Yevlax polisi Almaniya vətəndaşından rüşvət tələb edir

1-11-2014, 16:40   
Yevlax polisi Almaniya vətəndaşından rüşvət tələb edir
Türk əsilli Almaniya vətəndaşının Azərbaycanda üzləşdiyi rəzalət
Yevlaxda qəza törədən Ömər Mamedovdan 5 min manat rüşvət tələb olunub
Türk əsilli Almaniya vətəndaşı Ömər Mamedov Azərbaycanda üzləşdiyi rüşvətxorluqdan şikayətçidir. Qəza törətdiyinə görə, avtomobili cərimə meydançasına aparılan Almaniya vətəndaşından 5 min manat tələb olunub. Bu məbləği vermədiyinə görə, avtomobili əlindən alıblar ona qaytarılmır.
Bu barədə mətbuata müraciət edən Ömər Mamedov şikayətini yuxarı orqanlara çatdırmaq üçün "Yeni Müsavat”dan kömək istəyib.
Şikayətçi baş verən hadisənin təfsilatı haqda bunları deyib: "Mən türk əsilli Almaniya vətəndaşıyam. Hazırda Almaniyada yaşayıram. Bu il oktyabrın 22-də saat 05:00 radələrində Yevlax şəhərinin mərkəzində qəza törətdim. Oradan məni xəstəxanaya apardılar. Başımdan yara almışdım. 6 tikiş qoydular. Səhər saat 9-da polis əməkdaşları xəstəxanaya gələrək, məni yaralı vəziyyətdə bölməyə apardılar. Mən xəstə olduğumu bildirdim. Amma buna məhəl qoymadan məni zorla bölməyə apardılar. Rəis üstümə qışqıraraq nə üçün qəza törətdiyimi soruşdu. Qorxu yaratmaq istədi.
Danışacaq durumda deyildim. Dedim ki, qəzada nə zərər olubsa, ödəyərəm. Avtomobilin sığortalı olduğunu bildirdim. Mənimlə insanlığa yaraşmayan hərəkət etdilər. Təhqir olundum. Ardınca müstəntiq Mübariz Quliyev gəldi. O da rəis kimi davrandı. Məni təhqir etdi. Açıqca mənə 5 min manat verməsəm, maşını qaytarmayacaqlarını dedilər. Şahidlərimin olduğunu söylədim. Məndən nə qədər zamanımın olduğunu soruşdular. 5 gün vaxtımın qaldığını və bundan sonra Almaniyaya gedəcəyimi dedim. Bu müddət ərzində 5 min manatı ödəməsəm, maşını verməyəcəklərini açıq şəkildə utanmadan mənə dedilər”.
Şikayətçi Almaniya səfirliyinə müraciət etdiyini bildirdi: "Almaniya səfirliyinə müraciət etdim. Həmin an konsulluqdan zəng vuraraq, Azərbaycana Almaniya pasportu ilə daxil olduğumu bildirdilər. Bundan sonra tələsik işə başladılar. Sənədlərimi yoxladılar. Dözə bilmədiyimə görə, xəstəxanaya qayıtdım. Hazırda başımda tikişlər var. Sığorta işçiləri gəldilər. Qəza zamanı uçan divarın xərcini çəkəcəyimi söylədim. Xəstəxanaya Hikmət Kərimov adlı polis gələrək dəyən ziyanın məbləğini dedi. Ödəyəcəyimi söylədim. Amma o mənə 845 manat ödəməli olduğumu dedi. Dəhşətə gəldim. Hikmətə ”rüşvətdən başqa heç nə bacarmırsınız" dedim. O, "sən polisi təhqir edirsən”- deyə üstümə qışqırdı. Avtomobilə baxış keçirilən zaman dəhşət məni bürüdü. Əsas hissələr sökülmüşdü. Bunun səbəbini soruşdum. Cavab verən olmadı. Xəstəxanada azərbaycanlılardan mənə dəstək olanlar oldu. Hər birinə təşəkkür edirəm. Almaniya səfirliyinə müraciətimdən sonra maşınım qaytarıldı. Başqa avtomobil daşıyan nəqliyyat vasitəsinə yükləyib, Gürcüstan ərazisinə keçirdim. Orada mənə göstərilən münasibətlə sizin ölkədə gördüyüm münasibət arasında görünməmiş fərq var idi. Başıma gələnləri orada danışdım. Eşitdiklərindən dəhşətə gəldilər".
Ömər Mamedov hüquqlarının pozulması ilə əlaqədar Avropa Məhkəməsinə müraciət edəcəyini söylədi: "Haqqımın bərpa olunmasını istəyirəm. Avropa Məhkəməsinə müraciət edəcəm. Daha öncədən də burada mənə təzyiqlər olmuşdu. 5 il bu ölkəyə girə bilmədim. 5 ildən sonra gəldiyim zaman heç nəyin dəyişmədiyini gördüm. Rüşvətxorluq və haqsızlıq daha da artıb. Belə yeraltı və yerüstü sərvətləri olan zəngin bir ölkədə bu vəziyyətin yaranması təkcə məni yox, hər kəsi narahat edir. Azərbaycan prezidentinə müraciət edərək başıma gələnlərin araşdırılmasını və həllini xahiş edirəm”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.