“Sevgi etirafı” layihəsində:
“Sevgi etirafı” layihəmizin budəfəki qəhrəmanı özü öz dilindən bəlaya düşdü. Köhnənin tanışı idik. Bir yerdə ədəbi məclislərdə, müxtəlif tədbirlərdə olmuşduq. Münasibətlərimiz o qədər səmimi olub ki... Hətta uzun müddət görüşmədiyimiz zamanlarda ondan ötrü darıxmışam da... O zamanlar zarafat etməyi sevirdi...
Nənəyəm, ona görə?
- Sən ki məni tanıyırsan... Necə olmasa da bir dərnəyə getmişik. Hətta şəklimiz də var bir yerdə. Uşaqlarla evimizə də gəlibsən. Hamıdan yazırsan, bəs məndən niyə yazmırsan? İndi nənəyəm, ona görə?!
Azərbaycan nəşriyyatında təsadüfən qarşılaşdıq. Salam-əleykdən sonra bu sözləri ərklə dedi. Ucadan güldü həm də. Sonra da:
- Zarafat edirəm ha... birdən yazmaq könlündən keçər, - desə də, hiss etdim ki, söhbətə ehtiyacı var.
Bir qədər söhbətdən sonra bu yazar xanımın “saqqızını” oğurlaya bildim:
- Yox, sən nənəyə oxşamırsan, maşallah, çiçəyin indi-indi çırtlayır. Bəlkə bir sevgi etirafı edəsən?
Yenə də gülüş. Ovurdları batırdı güləndə. Gözlərinin altında xırda qırışlar var. Çox müasir və səliqəli geyinib. Həmişəki kimi yaraşıqlıdır. Sol gözünü qıyıb çəpəki baxır. Dirsəyimdən yapışıb:
- Nə sevgi? Mənim sevgimmi oldu? Sən qocalandan sonra danışığını bilmədin də.
Onlar mənim uşaqlarımın atası, nəvələrimin babalarıdır
Eynən onun kimi gözümü qıyıram və illərin o tayından gələn ərklə:
- Nağıl danışma. Elə ikisini mənimlə özün tanış etmisən. Birini də mən bilirdim, dostumdur, - deyirəm.
- Hə, onlar mənim uşaqlarımın atası, nəvələrimin babalarıdır. Dostuna gəldikdə isə... kim idi ki dostun?
- Özün yaxşı bilirsən, gəl uzatmayaq...
Əvvəlki şuxluğu qalıb. Yaşı təxminən 55 olar, bəlkə də çoxdur. Axı o məndən yaşca böyük idi. O zaman da indiki kimi şəndi. Birinci əri özündən çox yaşlı olub.
Onunla söhbət edir və yaddaşımı vərəqləyirəm.
- İnstitutun birinci kursunda oxuyanda Talıb məni qaçırtdı. Onda hələ yaşı 40 olmamışdı. Mənim də 17 yaşım vardı. Hind kinolarının qəhrəmanına oxşayırdı. Özüm vurulmuşdum. Məhlədəki ərli qadınlar belə tamah salırdı ona. O, subay oğlan idi. Mən özüm istəyirdim ki, o mənimlə söhbət etsin.
Bunları hələ 80-ci illərdə o özü danışmışdı. Sonradan bir gizlin neft satışı ilə məşğul olan işbaza ərə gedəcəkdi. O zaman əri ilə çoxdan ayrı yaşadığı Talıb dünyasını dəyişmişdi. İndi yenə də Talıbdan bəhs edir:
- O məni istəyirdi. İki oğlumuz, bir qızımız vardı. Hər dəfə işdən gələndə görürdüm evdədir. Arada gecə də qalırdı. Amma ayrı-ayrı otaqlarda yatırdıq. Onunla ömrünün sonlarına yaxın çox yaxın qohum kimi davranırdıq. Elə bil mənim qohumum idi, heç ərim olmamışdı. Öləndən sonra ərə getdim. O isə məni atdı. Fırıldaqçı idi. Ondan oğlum oldu, Talıbın adını qoydum.
- Bəs ikinci ərin qısqanmadı birinci ərinin adını qoyanda?
- Yox, o, artıq məni atmışdı...
Səni kişilər tərk etdi, məni də saçlarım
Bunları isə budəfəki görüşümüzdə dedi. Bu arada qəhrəmanımın şərti olaraq adının Humay olmasını da gərək qeyd edəm. Humay xanım nəşriyyatın həyətində təzəcə görürmüş kimi məni bir də süzüb:
- Boyy, gözüm kor olaydı, adə, başında heç tük qalmayıb ki, - deyib şaqqanaq çəkir.
Saymazyana:
- Səni kişilər tərk etdi, məni də saçlarım, – deyirəm və hiss edirəm ki, inciyir. Büruzə vermir amma...
Beləcə zarafatlaşa-zarafatlaşa Cavid parkına yaxın kafe-çayxanaların rahat otaqlarından birində oturduq. Çay sifariş verdikdən sonra, yenə də gülə-gülə əvvəlki kimi şıltaqlıq etmək istədi:
- Səfillərdən, dərdli adamlardan, nə bilim daha kimlərdən yazırsan. Hamısını oxuyuram. Hələ FB-də dostuq da. Başqa adla girirəm.
