Parisdəki iki sammitin bir mühüm mesajı ; Sərkisyanın “soyqırım” dəvətinə Ərdoğanın məhz ermənipərəst Fransadan sərt reaksiya verməsi “yubiley” ilinə Türkiyənin hansı kontur-hazırlıqlarla gedəcəyini anons edir; Ermənistanın 2015-ci ilə uğurlu həmlə ilə girmək istəyinə başqa bir zərbəni Yelisey Sarayındakı Qarabağ danışıqlarında Azərbaycan öz maksimalist mövqeyi ilə vurdu...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransa səfəri bir çox parametrlər üzrə uğurlu sayıla bilər. Hər halda, Ərdoğanın Parisdə gündəmi zəbt eləmiş aktual qlobal və regional məsələlərlə bağlı səsləndirdiyi fikirlər onun öz ölkəsinin gücünə yetərincə əmin-arxayın olması təəssüratını yaratdı.
Vurğulayaq ki, bu, Türkiyə liderinin dövlət başçısı qismində dünyanın ən güclü erməni icmasının yaşadığı Fransaya ilk səfəri idi. Lakin Ərdoğan özünə xeyli inamlı və güvənli göründü - baxmayaraq ki, qardaş ölkə hazırda yan-yörədə cərəyan edən olduqca dramatik proseslər səbəbindən kifayət qədər mürəkkəb bir durumun içindədir.
Ötə yandan, Ermənistan və erməni lobbisi saxta genosidin yaxınlaşan “yubileyi” ilə bağlı qardaş ölkəyə qarşı misli görünməmiş hücum və təzyiq ovqatına köklənməkdədir. Türkiyə prezidenti belə ağır təhdidlər və yeni çağırışlar fonunda Fransaya səfərə yollanmışdı və şübhəsiz ki, hansı ölkəyə gəldiyini və hansı siyasi kolliziyalarla üzləşəcəyini də bilirdi.
***
Təxminlər doğruldu. Erməni məsələsi bu dəfə də Türkiyə dövlət başçısının önünə ən yüksək səviyyədə və sağdan-soldan atıldı. Ancaq Ərdoğanın bu qəbildən olan suallara, Ollandın “ağıllı” öyüdlərinə reaksiyası istər sanbal, istər təmkin, istərsə də siyasi-diplomatik manevrlər və 2015-ci ilin çağırışları kontekstində tutarlı sayıla bilər.
Məsələn, Fransanın Beynəlxalq Əlaqələr İnstitutundakı çıxışı zamanı öncə o, on illər boyu Türkiyəyə 1915-ci ildə baş vermiş olaylarla bağlı haqsızlıq edildiyinə diqqət yönəltdi, erməni məsələsinin etnogenezini faş etdi, bunun kriminal yox, bəzi qlobal güclərin əlində alət olduğunu söylədi, düşmən tərəfin və onun himayəçilərinin əlindəki ənənəvi ideoloji və təbliğati silahları yararsız hala gətirdi.
Sitat: “Çox təəssüf ki, 1915-ci il hadisələri ideoloji yanaşmadan, dezinformasiyadan uzaq tutularaq araşdırılmayıb. Bununla bağlı normal davranışlarımıza rəğmən, Ermənistan və erməni diasporu sağlam fikirli yanaşma nümayiş etdirmədi”. Ardınca o bildirdi ki, Türkiyə bu məsələnin siyasət predmeti olmadığını, tarixçilərin öhdəsinə buraxılmasını təklif edib: “Biz arxivlərimizi açdıq, indiyədək bir milyondan çox sənəd təsnif etmişik. Ermənistanın əlində belə bir arxiv varsa, açsın, üçüncü ölkələrdə varsa, onlar da açsınlar. Bu sənədlər üzərində tarixçilər, arxeoloqlar, hüquqşünaslar, siyasi təhlilçilər çalışsınlar. Biz də onların çıxardığı nəticələrə görə addım ataq”.
