Qarabağ danışıqlarında gizli pauza elan edilib

2-11-2014, 14:11   

Nizamlama prosesinin əsas intriqası və Bakı üçün geosiyasi seçimin ağır yükü növbəti ilin payızına keçir; “taym-aut” Azərbaycana da sərfəlidir, çünki...
Qarabağ probleminin nizamlanması üzrə Fransa, Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşü, təxmin etdiyim kimi, ümumən nəticəsiz bitdi. Nizamlama prosesində hansısa pozitiv irəliləyişə meylli olmayan situasiyada real nəticələr necə peyda ola bilərdi ki? Danışıqlar prosesindəki mövcud durumun əlverişsiz xarakterini isə aşağıdakı bir neçə amil diktə edir:


- Rusiya ilə Qərb (ABŞ, Fransa - AB) arasında postsovet məkanında, o sırada Qafqaz-Xəzər arealında dominantlıq uğrunda geosiyasi mübarizənin kəskin pisləşməsi. Ancaq nəzərə alanda ki, bu ölkələr Qarabağ nizamlanmasına dair Minsk Qrupunun həmsədrləridir və situasiyanın özü onların münaqişədən öz maraqları naminə manipulyasiya etməsini diktə edir, o zaman bu güclərin geosiyasi konsensus əldə edəcəyinə ümidlənmək mümkünsüzdür.

- Problemin nizamlanmasında bir çox həlledici məsələlər üzrə münaqişə tərəflərinin mövqelərində real yaxınlaşmanın olmaması. Əgər İrəvanın Moskvada vassal asılılığını ciddiyə alsaq, onda etiraf eləmək lazımdır ki, status-kvonun saxlanmasında Ermənistanın inadı xeyli dərəcədə elə konfliktdən maksimum siyasi qazanc götürməyə çalışan Rusiyanın özünün mövqeyi ilə bağlıdır.
Qarabağ danışıqlarında gizli pauza elan edilib
- Postsovet məkanında başqa oxşar və mürəkkəb münaqişələrin mövcudluğu (Dnestrayanı bölgə, Abxaziya, Cənubi Osetiya) və Ukraynanın cənub-şərqindəki situasiyanın sürətli şəkildə “qarabağlaşması”. Bu da sadalan konfliktlərin yoluna qoyulması üçün vahid geosiyasi və metodoloji platformanın formalaşdırılmasını olduqca çətinləşdirir. Axı, Qarabağ nizamlanmasında real sıçrayış digər oxşar konfliktlərin çözümündə də mühüm presedent rolu oynaya bilər ki, bu da problemin həllindən asılı olaraq ya Rusiyanı, ya da Qərbi qane etməyə bilər.

“Qapalı müzakirələrdə Bakının Naxçıvana dəhlizin açılmasının zəruriliyi barədə təklif irəli sürməsi, habelə razılaşdırılmış böyük sülh sazişinin hazırlanmasının gedişində işğal altındakı ərazilərin mərhələli şəkildə azad edilməsi barədə informasiya diqqətə layiqdir...”


- Uydurma “erməni soyqırımı”nın yaxınlaşan 100 illiyi. Bu, Ermənistan üçün bir yandan, prioritet kimi önə çıxır və danışıqlar prosesində onun mövqeyini sərtləşdirirsə, ikinci yandan, daim “genosid” kartından öz siyasi maraqları naminə faydalanan həmsədr ölkələrə (ABŞ, Rusiya, Fransa) əlavə və sanballı bəhanə verir ki, müəyyən pauza götürsünlər və Qarabağ problemini ikinci plana itələsinlər.

****



Sonuncu motiv olduqca diqqətçəkicidir, hərçənd Paris görüşünün yekunlarını şərh edən ekspertlərin diqqətini bu məqam nədənsə bir elə cəlb eləməyib. Yeri gəlmişkən, məni demək olar, nəticəsiz və informativ baxımdan boş olan Paris görüşündən hansısa pozitiv və uzaqgedən nəticələr çıxaran bir sıra ekspertlərin mövqeyi təəccübləndirdir. Belə optimist versiyalar, faktiki surətdə ya öncədən izafi gözləntilər sindromuna, ya da Paris görüşünün iştirakçılarının özlərinin görüşün pozitiv xarakter daşıdığı barədə kasad və növbətçi açıqlamalarına (məgər başqa vaxtlarda onlar bundan fərqli bir şey deyiblər?) əsaslanır. Yaxud da bu, sadəcə, “tünd qəhvə” ilə siyasi falçılıqdır və auditoriyanı həyəcanda saxlamaq niyyəti güdür.