Sonra yenə də araya şuxluq qatmaq istədi:
- Budur qarşındayam, yaz görüm.
Bir qədər də yazıqlığım gəldi. Yox, o özünü dünənə qaytarmaq istəyir. Alınmır.
- İncimə, budəfəki şuxluğun heç də içindən gəlmir. Sən özün-özünü aldadırsan, oynadırsan. Sənin üç ərin olub. İki kişidən uşaq doğubsan, amma ər cəhətdən heç bəxtin gətirməyib. Tanrı isə sənə gözəlliyi “uf” demədən verib. Hələ də gözəlsən. Amma nənə ömrünü yaşa...
Güldü. Gülüşündəki kinayə alnına qədər yayıldı. Çay süzmək istədi. Mane olmadım. Çayları süzdükdən sonra:
- Sən həmişə qaba olubsan. Amma dediklərində həqiqət də var. Sən məndən nəyin etirafını eşitmək istəyirsən? Nələri danışım sənə? Bəlkə kitabımdan yazasan?
- Mənlik olsa heç nəyin. Bunu sən istəyirsən. Yoxsa nə düşmüşdü sənə, görən kimi salamsız-kəlamsız o mövzuya yol açdın. Kitabın haqda isə, söz verirəm, yazaram.
Çantasından kitabını çıxartdı. Vərəqlədi. Orta səhifələrdə olan bir şeir tapıb oxudu:
- O dağlar qocalda bilmədi məni
Böyüdüm qoynunda boynu bükülü.
Sinəmə çəkilən dağlar qocaltdı...
Sonra da kitabı mənə uzatdı:
- Ordan–burdan oxudum. Sənə verirəm vaxt tap oxu. Mən dilimlə deyə bilmədiklərimi sözümlə, qələmimlə demişəm.
- Humay, məndən inciyirsən, biz səninlə neçə ilin tanışlarıyıq. Bilirəm ki, sən şeirin dalıyca düşməsəydin, indi tamam başqa bir mühitdə idin. Ali təhsilin var. Ailən, evin, perspektivin olub. Nakam bir eşq yaşamadın sən, incimə yenə. Sən kimi gördün, gözün tutdu, kama çatdın.
- Səfehləmə, sən Allah. Məni özünün bəzi qəhrəmanlarının günündə görürsən. Mən abırlı qadın olmuşam. Təmiz, səliqəli...
Deyəsən, doğurdan da incidi. Yəni mən o dərəcə də kobud oldum? O bilir axı, mən onu tanıyıram. Çantasından nazik siqaret çıxarır. Yandırıb çəkir. Sonra da tüstünü mənə tərəf piləyir:
- Sən üçüncü kişisən ki, siqaret çəkməyimi görürsən.
- Bah, fərli-başlı şeyi göstərir mənə... Mənimlə də ancaq siqareti paylaşarsan.
Ürəkdən gülür. Gülüşünə xidmətçi oğlan gəlir. Təəccüblə xanım şairəyə baxıb, “başqa bir şey lazım deyil ki”, - deyə soruşur.
- Yox, - deyirəm.
Humaya tərəf dönüb Cəlilabad şivəsi ilə:
– Gala, bu da dördüncü kişi!
Yenə də gülür və əlini mənə tərəf uzadır, yəni vur gəlsin. Vururam.
- Yaxşı danış görüm, necə oldu, sən bu yaraşıqla tək qalmazdın axı.
- Tək deyiləm. Nəvələrim var. İkinci kişidən olan oğlum Talıb da yanımdadır. Hərbi xidmətini başa vurub, yaxşı qız gəzirəm ki, evləndirim. Evləndirəcəm, ayıracam onu. Böyük oğlumun uşaqlarından biri ilə yaşayacam.
- Niyə, böyük oğlunun uşaqlarından biri ilə?
- Ona görə ki, o, həqiqi sevgidən doğuldu. Onun atasına, yaşım az olsa da, sevib ərə getmişdim. Qoşulub qaçmışdım.
Qəbrimin sinə daşından öpər
Sonra xeyli susdu. Yenə də siqaret yandırdı:
- Atam heç üzümə baxmadı. Səməd Vurğunun qızına yazdığı bir şeir var e... “Aybəniz dünyaya gəldi, gəlmədi”... qızı qoşulub qaçanda yazıb. Bax onu mənim adıma dəyişib deyərdi. Bilirsən də, Səməd Vurğun ölüm ayağında olanda qızı gəlib atasının üzündən öpüb. Vurğun deyib ki, üzümdən yox, sinəmdən öp, dağ çəkdiyin sinəmdən... Atam da mənə elə deyibmiş. Mən onun ölümünə çatmamışam. Vəsiyyət edib ki, Humay gəlib mənim qəbrimin sinə daşından öpər, dağ basdığı sinəmin.
