Dövlətə xəyanəti kim edir?

30-04-2014, 11:03   
Dövlətə xəyanəti kim edir?
Xəyanət Azərbaycanı özü boyda həbsxanaya çevirməkdir
"Dövlətə xəyanəti kim edir? məlumat mənbələrinə əli çatmayan, bilgisiz, məlumatsız jurnalist, yoxsa dövlətdə yüksək görəv alıb ancaq özünü, ailəsini düşünən, dəbdəbəli həyat tərzi keçirən, xalqın mənafeyini öz marağına təslim edən qudurğan, manqurt məmurlar?”

Ötən yazılarımızın birində qeyd etmişdik ki, Əliyev rejimi onun hakimiyyətinə azacıq təhlükə törədən istənilən şəxsi vətənə, dövlətə xəyanatdə ittiham edib damğalaya, həbsə ata bilər. Belə də oldu. Bir neçə gün öncə "Ayna- Zerkola” qəzetinin əməkdaşı, tanınmış ziyalı- jurnalist Rauf Mirqədirov anaoloji ittihamla həbsə alındı. Düzdür o, hakimiyyət üçün ciddi təhlükəli şəxslərdən deyildi. Amma onun vasitəsilə digər "təhlükəli” şəxslərin cəzalandırılması mümkündür. İqtidaryönümlü hüquq müdafiəçisi Elçin Behbudovun Rauf Mirqədirovla görüşərək onun adından yaydığı "Ermənistanda yalnız mən yox, Arif Yunus və Leyla Yunus da olubdur” fikri deyilənlərə kiçik misal ola bilər.
Rauf Mirqədirova qarşı irəli sürülən ittihamlar...
Baş Prokurorluğunun həbs olayı ilə bağlı yaydığı rəsmi məlumata nəzər salaq:”Azərbaycan vətəndaşı Mirqədirov Rauf Həbibulla oğlunun Azərbaycan Respublikasının suverenliyi, dövlət təhlükəsizliyi, ərazi toxunulmazlığı və müdafiə qabiliyyəti zərərinə olaraq 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək onların tapşırıqları əsasında Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, həmçinin dövlət sirri təşkil edən digər məlumatları fotoşəkillər və sxemlərlə birlikdə Ermənistan, Gürcüstan və Türkiyə ərazisində dəfələrlə görüşüb onlara verməsində əsaslı şübhələr olduğundan həmin faktla bağlı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə Baş Prokurorluğun və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmış və hazırda zəruri və təxirəsalınmaz istintaq tədbirləri davam etdirilir”.
Absurd ittihamlar və gerçək reallıqlar...
Rauf Mirqədirova qarşı irəli sürülən ittihamın onun şəxsiyyəti, peşə fəaliyyəti ilə uyuşmamasını, doğruluğuna ictimai inamın olmamasını və s. bir kənara qoyub ittihamın mahiyyətinə və məntiqinə varmaq istəyirik. Rəsmi məlumatda deyilir ki, R. Mirqədirov "Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək onların tapşırıqları əsasında Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, həmçinin dövlət sirri təşkil edən digər məlumatları fotoşəkillər və sxemlərlə birlikdə onlara verib”. Gəlin bir anlığa fərz edək ki, Rauf Mirqədirov illər uzunu bizlərin gözü qarşısında Azərbaycanın müstəqilliyi ilə bağlı çarpışıb mübarizə aparan, ictimai rəydə tanınan və hörmət edilən "Ayna- Zerkalo” qəzetinin əməkdaşı və həmin qəzetin baş redaktoru, böyük şəxsiyyət, dahi ziyalı, xalq yazıçısı İsmayıl Şıxlının oğlu, dəyərli və ləyaqətli insan Elçın Şıxlının illər uzunu bir yerdə çalışdığı tanınmış bir jurnalist, qələm əhli deyil. Hətta onun son 4 ildə ölkədən kənarda yaşamasına, ailəsinin Türkiyədə olması, eləcə də 2008- ci ildə "casusluq” etməsinin 6 il sonra "aşkara çıxarılması”- na dair yaranan sualları da bir kənara qoyuruq. Hesab edək ki o sıradan bacarıqlı, istedadlı bir jurnalistdir. Sual oluna bilər; avtoritar bir cəmiyyətdə, dövlət qurumlarının media və vətəndaş cəmiyyətinin üzünə bağlı olduğu, informasiya sorğularını cavablandırmadığı, məmurların xalqdan və jurnalist suallarından qaçdığı, qeyri- şəffaf, qapalı, informasiya mənbələrinə çıxış imkanlarının məhdud olduğu ölkədə hansısa müstəqil bir qəzetin əməkdaşı hansı xüsusi dövlət sirrinə məxsus ola bilər ki, həmin məlumatları düşmən ölkəyə ötürə bilsin? Təbii ki, bu mümkün deyil. Hətta Azərbaycanda hər hansı jurnalist istəsə belə respublika prokurorluğunun yaydığı rəsmi məlumatda qeyd olunduğu kimi "Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparılmasında istifadə üçün ölkədəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət” barədə mühüm məlumat əldə edib bu məlumatları Ermənistan kəşfiyyat orqanlarına ötürə bilməz. Çünki, birincisi yuxarıda qeyd edildiyi kimi bu məlumatları əldə etmək mümkün deyil, ikincisi isə Azərbaycanın 20 faiz torpaqları işğal olunub, ölkəmizin quru və hava məkanı Ermənistan tərəfindən çox asanlıqla izlənilə və nəzarət altında saxlanıla bilir. Yəni o məlumatları ki, düşmən ölkənin kəşfiyyatı əldə edə bilər, onu hər hansı jurnalistin dəstəyi olmadan da əldə edə bilər.
