“Le Monde”: “Qəddar düşmənlər birdən yoldaş oldular, çox yaxın idilər, bir-birilə "sən"lə danışırdılar...”
Fransanın “Le Monde” nəşri Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşü haqda maraqlı material dərc edib.
“Qəddar düşmənlər – Serj Sarkisyan və İlham Əliyev birdən yoldaş oldular, çox yaxın idilər, bir-birilə "sən"lə danışırdılar”, - görüşdə iştirak edən fransız diplomat iki düşmənin bu cür ünsiyyətindən təəccübünü gizlətməyib.
“Bu möcüzəni kim yaratdı? Ola bilsin ki, iki liderin Yelisey Sarayında görüşünə təşəbbüs göstərən Fransua Olland”, - diplomat vurğulayıb. O qeyd edib ki, Olland prezidentlərin ağrılı Qarabağ münaqişəsi üzərində ilişib qalmaması üçün müzakirələrin mövzusunu şaxələndirib.
Bununla belə, nəşr qeyd edir ki, görüşün nəticəsi azdır. “Münaqişənin həlli görünmür. Yeganə nailiyyət 2015-ci ilin sentyabrında Nyu Yorkda növbəti görüş barədə razılaşma olub”, - məqalədə deyilir.
Bütün bunlarla yanaşı Ollandın ətrafı həm də ondan məmnundur ki, Fransa Rusiyanın təsiri altında olan ərazidə öz mövqeyini möhkəmləndirib.
“Lakin bu ölkələr Avropa ilə yaxınlaşmağa cəhd edirlər. Odur ki, Parisin devizi belədir: Ukraynada olduğu kimi onları Rusiya və Aİ arasında seçim etməyə məcbur etməmək. Hadisələrin təkrarlanmasına yol vermək olmaz. Söhbət Rusiya ilə münasibətlərin pozulmasından getmir. Biz tələyə düşmək istəmirik”, - fransız diplomat vurğulayıb.