Polis rəisi “milyonluq qalmaqal” barədə istintaqa nələr deyib?

1-11-2014, 13:30   
Polis rəisi “milyonluq qalmaqal” barədə istintaqa nələr deyib?
Dələduzluqda təqsirləndirilən keçmiş hakim Həsən Əliyevin ittiham etdiyi Hikmət Usubovun ifadəsi «Azadlıq»da

Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Həsən Əliyevin adı keçən cinayət işi ilə bağlı redaksiyamıza yeni təfərrüatlar daxil olub. Bəlli olub ki, bu iş üzrə Nərimanov Rayon Polis Idarəsinin 16-cı polis bölməsinin rəisi Hikmət Usubov da istintaqa ifadə verib. Qeyd edək ki, Həsən Əliyev Bakı sakini Ramazan Səlimova vəzifədə olan tanışları vasitəsilə onu 1 milyon dollar müqabilində icra başçısı təyin etdirəcəyinə dair vəd verib. Həmin pulun 600 min manatını da ondan alıb, lakin vədini yerinə yetirməyib. Ramazan Səlimov Həsən Əliyevin dələduzluq yolu ilə onun pullarını mənimsədiyi barədə hüquq-mühafizə orqanlarına müraciət edib.

Bundan sonra Həsən Əliyevin hakimlik fəaliyyətinə xitam verilib və barəsində cinayət işi başlanıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə) maddələrilə ittiham olunur. Lakin keçmiş hakim həbs olunmayıb. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Həsən Əliyev mətbuata açıqlamalarında bildirmişdi ki, əslində o, Nərimanov rayonunun keçmiş prokuroru Fikrət Mahmudovla Nərimanov Rayon Polis Idarəsinin 16-cı polis bölməsinin rəisi Hikmət Usubovun qurduğu tələyə düşüb. Yeri gəlmişkən, Fikrət Mahmudov və müavini Cavid Quliyev bu məsələyə görə baş prokuror Zakir Qaralovun əmri ilə işdən çıxarılıb. Onlar barəsində cinayət işinin başlandığı barədə iddialar var.

Polis rəisi “milyonluq qalmaqal”ın izinə necə düşüb?


Əldə etdiyimiz məlumata görə, Hikmət Usubov Tariyel Haqverdiyev adlı şəxsin Ramazan Səlimovdan şikayət etməsindən sonra “milyonluq qalmaqal”ın izinə düşüb. Polis rəisi ifadəsində bildirib ki, Tariyel Haqverdiyev 2013-cü ilin martında onun qəbuluna gələrək Ramazan Səlimovdan şikayət edib. Hikmət Usubovun sözlərinə görə, Tariyel Haqverdiyev əvvəllər Naxçıvan Muxtar Respublikasının polis sistemində çalışıb, hazırda təqaüddədir. Polis rəisinin sözlərinə görə, adını unutduğu hansısa həmkarı ondan xahiş edib ki, Tariyel Haqverdiyevi qəbul etsin. Tariyel Haqverdiyev Hikmət Usubova şikayətində bildirib ki, Ramazan Səlimov onun etibarından sui-istifadə edərək oğlunu işə düzəltmək adı ilə ümumilikdə 14000 ABŞ dolları məbləğində pulunu mənimsəyib. “Tariyel Haqverdiyev həmin pulları Ramazan Səlimova ”Gənclik" metrostansiyasının yaxınlığında yerləşən “Caspian” ticarət mərkəzinin qarşısında verdiyini göstərirdi. Hadisənin bizim ərazidə baş verməsini yəqin etdikdən sonra Tariyel Haqverdiyevə şikayət ərizəsi ilə müraciət etməsini təklif etdim, sonuncu ərizə verdikdən sonra mən ərizənin qeydiyyatdan keçirilməsini təmin etməklə, araşdırılmasını bölmənin təhqiqatçısı Şövqi Ismayılova tapşırdım. Mən həmin vaxtadək Tariyel Haqverdiyevi tanımırdım, görməmişdim",- deyə Hikmət Usubov ifadəsində bildirib.

Polis rəisi daha sonra deyib ki, Şövqi Ismayılov Tariyel Haqverdiyevin izahatını alaraq ona məruzə edib: “Şövqi Ismayılov mənə məruzə etdi ki, şikayətçi Tariyel Haqverdiyev izahatında Ramazan Səlimovla Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevin xidməti otağında tanış olduğunu, oğlunun ədliyyə orqanlarında işə düzəldilməsi adı ilə Ramazan Səlimovun 2012-ci ilin hansısa ayında ondan 10.000 ABŞ dolları və 2300 manat pulunu aldığını, ancaq işi düzəltmədiyini və pulu da geri qaytarmadığını göstərib.

