“Sanksiyalar Rusiyanın imperiya siyasətini dəyişməyəcək”

31-10-2014, 09:42   
“Sanksiyalar Rusiyanın imperiya siyasətini dəyişməyəcək”

“Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar ölkəni iqtisadi baxımdan çökdürə bilər, amma onun siyasətinə təsir edə bilməz”.

Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin İqtisadiyyat komissiyasının üzvü, millət vəkili Əli Məsimli Rusiyanın yürütdüyü siyasətlə Qərbin ona tətbiq etdiyi sanksiyalar kontekstində ölkənin ümumi durumunu şərh edərkən deyib.

Onun sözlərinə görə, Rusiyanın zaman-zaman həyata keçirdiyi siyasət iqtisadiyyatı ilə deyil, daha çox dövlətin mahiyyəti ilə bağlıdır:

“Yəni Rusiyada həyat səviyyəsi heç vaxt yüksək olmayıb. Bu, eyni zamanda Rusiyaya yaxın ölkələrin hamısında belədir. Rusiya iqtisadiyyatında gedən mənfi tendensiyalar Rusiyanın qonşu ölkələrə qarşı yeritdiyi siyasəti ertələyə bilər, ancaq bunun qarşısını ala bilməz. Sanksiyaların tarixinə baxsaq, görərik ki, bu yol tətbiq olunan ölkənin iqtisadiyyatını zəiflədir, amma tutduğu yoldan döndərə bilmir. Məsələn, İrana tətbiq olunan sanksiyalar bu ölkənin nüvə təcrübələri keçirməsinə heç vaxt mane ola bilmədi. Rusiya da enerji daşıyıcı dövlətdir. Düzdür, ölkənin xarici borcları əldə etdiyi valyutaları üstələyir. Bu da təbii ki, iqtisadiyyat üçün çox ciddi problemlər yaradacaq. Rusiyanın dövlət kimi borcu azdır, amma şirkətlər vasitəsilə zəmanətlə alınan borclar xeyli dərəcədə yüksək olduğundan bu, birbaşa ölkənin iqtisadiyyatına ciddi təsir edəcək. Ancaq inanmıram ki, Rusiyanın siyasətini dəyişmək mümkün olsun. Nə qədər ki, Rusiyanın imperiya mahiyyəti dəyişməyib, demokratik dövlətə çevrilməyib və Moskva qonşuluqdakı ölkələrə beynəlxalq normalara uyğun davranmayıb, sanksiyalar imperiya siyasətinin qarşısını almağa kömək edə bilməyəcək”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.