“Ona məxfi hissədə iynə vurublar ki, hər şeyi unutsun...”

1-11-2014, 10:25   
Niyə yadıma düşdü, heç bilmirəm. Dostum olmayıb, bir məktəbdə oxusaq da, sinif yoldaşı da olmamışıq. O məndən iki sinif yuxarıda oxuyurdu. Məktəbə də çox az-az gələrdi. Sakit və tərbiyəli ailənin övladı idi. Kənddə heç bir qalmaqalda, dava-dalaşda onların adı çəkilməzdi. Adı Qəzənfərdir. Hamı onu Qəzi deyə çağırır.

Özündən bir yaş kiçik bir qızı istəyirdi. Onun sevgisini cavabsız qoyan qız məndən bir sinif yuxarı oxuyurdu. Boylu-buxunlu, yaraşıqlı bir qız idi. Qəzi indi də onu sevir... aradan az qala 40 il vaxt keçib.
“Ona məxfi hissədə iynə vurublar ki, hər şeyi unutsun...”
Qız isə evdə qalıb “qızıla” dönmədi. Yaşlaşdı. Tay-tuşları ana olub, uşaqlarının əlindən tutub uşaq bağçasına, məktəbə aparanda onun bəxti “açıldı”. Özündən çox yaşlı, lakin imkanlı bir adama ərə getdi. Bir yerdə cəmi il yarım yaşadılar. Ayrıldılar. Daha sonra dul qalmış həmin qadın başqa, özündən daha yaşlı və dul kişiyə ərə getdi. Ərinin dünyasını dəyişmiş arvadından olan balalarını böyütdü. Qızları ərə verdi, oğlanlara gəlin gətirdi. Nənə çağırdılar onu. Özü isə ana ola bilmədi. Kənd arvadlarının ona etdiyi alqış gerçəkləşmədi - qucağına, balağına uşaq sidiyi dəymədi o qızın...

Yazıq oldu Qəzi. Və hələ də sevdiyi həmin qadın da yazıq oldu. “Təyyarə kölgəsi”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxdur”, “Sevdasız aylar”, “Ülkər-Aytəkin”, “Sarıköynəklə Valehin nağılı”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Qağayı kölgəsi”, “Çalı quşu” kimi romanlar o dövr qızlarının ağlını başından almışdı. Bizim kənd qızlarının hər biri özlərini həmin əsərin qadın qəhrəmanı kimi görürdülər. Və o qadın bir roman həyatı yaşatdı bu yazıq, indi adına dəli deyilən Qəziyə.

Onunla çox az ünsiyyətdə olmuşam. Yadıma gəlir, bir dəfə yağışlı gündə fizika müəllimimiz Abbas müəllimin mənə acığı tutdu və sinifdən qovdu. Məktəbimizin aşağı siniflərinin üstüörtülü səkisində durub zəngin çölə vurulmasını gözləyirdim. Həm də hər kəsdən gizlin. İstəmirdim dərsdən qovulduğum bilinsin. Atam bilsə cəzalandıracaqdı. Bax onda, həmin yağışlı gündə 9-da oxuyan sevdiyi qızın dərsdə olduğu sinif otağının pəncərəsinə baxırdı Qəzi. Sızqa, amma dayanmadan yağan payız yağışı onu tamam islatmışdı. Məni görən kimi yanıma gəldi:

- Darağın var? - soruşdu.

O zamanların dəbi olan xırda dişli dəmir darağım vardı. Verdim.

- Sənin saçların yaxşıdır. Mənim saçlarım çox qıvrımdır. Daranmır. Yaxşı ki, yağış isladıb, darayım. Tağ ayıracam, - dedi Qəzi.

Başını daradıqdan sonra darağı qaytarmadı. Cibinə qoydu və mənə həmfikir, həmdərd olan adam kimi ərklə:

- Qoy, qalsın məndə. Müəllim bilsə daraq gəzdirirsən, səni danlayar.

Sonra yenə də sinif otağının pəncərəsində saçının tağına baxıb soruşdu:

- Sən də qız istəyirsən?
- Yox,- dedim.
- Bəs dərsə niyə girməybsən?

Səs etdiyimə görə dərsdən qovulduğumu dedim. Qəzi mənim onunla eyni dərddə olmadığıma görə təəssüf etdi:

- Mən isə dərsdən yayınıb onların pəncərəsindən içəri baxıram...

Bax onda onunla məzələnmək istədim:
- Bilirsən, o səni sevir. Amma deyir ki, o çox fağırdı. Oğlanlar gərək diribaş olsun, yadda qalsın, dava salsın.