Mən təhqiqatçıya Ramazan Səlimovun şəxsiyyətinin müəyyənləşdirilərək polis bölməsinə dəvət edilməklə izahatının alınmasını tapşırdım. Ramazan Səlimovun olduğu yeri tapmaq bir neçə gün çəkdi. Bölmənin əməliyyatçısı Məhərrəm Həsənov onun olduğu yeri müəyyən edib izahatının alınması üçün təhqiqatçı Şövqi Ismayılovun yanına gətirdi. Izahatı alındıqdan sonra təhqiqatçı Şövqi Ismayılov mənə məruzə etdi ki, Ramazan Səlimov izahatında Tariyel Haqverdiyevdən pul almasını etiraf etsə də, həmin pulu onun oğlunu işə düzəltmək adı ilə yox, borc şəkilində aldığını bildirib. Ramazan Səlimov təhqiqatçıya Tariyel Haqverdiyevdən almış olduğu pulu ödəmək üçün 3-4 gün möhlət alıb bölmədən gedib. Bir neçə gündən sonra Şövqi Ismayılov mənə məruzə edib bildirdi ki, Ramazan Səlimovun həyat yoldaşı mənim qəbuluna gəlmək istəyir. Mən adını xatırlamadığım həmin qadını qəbul etdim. Qəbul zamanı qadın çəkingən şəkildə danışırdı. Mən ondan nədən narahat olmasını, qorxduğunu soruşdum. Qadın məndən təhlükəsizliyinə şifahi zəmanət verməyimi xahiş edib, bildirdi ki, bütün bu işləri onların başına Həsən adlı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi gətirib. Belə ki, Həsən onun əri Ramazanı rayonlardan birinə icra başçısı təyin edilməsi müqabilində sonuncudan 600 min manat pul alıb, hal-hazıradək də qaytarmayıb. Həmin qadın uşaqlarından narahat olduğunu, Həsənin öz əməllərini ört-basdır etmək üçün hər hərəkətə gedə biləcəyini, Tariyelin şikayətini də Həsənin təşkil etdiyini bildirdi. Mən qadınla bu məzmunda qısa söhbətdən sonra təhqiqatçı Şövqi Ismayılova tapşırdım ki, həmin xusasatla bağlı Ramazanın ərizəsini alıb araşdırsın. Qeyd olunanlarla bağlı Ramazan ərizə yazıb, həmin ərizə qeydiyyata alınmaqla ayrıca bir material kimi araşdırılmasına başlanıb".

“Həmin pul bölmədə ödənməyib...”

