İki dəfə yandırılan ticarət mərkəzinin əsl sahibi üzə çıxdı - Ziya Məmmədov...

1-11-2014, 12:12   
İki dəfə yandırılan ticarət mərkəzinin əsl sahibi üzə çıxdı - Ziya Məmmədov...

Sumqayıtdakı “Karvan” nəqliyyat nazirinin imiş; Ağamirzə Əhədov bazarın “faizli xozeyni”dir; “Nəqliyyat nazirinin obyektini ard-arda yandırmaqla ona göz dağı verirlər”
Son vaxtlarda iki dəfə güclü yanğının baş verdiyi Sumqayıtdakı “Karvan” Ticarət Mərkəzinin əsl sahibi ilə bağlı maraqlı məlumatlar əldə etmişik.

“Yeni Müsavat”a daxil olan məlumatda bildirilir ki, Sumqayıtdakı iri alış-veriş mərkəzlərindən olan “Karvan”ın əsl sahibi heç də Ağamirzə Əhədov deyil. Məlumatda bildirilir ki, “Karvan” əvvəllər Sumqayıtın kolxoz bazarı kimi fəaliyyət göstərib. Sonradan isə A.Əhədov müəyyən yollarla həmin ərazini bir az da artıraraq onun yerində hər ay milyonlarla manat gəlir gətirən ticarət mərkəzi inşa etdirib.

Məlumatda bildirilir ki, A. Əhədov vaxtilə sabiq prezident Ayaz Mütəllibovun qatı tərəfdarı olub və onun o zaman - Mütəllibov Corat məscidində olarkən elədikləri hələ də sumqayıtlıların yadından çıxmayıb. AXC-Müsavat iqtidarı dövründə isə A. Əhədovun qanunsuz əməlləri təftiş olunub və bazar onun əlindən alınaraq o dövrdə “Mebel Mais” kimi tanınan başqa bir iş adamına verilib və bu iş məhkəmə çəkişməsinə qədər uzanıb.
Nəticədə isə əslən Ucar rayonundan olan A. Əhədov o dövrdə hakimiyyətin üst düzeyində təmsil olunanlarla çox yaxşı münasibətləri olan həmyerlisi Adil Minbaşının vasitəsilə yenidən bazara sahiblənə bilib.



Bu məsələnin üzərindən illər keçdikdən sonra bazarın yenidən A. Əhədovdan alınması məsələsi gündəmə gəlib. Bu dəfə isə A. Əhədov başqa bir həmyerlisinə - nəqliyyat naziri Ziya Məmmədova sığınıb. Məlumatda bildirilir ki, Z.Məmmədov A.Əhədova bu məsələdə “krışalıq” etməyə razılaşıb. Amma öz şərtlərini də irəli sürüb.

Tərəflər arasında razılaşma belə olub ki, Sumqayıt kolxoz bazarının yerində inşa edilən “Karvan” Ticarət Mərkəzi faktiki olaraq Z. Məmmədovun olur, A. Əhədovsa oranı işlədərək, hər ay gələn gəlirdən faizini götürür.



Elə ticarət mərkəzindəki ticarətçilər də A.Əhədovu “faizli xozeyin” kimi tanıyırlar. Amma son vaxtlarda ard-arda iki dəfə ticarət mərkəzində güclü yanğının baş verməsi və onlara dəyən zərərin əvəzində adekvat kompensasiya ala bilməmələri orada fəaliyyət göstərən ticarətçiləri narahat edir. Üstəlik, onlar baş verənlərin A.Əhədova qarşı olduğunu yox, Z.Məmmədovla əlaqədar olduğunu düşünürlər. Ticarətçilər bu yanğınları təsadüfi və hansısa nasazlıq ucbatından baş vermədiyini deyirlər.

Bu yanğınların qəsdən törədilməsi ehtimalını A.Əhədov da hadisə ilə bağlı danışarkən dilə gətirib.

Ticarətçilərin də dediklərindən belə anlaşılır ki, nəqliyyat nazirinin böyük bir obyektini ard-arda yandırmaqla bir növ ona göz dağı verirlər.

Bunun arxasında hansı qüvvələrin dayandığı isə Z.Məmmədovun özünə bəlli olsa da, hələlik nə “Karvan”dakı ticarətçilərə, nə də mətbuata bəlli deyil.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.