“Biz bilirik artıq Suriya və İraqda nə qədər azərbaycanlı döyüşür”.
Bu sözləri politoloq Ərəstun Oruclu çıxış edib.
O, İŞİD-in arxasında ABŞ-ın dayandığına inanmadığını bildirib:
“Rus ekspertləri artıq birinci dəfə deyil ki, İŞİD-in Qafqaz üçün böyük təhlükə olduğunu deyirlər. Hətta bundan öncə Rusiya Müdafiə naziri Bakıda olan zamanda bu məsələyə diqqət ayırmışdı. Əslində, bu cür eyhamlar çox təhlükəli tendensiyadır. Təəssüflə deməliyəm ki, əsassız da deyil. Ona görə ki, biz bilirik artıq Suriya və İraqda nə qədər azərbaycanlı döyüşür. Onların Rusiyadan olan döyüşçülərlə bir yerdə vuruşmaları və buradakı bəzi döyüşçülərin Rusiyaya bağlılığı Moskvanın bu tip şəxslərdən Azərbaycanla Gürcüstanda istifadə etməsinə şərait yarada bilər. Ola bilər ki, bunlar yalnız eyhamdır. Məsələ burasındadır ki, İŞİD ABŞ-ın ayağına yazılsa da, bu gün onu da faktiki olaraq sıradan çıxaran da ABŞ-dır. Vaşinqtonun nəyinə lazım idi ki, belə bir terror təşkilatı qursun və sonra onu məhv etməyə başlasın. Bu absurddur. Artıq İŞİD-in arxasında dayanan sifarişçilərin qulaqları görünməyə başlayır. Bunlardan biri şübhəsiz ki, Əsəd rejimi, müəyyən qisim ərəb ölkələri və ya oradakı dairələrdir. Burada Rusiyanın da maraqları var. İŞİD-dən hər kəs öz məqsədləri üçün istifadə edir. Bizi ABŞ və Rusiya tərəfindən bu təhlükə ilə bağlı xəbərdar ediblərsə, demək, buna nə olur-olsun hazır olmalıyıq. Bu tip qruplara qarşı zorakılıq onların əks cavab verməsilə nəticələnir. Burada konkret strategiya seçilməlidir. Əgər bizə hər tərəfdən xəbərdarlıq olunursa, deməli, təhlükə var”.