Humay siqaret çəkir və kədərli gözü ilə küncə baxır. Baxışlarının “ardınca” düşürəm. Küncdə hörümçək toru var. Torda isə ölmüş iki milçək.
- Atamın ən çox sevdiyi şair olub Səməd Vurğun. Elə mənim adımı da Humay onun qəhrəmanı olduğu üçün qoyub. Mən atamın başını uca etmədim. Ona poema yazmışam, şerlər həsr etmişəm... İndi də belə. Durub üzümə deyirsən ki, sən aktrisalıq edirsən. Hə, düz deyirsən. Məndə heç nə alınmadı.
İnstitutu qurtarana qədər salamat qala bilməzdim
Məni də kövrəltdi. Acığım tutdu:
- Sən rayondan təzə gəlmişdin, hələ üstündən rayonun havası çəkilməmiş qoşulub ərə getdin, bilmədin dədənin arzusunu gözündə qoymağın acısını çəkəcəksən?
- Faiq, mən çox gözəl idim e... O qədər gözəl idim ki, institutu qurtarana qədər salamat qala bilməzdim. Sən haradan biləsən, ay yazıq. Siz bir dəstə kənd uşağı idiz, elə mən də rayonlu qızıydım, biclikləri bilməzdik. İnstitutda yaşlı müəllimlər arxamca baxırdı. İçinə dərd olmuş yambızlarımı ha yığırdım, alınmırdı, yırğalanırdı elə. Saçlarım dümbülümün üstündə idi. Bu tərəfdən də qonşuluqda yaşayan bu adam. Tək olurdu. Hündürboy idi. Maşını vardı. Vəzifəsi vardı. Vurulmuşdum ona.
Ərli gəlinlər onun qarasınca asıb-kəsərdi
- Necə oldu axı, o boyda təhsil ocağında sənin yaşına uyğun olan oğlanlar vardı.
- Bilirsən, məhlədə qızlar, gəlinlər ondan danışardı. Hamı üçün əlçatmaz idi. Ərli gəlinlər onun qarasınca asıb-kəsərdi, amma bilirdim ki, hamı onun diqqətində olmağı istəyir. O isə məni seçdi. Bir dəfə dərsə gedəndə maşını saxlayıb ərklə, “gəl otur, aparım, islanıb cücəyə dönərsən”, - dedi. Heç tərəddüd etmədən oturdum. Düz “26-lar” bağına qədər gətirdi. Dərsdən saat neçədə çıxmağımı soruşdu. Dedim. Dedi hava pis olsa, bu tərəflərdə olsam, səni götürərəm. Və beləcə kinoya, Dağüstü parka ayağım açıldı. Və günlərin bir günü getdik ZAQS-a, ərizə verdik. 5-10 dost yığışdıq. Toyumuzu etdik.
- Bəs elçi zad?..
- Yox, olmadı. Mən artıq uşağa qalmışdım, atam-anam biləndə. Düz bir ayın tamamında hamilə olduğumu bildim. Məni 2-ci kursdan qiyabiyə keçirtdi. Onun 55 yaşı tamam olana qədər birgə yaşadıq. Mənim 34 yaşım olanda ayrıldıq. Onda dərnəyə gəlirdim. Sizlərlə tanış idim. Şair dostlarından biri mənim qəlbimə yol tapdı. Özü də bilmədən ona vuruldum. Onun isə cəmi 22 yaşı vardı. Bax onda hiss etdim ki, mənim qəhrəmanım bu olacaqmış. O isə tərbiyəli oğlan idi... O səninlə necə dostluq edirdi, indi də fikirləşirəm, bir şey anlaya bilmirəm.
- Görünür, ya mən də tərbiyəli oğlan olmuşam, ya da mənim kimi o da tərbiyəsiz oğlan olub, sənin eşq gözünü tutub, görməmisən...
Bura bax, guya sən bilmirsən?
Çayımız qurtarıb, yenisini sifariş vermək istəyirəm. Razı olmur. Dururuq. Onu Yasamala aparmağımı xahiş edir. Yol boyu ikinci ərindən danışır:
- O, ərim öləndən sonra məni tanıdı. İş yerimə gəlmişdi. Könlünü açdı. Yox deyə bilmədim və axırda o məni atdı.
- Niyə?
- Kobudun, əxlaqsızın biri idi. Dərnəkdə şair dostlarla şəkil çəkdirmişdik. Şəkillərin hamısının üzünü qaralamışdı. Oğlanların yəni. Dedim, niyə belə edirsən? Nə isə mübahisəmiz beləcə başladı. Həm də fırıldaqçı idi. Məndən sonra onu həbs etdilər.
- Bəs, vurulduğun şair necə, yanan barmağını sarıya bildimi?
- O, utancaq idi. Amma... Bura bax, guya sən bilmirsən?
- Etiraf et də...
- Nədir, sən keşiş-zadsan bəyəm?
Ünvana çatdıq. Ayrılanda soruşdum:
- Humay, sənin şəklini qoyum?
- Mənim nəvələrim var, böyük uşaqlardır. Oğlumun biri yüksək rütbəli zabitdir. Səncə, şəklimi vermək olar?..