Bundan bir neçə gün sonra Şövqi Ismayılov Hikmət Usubova bildirib ki, Həsən Əliyev bölməyə gəlib: “Həmin vaxt Həsəni qəbul edərkən o, bildirdi ki, Ramazanla Tariyelin barışdırılması, onlar arasında narazılığı aradan qaldırmaq üçün özü gəlib. Həsəni təhqiqatçı Şövqinin yanında qəbul etdim, ona dedim ki, Ramazangil də onun barəsində şikayət ediblər. Həsən həmin vaxt ilkin olaraq ümumiyyətlə Ramazandan pul almadığını desə də, söhbətin gedişində təhqiqatçının ona qarşı arqumentlərindən sonra etiraf etdi ki, həqiqətən də Ramazandan pul alıb. Lakin ilkin olaraq o, dedi ki, Ramazandan işə düzəltmək adı ilə 300 min manat pul alıb. Bir qədər sonra isə dedi ki, Ramazandan 600 min manat alsam da mənlikdir, almasam da. Çünki yazılı sənəd vermişəm. Görüş zamanı Həsən mənə dedi ki, yaxın vaxtlarda bütün pulları qaytaracaq. Mən isə ona dedim ki, elə etsin ki, şikayət olmasın. Bundan bir neçə gün sonra bu məsələ ilə əlaqədar əvvəllər tanımadığım, özünü Elman kimi təqdim edən şəxs mənim qəbuluma gəldi. Elman qəbuluma gələrkən özünü çox səmimi apardı, guya məni və hətta atamı çoxdan tanıdığını deyib mənimlə öpüşüb-görüşdü. Elman bildirdi ki, Həsən hakim adamdır, hər dəfə gəlib-gedə bilmir, bundan sonra o özü bu işlə məşğul olacaq, dəymiş ziyanı da ödəyəcəkdir. Səhv etmirəmsə, 10 gün sonra Ramazanın Həsən barəsində olan ərizəsi ilə əlaqədar toplanmış materiallar üzrə pul mübahisəsi mülki xarakterli olduğu üçün cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildi. Lakin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar barədə Həsənə məlumat vermədik. Çünki istəyirdik ki, Həsən Ramazana olan ziyanı ödəsin, əks təqdirdə sonuncunun arvadı mətbuata açıqlama verəcəyini deyirdi. Biz də istəmirdik ki, dövlətimizdə hakim vəzifəsini tutan şəxsin adı hər hansı dələduzluq, rüşvət qalmaqalında hallansın. Qeyd edim ki, material üzrə cinayət işi başlanmasının rədd edilməsindən bir neçə gün sonra dəqiq xatırlamadığım tarixdə Elman 100 min manat pulu bölməyə gətirib ödəmə etmək istəmiş, Şövqi isə onlara deyib ki, gedib bölmədən kənarda Ramazangilə ödəmə etsin. Həmin pul bölmədə ödənməyib, bununla bağlı bölmədə hər hansı sənəd tərtib edilməyib. Ramazanın arvadı da Tariyelə dəymiş ziyan kimi sonuncuya 10 min manat pul verib, sonuncu isə şikayətinin olmaması barədə ərizə yazıb. Bildiyimə görə, ziyan ödənildikdən sonra Tariyelin şikayəti ilə əlaqədar material üzrə cinayət işinin başlanılması rədd edilib. Həmçinin qeyd edim ki, dəqiq tarixlər yadımda qalmasa da, Elman iki dəfəyə, bir dəfə 70 min manat, növbəti dəfə isə 80 min manat olmaqla, Həsənin Ramazana vurduğu ziyanın daha 150 min manatını da ödəyib. Beləliklə, ümumilikdə Həsənin Ramazana vurduğu ziyandan 250 min manat ödənmiş, lakin pul ödənilməsi ilə bağlı rəsmi sənədləşmə aparılmamışdır”.

Həsən Əliyevin təklifləri

Polis rəisi qeyd edib ki, 250 min manat ziyan ödəndikdən sonra dəqiq xatırlamadığı tarixdə Elman Məmmədov onun qəbulunda olaraq Həsən Əliyevin təklifini diqqətə çatdırıb: “Elman məndən xahiş edib ki, Həsən Ramazana dəymiş ziyanın yarısını, yəni 300 min manatını ödəməklə kifayətlənsin, buna görə Həsənin bizə ”hörmət" edəcəyini deyib. Mən isə Elmana qəti etiraz edərək, onu otağımdan qovub, bu təklifini rədd etmişəm. Bu söhbətin üstündən uzun müddət keçsə də, gördüm ki, daha Həsən ziyanı ödəmir. Buna görə, bir neçə dəfə mən Həsənə, o da mənə zənglər edib ziyanın ödənilməsi barədə danışmışıq. Hər dəfə Həsən ziyanı ödəyəcəyini desə də, vədinə əməl etmirdi. 2013-cü ilin təxminən iyul ayında Həsən artıq zərərçəkənlərə və təhqiqatçıya demişdi ki, ziyanın qalan hissəsini ödəməyəcək. Buna görə, Ramazanın arvadı Bakı şəhər prokurorluğuna Həsənin əməlləri barədə şikayət elədi, bundan sonra həmin ərəfədə material Nərimanov rayon prokurorluğu tərəfindən tələb edilməklə, ləğv edilib, Bakı şəhər prokurorluğuna göndərildi. Bundan bir qədər sonra, Həsən mənimlə zəngləşib iş yerimdə qəbuluma gəldi. Görüş zamanı Həsən dedi ki, əlavə 50-100 min manat da pul ödəsin, qalan pul məbləğinin ödənilməsi ilə əlaqədar isə notartial müqavilə bağlasın və Ramazan şikayətini geri götürsün. Həsən ona görə bunu mənə deyirdi ki, düşünürdü ki, mən Ramazangilə bunu desəm, onlar mənim sözlərimdən çıxmazlar. Lakin mən Həsənə dedim ki, əvvəla artıq materiallar bizim bölmədən götürülüb, digər tərəfdən lap araşdırma bizim bölmədə davam etdirilsə də, mən vətəndaşa onun təklifini deyə bilmərəm. Bundan başqa, Həsənlə aramızda danışıq olmadı və o, çıxıb getdi".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.