Dövlətə xəyanət hansı hərəkətdir?
Yuxarıda qeyd etdiyimiz kimi Azərbaycan torpaqlarının 20%- i işğal olunub. Heç şübhəsiz 1993- cü ilin yayında mövcud hakimiyyət dönəmində Milli Ordunun tərkibində olan 33 batolyonun buraxılması son 6 rayonunun işğal olunmasında böyük rol oynadı. Hesab edirik ki, xəyanət hakimiyyətə gəlmək və hakimiyyətdə möhkəmlənmək üçün döyüş bölgəsindən döyüş sursatı ilə birgə hərbi hissəni geri çəkmək, vətəni, xalqı əli- yalın şəkildə, düşmənlə üz- üzə qoymaq və torpaqlarımızın işğalına şərait yaratmaqdır..
Xəyanət hər il xalqa tezlikə torpaqları işğaldan azad edəcəyik deyib yalançı vədlər vermək, insanlarımızı təslimçi sülhə hazırlamaq, torpaqlarımızı azad etmək əvəzinə bütün ölkə boyu işğal olunmuş rayonların adlarına uyğun yaşayış məskənləri salmaq, Qarabağı unutdurmaq, müharibə qazilərinə, əlillərinə divan tutmaq, onları çörəklə imthana çəkib intihara məcbur etməkdir.
Dövlətə xəyanət orduya ayrılan vəsaitləri mənimsəyib, əsgərləri ac- yalavac, bitin- birənin içində saxlamaq, qeyri- döyüş şəraitində onların ölümünə səbəb olan vəziyyəti yaratmaqdır.
Dövlətə xəyanət etmək, xalqın qanınını sorub, onun malını mülkünü yağmalaq, dövlət büdcəsini talan etmək, ölkədə korrupsiyanı çiçəkləndirməkdir.
Dövlətə xəyanət mədən sənayesi şirkətlərini övladlarının adına keçirib ölkənin yeraltı və yerüstü sərvətlərini talan etmək, hədsiz dərəcədə varidat toplayıb, ölkənin var- dövlətini, milyardlarını ofşar zonalara çıxarıb vətən oğullarını xaricə qul kimi əməyini, qızlarını isə Dubaya bədənlərini satmağa göndərməkdir.
Dövlətə xəyanət dövlət resurslarını özü və ailəsi üçün istifadə etmək, hakimiyyətin yeganə mənbəyi olan xalqın seçim hüququnu zorlayıb hakimiyyəti qeyri- qanuni yolla zəbt etmək, ölkəyə yarım əsrə yaxın hökmranlıq etmək, monarxiya yaratmaqdır.
Dövlətə xəyanaət etmək xalqın ziyalı kəsimini, müəllimini, həkimini, pensiyaçısını, Qarabağ qazisini və s. şəxsləri 150- 200 manat aylıq məvacibin öhdəsinə buraxıb öz övladlarına xarici ölkələrdə villalar almaq, onların qudurğan, dəbdəli həyat şəraiti təmin etməkdir.
Dövlətə, xalqa xəyanət məmurların öz övladlarını xarici ölkələrdə ən yüksək ali məktəblərdə oxutdurub, onları bahalı maşınlarla, təm- taraqlı yaşayışla təmin edib qudurtmaq, kasib insanların ləyaqətli, fədakar, savadlı gənc övladlarını NİDA- çıların timsalında həbsxnalara salıb onlara zülm, işgəncə verib çürütmükdir.
Xəyanət Azərbaycanı özü boyda həbsxanaya çevirməkdir.
Xəyanət ölkənin bütün iqtisadiyyatını neft üzərində qurub, qeyri- neft sektorunu, kənd təsərrüfatını iflic etmək, insanları bank kreditlərini, nisyə dəftərlərini ümidinə qoymaqdır... Deməklə, saymaqla qurtaran deyil
İndi siz deyin: dövlətə xəyanəti kim edir? məlumat mənbələrinə əli çatmayan, bilgisiz, məlumatsız jurnalist, yoxsa dövlətdə yüksək görəv alıb ancaq özünü, ailəsini düşünən, dəbdəbəli həyat tərzi keçirən, xalqın mənafeyini öz marağına təslim edən qudurğan, manqurt məmurlar?
Dövlətə xəyanət hansı hərəkətdir; ölkənin müstəqilliyi üçün külünk çalmış fədakar insanları, ziyalıları, jurnalistləri həbsxanaya salmaq, yoxsa erməni əsilli məmurlara hakimiyyətdə yer verib onlara hər cür kamfort, rahat və təhlükəsiz həyat bəxş etmək?
Suala cavab haqqı sənindir, əziz oxucu; dövlətə xəyanəti kim edir???

Kürşad KAYA
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.