 milyon manata qədər çatdırılacağı bəyan edilir. Həmçinin bildirilir ki, “Bank Avrasiya”da da vəziyyət ürəkaçan deyil. İyulun 1-nə olan məlumata görə cəmi kapitalı 30,8 milyon manatdır. “Parabank”ın da məcmu kapitalı qoyulan normanı ödəmir. Bankın ilin ikinci rübünə dair hesabatına görə, məcmu kapitalı 21,1 milyon manat təşkil edir. “Günay bank” isə rüblük hesabatlarını açıqlamadığına görə, məlumat əldə etmək bir qədər çətindir. Yalnız məlum olanı odur ki, məcmu kapitalı 18 milyon manatdır.

“AzəriKreditBank”ın bağlanması artıq labüdləşib. Bank hətta hazırkı tələbi (məcmu kapitalının 10 milyon manat olması ilə bağlı hal-hazırda mövcud olan tələb) belə yetirə yetirmir. Təşkilatın ikinci rübə dair hesabatında məcmu kapitalının 5,8 milyon manat olduğu göstərilir. Bankların ikinci rübə dair hesabatlarına əsasən deyə bilərik ki, məcmu kapitalı ilə bağlı problemi olan bankların sayı 9-a yaxındır. Təbii ki, ilin sonuna doğru onların sayı azala bilər. Mərkəzi Bank rəhbərinin açıqlamasında da görünür ki, ləğv olunacaq bankların sayının minimuma enməsinə çalışılır. Çünki söhbət 100 milyon manatdan çox əmanətin aqibətindən və bank sektoruna inamın ölməsindən gedir. Onların nə qədər hissəsinin sığortalandığı bəlli deyil.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov “Bizim yol”a bildirib ki, bağlanacaq banklara yerləşdirilən əmanətlər iki mənbədən qaytarılacaq: “Birinci mənbə Əmanətlərin Sığorta Fondudur ki, burada sığortalanmış depozitlərə təhlükə yoxdur. İkinci mənbə isə bankların kredit portfelinin geri yığılma nəticəsində vətəndaşlara olan borclarının ödənilməsi olacaq. Burada narahatlıq doğuran məqamlardan biri odur ki, həmin bankların bəzilərinin kredit aktivləri əmanətləri ödəyəcək həddə olmamasıdır. Bu tip kiçik banklar müştəri cəlb etmək üçün daha yüksək faizli depozitlərə malik olurlar. Ona görə də əmanətlərin böyük hissəsi sığortalanmaya bilər. Belə olan halda, həmin vəsaitlərin batma ehtimalı yüksəkdir”.

Ekspert hesab edir ki, zərərdən minimum çıxmaq üçün Mərkəzi Bank proseslərə nəzarəti öz əlinə alacaq: “Yəni bankların ümumi aktivlərinə nəzarət edəcək, real sektordakı kreditlərin yığılması Mərkəzi Bank tərəfindən icra olunacaq. Təhlükələr isə hər bir halda qaçılmazdır. Ümid edirik ki, hazırda həmin bankların likvidikliyi əmanətlərin geri qaytarılması üçün problem yaratmayacaq həddədir. Bankların bağlanması barədə məlumat yayılan kimi əmanətlərin kütləvi şəkildə geri götürülməsi prosesi olacaq. Bu zaman ən narahat edən başqa bir məqam onlara vəd edilən faizlərin verilməyəcəyidir”.

R.Həsənov vurğulayıb ki, Mərkəzi Bank tərəfindən həmin bankların adının açıqlanmamasının səbəbi böyük ajiotajın qarşısını almaqdır. “Səhmdar ola bilsin ki, mərkəzi qurumdan zaman istəyib, ümid edir ki, ilin sonuna kimi kapitalı əldə edə bilər. Digər tərəfdən, Mərkəzi Bank onların potensialına bələddir və bilir ki, əmanətçilər ciddi zərər çəkməyəcək”,- deyə R.Həsənov vurğuladı.

“Yeni Müsavat” olaraq bildiririk ki, Azərbaycanda banklar bağlananda xeyli əmanətçinin pulu batır. Məsələn, bir neçə il öncə Royalbank bağlanarkən orada əmanəti olan yüzlərlə vətəndaşın pulu batdı. İndi isə bir yox, bir neçə bankın bağlanmasından söhbət gedir. Bu isə bağlanacaq banklardakı pulların bata biləcəyini deməyə əsas verir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.