- Kiminlə dava salım?

-Tək dava deyil ki, məsələn, daşı götür vur onların sinfinin pəncərəsinə. Bütün kənd səndən danışacaq...

Üzümə elə baxdı ki! Və qəfil hərəkətlə yaxamdan yapışdı:

- Sən dəli olubsan? - dedi...

Qəzi hərbi xidmətə yola düşəndə mən Bakıda oxuyurdum. Çox gec gördüm onu. Onda kənd adamlarının hamısı ona dəli deyirdi. Kənd uşaqları danışırdı ki, o, əsgərlikdən qayıdanda bir az da kişiləşib, bir az da boy atmışdı. Qısa vurulmuş saçı ona yaraşırdı. Sifəti isə ağappaq idi.

Bir dəfə onun haqqında söhbət düşəndə sinif yoldaşlarım mənə dedi ki o, əsgərlikdən qayıdanda Bakıdan kəndə qədər sürdüyü maşını birinci həmin qızın yaşadığı evin qabağına sürdürüb. Xeyli darvazaya baxıb. Qonum-qonşu küçəyə çıxıb, Qəziyə xoşgəldin ediblər. Gənc qızlar gülüşə-gülüşə qıza xəbər aparıblar ki, əsgərin qayıdıb, sinəsində də nişanlar. Həyətdən çölə çıxıb ona baxanlar, ona “bala, get evinizə, atan-ananla görüş” deyiblər, amma o, qızgilin həyətindən çıxmayıb. O, qara sevdasına tuş gəldiyi qızın qardaşı uşaqlarına, qonum-qonşunun azyaşlı balalarına nişanlarını, kəmərini, kokardasını, furajkasını pay verib. Və deyib ki, filankəsə göstərin, deyin ki, bunu mən bağışlamışam sizə... Evə isə kəmərsiz, nişansız, furajkasız gedib.

O qız gəlin köçdüyü gün bütün günü onların evinin yaxınlığındakı körpünün üstündə oturub axar suya baxırmış. Bu səhnənin şahidi olan dostlarımdan biri deyirdi ki, onun gözlərinin yaşı səssizcə suya damırmış. Sonra çaya enib, başını axar suya salıb, qıvrım saçlarını isladıb, cibindən dəmir bir daraq çıxarıb saçını darayıb. Axar suya baxıb güzgülənib.

Sonra da sürdüyü velosipedin sükanına, ramasına qırmızı bir yaylıq bağlayıb düşüb gəlin karvanın arxasınca.

Sonralar Qəzinin günü qızın ərdə olduğu həyətin başına dolanmaqla keçib. Qız ərindən boşananda isə o qədər sevinirmiş ki...

Amma bu sevinc də çox çəkməyib. Qırılıb qalıb doqqazın yanında. Qız uzaq bir rayona ərə verilir...

Onu indi kəndin bütün toylarında, yas mərasimlərində görmək olur. Onu toya xüsusi olaraq dəvət edirlər. Onsuz da gələcək. Əlində dəvətnamə mağara girəndə özünü daha rahat hiss edir. Bütün toylarda qıp-qırmızı olana qədər içir, yeni ailə quran cütlüklərə xoşbəxtlik arzu edir. İndi onun yaşıdlarının və ondan yaşca kiçik olanların balalarının toyu olur. O isə özünü bəy düşən gənclərin yaşıdı kimi aparır. “Sağ əliniz başıma”, - deyir.

Yas mərasimlərində isə özünü dərdli göstərməyə çalışır. Ölü yiyəsinə Allahdan səbir diləyir, “ölməli adam deyildi”, - deyir. Sonra da başqasından ölənim kimliyi ilə maraqlanır.

Gününün çoxu kəndin küçələrini gəzməkdə keçir. Ömrünü səpələyir kəndin yöndəmsiz, nahamar yollarına. Gəncliyini itirib evləri ilə hələ də sevdiyi qız gilin evinin arasında.

Əlinə vedrə götürüb üzüm sahəsinə gedir. Dolu vedrəni qucaqlayıb çayın içi ilə geri dönür. Kimsə görməsin deyə. O, elə bilir ki, Sovetlərin zamanında olduğu kimidir hər şey, qoruqçular tutsa, aktlaşdıracaqlar. Sonra da yaşıdlarının nəvələrini, azyaşlı oğlanlarını başına toplayıb üzüm oğurluğuna getdiyini bir macəra dolu qəhrəmanlıq kimi nəql edir.

