Artan qətllərin başlıca səbəbi - Psixoloq

31-10-2014, 21:38   
Artan qətllərin başlıca səbəbi - Psixoloq
“Hər nə varsa görüntüdür, mahiyyət etibarilə heç nə yoxdur”.

Bunu Axar.az-a Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov ölkədə son zamanlar artan cinayətlərin psixoloji nədənləri barədə açıqlama verərkən deyib.

Psixoloq bildirib ki, sovet sistemindən qaynaqlanan bəzi ənənəvi yanaşmalardan qurtulmalıyıq:

“Uşaq sakit durur və deyilmədən heç nəyi etmirsə, demək o tərbiyəlidir kimi yanaşmalardan uzaqlaşmaq lazımdır. İndinin özündə “hiperaktiv” uşaqlar var ki, onlar çox enerjili olurlar. Valideyn isə bir çox hallarda narazı qalır. Bunun səbəbi isə belə uşaqlarla davranış qaydalarından məlumatsızlıqdır. Nəticədə aqressiv olan valideyn uşağın psixologiyasının pozulmasına səbəb olur. Belə olan halda sonradan valideyn uşağın evdən oğurluq etməsi, yanlış hərəkətlərə yol verməsi, hətta övladının ona əl qaldırmasından şikayət edir. Ancaq uşağa sərt davranan valideyn təəssüf ki, bunun yeniyetməlik psixologiyası ilə bağlı olduğunu bilmir. Eyni zamanda ailə münaqişələri də uşaqların psixologiyasında mühüm rol oynayır. Bu da sonradan müstəqil həyatda uşağa normal addım atmağa mənfi təsir edir. Bu gün cəmiyyətdə tükürpərdici cinayətlərin kökündə ya ailə dəyərlərinə müdaxilə, ya da tərəflərin bir-birini anlama problemi durur”.

E.Rüstəmov bu gün insanların daha dinamik həyat yaşamağa can atmasını düzgün olmadığını bildirib:

“Bu gün müalicə üçün həkimə və psixoloqa gedən şəxs müalicəni sonunadək davam etdirmir. Məhz bunun nəticəsidir ki, iki bacı, bacı ilə qardaş, ata ilə övlad arasında problemlər durmadan artır. Gənclərin üzərində müdaxilə, basqı çoxdur. Valideyn uşağın düşüncələrinə hörmətlə yanaşmalıdır. Buna görə də xüsusilə də 1-ci uşaq bağçalarından maarifləndirməyə başlamalıyıq. Dövr insanlardan öz psixoloji sağlamlıqlarının qeydinə qalmağı tələb edir. Son zamanlar artan qətllərin ən başlıca səbəbi total şəkildə fərdiləşmə ilə bağlıdır. Qohum qohumu ziyarət etmir, qardaş-qardaşa baş çəkmir. İnsanlar arasında bu uzaqlaşma prosesi sonda dəhşətli cinayətlərə gətirib çıxarır. O qədər yadlaşma gedir ki, bacısının başını kəsən qız onun doğma olduğunun fərqinə belə varmır. Bu, ailə bağlarının pozulmasının nəticəsidir. Valideyn övladını nəzarətsiz qoyanda, öz valideynlərini ziyarət etməyəndə bu baş verir. Cəmiyyətdə total yadlaşma durmadan artır. Sosial şəbəkələrdə minlərlə dostu olan birisi sadəcə bir-iki nəfərlə yaxın ünsiyyətdə olur. Yəni hər şey görüntüdür, mahiyyət etibarilə heç nə yoxdur. Buna görə də cəmiyyətdə mütləq ciddi maarifləndirməyə ehtiyac var”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.