Beləcə, Paris görüşünün yeganə real yekunu odur ki, faktiki olaraq, 2015-ci ilin sentyabrınadək Qarabağa dair danışıqlar prosesində gizli pauza elan edilib. Bununla da “əzabkeş” Ermənistana bir növ “genosid yubileyi”nə köklənmək imkanı yaradılıb.

Söz düşmüşkən, görüşün təşəbbüsçüsü olan prezident Fransua Olland gələn il aprelin 24-də İrəvanda “soyqırım törənləri”ndə iştirakla bağlı artıq öz istəyini izhar edib. Şübhə yox ki, Minsk Qrupunun Ermənistana meylli digər həmsədr dövlətləri – ABŞ və Rusiya da hansısa yüksək təmsilçilik statusunda həmin “yubiley” tədbirlərinə qatılacaq. Yəni həmsədr ölkələr bu dövrdə Qarabağ hayında olmayacaq.

Paris görüşünün digər real ştrixi də dolayısıyla elə “genosid tarixi”nin yubileyi ilə ilgilidir: tərəflər münaqişə zonasında atəşkəs rejimini hər vəchlə qorumaq və hərbi hərəkətlərin eskalasiyasından qaçmaq barədə razılığa gəliblər. Aydın məsələdir ki, Ermənistan və separatçı Dağlıq Qarabağ rejimi uydurma “soyqırımın” 100 illiyinə hazırlaşır və onlara bu “yubileyin” korlanmaması üçün təkcə sülh prosesində pauza yox, həm də təhlükəsiz dinc şərait imkanı verilməlidir.



Beləliklə, bəlli olur ki, niyə məhz Ermənistan Paris görüşünün yekunlarından az qala sevinc içindədir: çünki İrəvan sülh prosesində arzuladığı “genosid pauza”sına nail olub, atəşkəsin gözlənilməsi haqda anlaşıb və status-kvonu daha bir il uzadıb. Başqa sözlə, Azərbaycan torpaqlarının işğalı faktı daha bir il uzadılıb.

Bəs Azərbaycan? Düşünmürəm ki, İrəvana doğru addım atmaqla Bakı özünün taktiki və strateji uduşlarını hesablamamış və müzakirəyə çıxarmamış olsun. Ehtimal etmək olar ki, qapalı Paris danışıqları çərçivəsində Azərbaycanın maraqlarına cavab verən və Ermənistanın sonrakı qarşılıqlı addımlarına hazırlığını nəzərdə tutan məsələlərə də toxunulub. Bu xüsusda görüş zamanı Bakının Naxçıvana dəhlizin açılmasının zəruriliyi barədə təklif irəli sürməsi, habelə razılaşdırılmış böyük sülh sazişinin hazırlanması işinin gedişində işğal altındakı ərazilərin mərhələli şəkildə azad edilməsi barədə informasiya diqqətə layiqdir.

****

Ancaq nə qədər paradoksal da olsa, nizamlama prosesində ehtimal edilən üzücü pauza müəyyən mənada Azərbaycana da sərfəlidir, ona görə ki, həm Rusiyanın Avrasiya İttifaqına girməklə bağlı, həm də Qərbin avrointeqrasiya ilə ilgili pressinqli tələblərinə cavab zərurətini təxminən bir illiyinə ertələyir. İş ondadır ki, rəsmi Bakı özünün geosiyasi və inteqrasiya addımlarını daim torpaqların azad edilməsinin vacibliyi və Qarabağ ixtilafının nizamlanması ilə əlaqələndirir. Odur ki, bu məsələlərin həllində istənilən yubanma Azərbaycan dövlətinin başçısına balanslı geosiyasi kursu davam etdirmək şansı yaradır.

Qərblə Rusiya arasında postsovet məkanında dominantlıq uğrunda mübarizənin getdiyi indiki olduqca dinamik və təhlükəli situasiyada əlbəttə ki, vaxt uduşu və hədələrdən aralanmaq – balaca iş deyil. Zənn eləmək olar ki, Qarabağ danışıqlarının əsas intriqası və Bakı üçün geosiyasi seçimin ağır yükü növbəti ilin payızına , yəni “genosid pauza”sından sonraya keçir. Gözləyək!
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.