Dostum olan kənd müəllimi yas mərasimlərinin birində Qəziyə fikir verdiyimi görüb dedi:

- Buna dəli deyənin özü dəlidir. Bunun qardaşı oğlu dəlləkdir də, bilirsən. Həyətində dükan açıb. Bir dəfə saçımı düzəltdirmək üçün getmişdim. Çağırdım. Evdən dedilər ki, yoxdur, harasa gedib, axşamüstü olacaq. Geri qayıtdım. Küçəyə çıxanda bu sağır qarşıma çıxdı. Salamlaşdı, “xeyir ola” soruşdu. Nə üçün gəldiyimi dedim. Əlavə etdim ki, gərək bir də bu yolu gələm. Qəzi əsəbiləşdi. “Müəllim, gözlə”, - dedi. 5 dəqiqə keçdi, gördüm, qardaşı oğlunun qolundan tutub dartaraq gətirir.

- Müəllim, deyirlər, zəmanə dəyişib. Çox səhv edib elə deyirlər. Zəmanə dəyişməyib. Zəmanənın nə günahı? Dəyişən adamlardır. Bunun kimilərdir zəmanəni pis edənlər.

Dostum deyir ki, bir dəfə böyük üzüm sahələri, bazarı, şadlıq evləri, marketləri olan iş adamına deyiblər ki, bəs Qəzi adlı bir nəfər sənin üzüm sahələrinə divan tutur, dağıdır. Bu da sahə müvəkkilinə tapşırır ki, Qəzini tut, gətir mənim yanıma. Sahə müvəkkili gəlir kəndə, bunu tapıb deyir ki, min maşına gedək filankəsin yanına. Qəzi deyir, sən get, mən gələrəm və gedir, bir başa girir onun kabinetinə. soruşur ki, sən kimsən? Özünü təqdim edir.

- Sənsən mənim üzümlərimi dağıdan?- Adam qəzəblə soruşur.

Qəzi isə hirslə:

- Heç ölüb ərimirsən, gözün doymur? “Zapravka”n, bazarın, şadlıq evin, dükanların... Gündə bir vedrə üzüm aparıram. 5 ailəyə bölürəm. Çəkmişəm, hər evə 1 kilo 300 qram düşür. Kasıb düşəcəksən? Öl, əri, indən belə yalvarsan da, sənin sahənə girmərəm, - deyib.

Kişi mat qalıb. Deyib, gəl otur. Oturmayıb. “Sənin kimi “kraxabor”la bir yerdə oturmaram”, - deyib, qapını çırpıb gedib.

İndi həmin adam hər gün üzüm yığımı vaxtı ona bir yeşik üzüm göndərir. Ayda da xərclik.

Müəllim dostum sözarası onu da dedi ki, onun o qıza görə dəli olması boş söhbətdir. Bu adamdan əsgərlikdə harada olduğunu soruşmuşam. Yadına sala bilməyib. Amma ömrü boyu nə işləkləri olubsa, hər şey yadındadır. O vaxtı bu “sekretni çast”da xidmət edib. Tərxis olunanda buna və bunun əsgər yoldaşlarına iynə vurublar ki, hər şeyi unutsunlar. Bəziləri gəldikdən 4-5 ay sonra ölüb. Bu isə möhkəm adamdır. Beyni pozulub, amma ölməyib...

Başqa bir dostum dedi ki, yox, buna nə oldusa sevdiyi qıza qovuşa bilməməkdən oldu.

- Bu yaxınlarda həmin qız kəndə gəlmişdi. Bir həftə qaldı. Bu bir həftəni yazıq Qəzi körpünün üstündə oturdu, onların doqqazının qarşısını kəsdirdi. O qadın heç olmasa bir dəfə də olsun çölə çıxmadı ki, bu yazıq onu görə bilsin. Saçını isladıb darayırdı, güzgüyə baxırdı. Oturub gün batana qədər gözləyirdi...

Bu yaxınlarda kənddən şəhərə gəlirdim. Gördüm Qəzi durub qarağacın altında. Maşını saxlayıb görüşdüm. Gülümsədi və birdən əlini cibinə salıb bir dəmir daraq çıxardı:

- Tanıdın? Sənin verdiyin daraqdır.

- Nə əcəb indiyə kimi saxlayıbsan, ay Qəzi?

- Axı mənə indiyə qədər heç kəs heç nə bağışlamayıb. Təkcə sən bunu veribsən. Dost dostun hədiyyəsini itirər heç?..
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.