“Azərsu, “Azəryolservis” və Bakı meriyası 2 milyard 250 milyon manatlıq dövlət investisiyasını “söküntü-təmir” adı ilə mənimsəyir; yolları təcili şəkildə normal vəziyyətə gətirməklə bağlı hakimiyyətin göstərişi Cavid Qurbanov, Hacıbala Abutalıbov və Qorxmaz Hüseynov üçün əsl “biznes” mənbəyinə çevrilib...
Bakı yollarında söküntü işlərinin intensivləşməsi gələn ilin iyununda paytaxtda keçiriləcək Avropa Olimpiya Oyunlarına hazırlıqla bağlıdır. Siyasi hakimiyyət yolları təcili olaraq normal vəziyyətə gətirməklə bağlı göstəriş verib. Ancaq hakimiyyətin bu göstərişi aidiyyəti qurumlar (“Azərsu" ASC, ”Azəryolservis" ASC və Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) üçün əsl “biznes” mənbəyinə çevrilib.
Bu barədə “Yeni Müsavat”a mötəbər mənbələrdən məlumat daxil olub. Mənbə deyir ki, olimpiya oyunlarına hazırlıqla bağlı “Azəryolservis”ə ayrılan investisiya xərcləri 1 milyard manata, BŞİH-in investisiya xərcləri isə 800 milyon manata çatdırılıb. “Azərsu”nun investisiya xərcləri ötən illə müqayisədə bir qədər azalsa da, 450 milyon manatlıq sərmayənin əsasən Olimpiya Oyunlarına xərclənməsi tapşırığını alıb. Bundan faydalanan məmurlar büdcə vəsaitlərini mənimsəmək üçün rabitəsiz fəaliyyətə keçiblər.
“Azəryolservis” və ya BŞİH (paytaxtda yolların təmir-tikintisi ilə hər iki qurum məşğul olur) yolları təmir edir, sonra “Azərsu” sökür və yenidən təmirə ehtiyac yaranır. Və yenidən “Azəryolservis” və ya meriya yolları təmirə bağlayır, böyük məbləğlər silinir.
Mənbə bildirir ki, bu korrupsiya setində ən çox “qazanan” BŞİH-dir. Çünki hansı qurumun layihəsinin olmasından asılı olmayaraq, söküntü və ya təmir işlərinə başlamaq üçün meriyadan “icazə” alınmalıdır. Meriya isə icazəni böyük məbləğli “qeyri-rəsmi” ödənişin müqabilində verir. BŞİH-in öz layihələri təbii ki, “icazəsizdir” və buna görə heç kimə ödəniş edilmir.
img]http://anaxeber.info/uploads/posts/2014-11/1414995791_cavid.jpg[/img]
Mənbə bu korrupsiya üçbucağının maraqlı bir detalını da qeyd edir: qurumların rəhbərləri izi itirmək və medianın haqlı tənqidindən qurtulmaq üçün “kartel razılaşmasına” (bazarın qarşılıqlı razılaşdırmaqla bölüşdürülməsi) gediblər. Məsələnin mahiyyəti belədir: BŞİH başçısı Hacıbala Abutalıbov, “Azəryolservis” ASC-nin sədri Cavid Qurbanov və “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynova məxsus şirkətlər sahiblərinin tenderlərində iştirak etmirlər. Məsələn, Abutalıbovun şirkətləri “Azərsu”nun tenderinin, Qurbanovun şirkətləri BŞİH-in tenderinin, Hüseynovun şirkətləri “Azəryolservis”in elan etdiyi tenderlərin “qalibi” olur. Yəni sabah kimsə iddia etməsin ki, Qurbanovun ailə üzvlərinə məxsus şirkətlər “Azəryolservis”in tenderini udub. Formal olaraq tenderi başqa şirkət, tutaq ki, Hüseynovun şirkəti udub. Ancaq realda tenderlər “barter” edilib. Yəni formallıq oliqarxların real gəlirlərinə qətiyyən təsir etmir.
Beləliklə, üst-üstə 2 milyard 250 milyon manatlıq dövlət sərmayəsinin əhəmiyyətli kəsimini bu üç qurumun rəhbərliyi mənimsəyir. Sistemsiz söküntü işləri də bu mənimsəməni leqallaşdırmaq üçün lazımdır. Halbuki, normalda hər bir yol təmirə bağlananda onun kanalizasiya xətlərinin də yararlı olub-olmaması müəyyənləşməli, zərurət yaranarsa işlər paralel aparılmalıdır. Bu həm büdcə vəsaitinə qənaət, həm də vətəndaşların rahatlığının təmin olunması deməkdir.
Yada salaq ki, ötən saylarımızda sentyabrdan etibarən Bakı küçələrində intensiv qazıntı işlərinin aparılması ilə bağlı məlumat vermişdik. Hazırda paytaxtda qazıntı işlərini “Azərsu” ASC həyata keçirir. Qurum paytaxtın Nobel, Bülbül prospektlərində qazıntı işləri aparıb, müxtəlif küçələrdə, yollarda təmirə başlayıb.
“Azərsu” ASC-nin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı bildirib ki, hazırda şəhərdə su və kanalizasiya xətlərinin plana uyğun olaraq mərhələli şəkildə dəyişdirilməsi prosesi həyata keçirilir: “Bakıda 30-40-cı illərdə çəkilmiş su xətləri hələ də istismardadır. Onların mərhələli şəkildə dəyişdirilməsi planda var. Ümumiyyətlə, paytaxtda su və kanalizasiya xətlərinin 80 faizi istismar dövrünü başa vurub və bu istiqamətdə vəziyyət ürəkaçan deyil. Həmçinin, Bakıda 8 mindən artıq çoxmənzilli bina var. Bu yaşayış binalarının 70 faizində su xətlərinin vəziyyəti yaxşı deyil. Biz hələlik 10 faizini dəyişə bilmişik və qarşıdakı dövrdə işlər davam edəcək”.
Deməli, bir elə xərclərə baxmayaraq kanalizasiya xətlərinin cəmi 10 faizi dəyişdirilib. 2006-cı ildən etibarən dövlət büdcəsi və beynəlxalq maliyyə təşkilatlarının kreditləri hesabına kanalizasiya sisteminin yenilənməsi üçün 3 milyard dollardan çox vəsait qoyulub. Normalda bu pula bütün ölkənin kanalizasiya sisteminin ən azı 50 faizini yeniləmək olardı. Ancaq sərmayələrin ən çox yatırıldığı Bakıda yararsız xətlərin cəmi 10 faizi dəyişdirilib. Korrupsiyanın səviyyəsini izah etməyə ehtiyac yoxdur. Belə çıxır, xətlərin tam yenilənməsi üçün əlavə bir neçə milyard lazımdır. Demək, bir o qədər vəsait də xətlər dəyişdiriləndən sonra yolların bərpası üçün “Azəryolservis” və BŞİH-ə lazımdır. Dövlətin pulunu bir neçə məmur bax beləcə göyə sovurur.[thumb]http://anaxeber.info/uploads/posts/2014-