Türkiyə prezidenti əlavə edib ki, onlar Ermənistanla münasibətləri fərqli formada qurmaq üçün çalışıb, əllərini uzadıblar: “Təəssüf ki, xoş niyyətimizə qarşılıq görmədik. 2015-ci ildə də 1915-ci il olaylarının ildönümündə biz gerçəklərin anladılmasına, dünya birliyinin həqiqətləri dinləməsinə çalışacağıq. Bu məsələdə ideologiyaya məruz qalan dezinformasiyanın yox, tarixi həqiqətlərin uğur qazanacağına inanırıq”.
Ərdoğanın bu sözlərini bədnam 100 illik ərəfəsində Qərbə və dünyada erməniliyə ünvanlı mühüm anons saymaq olar. Rəsmi Ankara bununla açıq və birmənalı şəkildə mesaj verdi ki, məsələdə heç bir yumşalma, geri çəkilmə, güzəşt olmayacaq və kimsə bunu gözləməsin. Prezidentin sərt Paris ritorikası eyni zamanda Serj Sərkisyanın ona göndərdiyi “soyqırımın 100 illiyi”nə rəsmi dəvətinə rədd cavabı anlamına gəlir.
Artıq aydındır ki, Türkiyə prezidenti gələn ilin aprelində İrəvana getməyəcək. Ermənilərin, onların havadarlarının özlərini necə aparmasından asılı olaraq, mümkündür ki, “yubiley” törəninə ümumiyyətlə, Türkiyədən heç bir rəsmi şəxsi göndərilməsin. Hətta Ərdoğanın bu ilin aprelində etdiyi, lakin cavabsız qalan jest stilində quruca başsağlığı belə göndərilməyə bilər.
Diqqətçəkici habelə odur ki, səfərdən az öncə Türkiyə baş naziri Əhməd Davudoğlu özünə erməni milliyyətindən olan türkiyəli yazarı müşavir təyin edib. Bu və digər maraqlı gəlişmələri ciddiyə alanda qənaət hasil olur ki, rəsmi Ankara 2015-ci ilə müdafiə yox, məhz hücum diplomatiyası ilə gedir.
***
Şəksiz ki, bu diplomatiyanın effektliliyi rəsmi Bakının da ona gərəkən dəstəyi verməsindən asılı olacaq. Hər halda, udyurma “genosid” məsələsində Ermənistanın hansısa uğuru avtomatik şəkildə Qarabağ, işğal məsələsinə də öz neqativ təsirini göstərəcək, təcavüzkara danışıqlar masası arxasına daha əlverişli mövqe qazandıracaq. Və yaxud əksinə, Qarabağ məsələsində Azərbaycanın zəif mövqeyi saxta “soyqırımı” məsələsində Ankaranı təzyiqlərə daha həssas edəcək.
Lakin görünür, Azərbaycan tərəfi də yeni çağırışların fərqindədir və müdafiə yox, hücum taktikasının yeganə məqbul variant olduğunu nəzərə alır. Bunu yenə elə Parisdə, Yelisey Sarayında, Ərdoğanın səfərindən cəmi bir neçə gün öncə reallaşmış Qarabağ sammitində Bakının maksimalist mövqe tutması, hətta Naxçıvana koridor tələb eləməsi haqda gələn informasiyalar da təsdiqləyir.
Halbuki, bir sıra mötəbər mənbələrin, fransız diplomatik qaynaqlarının başlıca gözləntisi belə idi ki, görüşdə ən azı, üç əsas həll prinsipinə söykənən birgə bəyanat qəbul ediləcək və faktiki surətdə Dağlıq Qarabağın separatçı rejiminə münaqişə tərəfi statusu, bölgənin erməni əhalisinə isə “şotland variantı” timsalında müqəddəratı təyinetmə haqqı tanınacaq; tərəflər və vasitəçilər yeni ilə bu “irəliləyişlə” girəcəklər.
Bunlar olmadı, Bakı yumşaqlıq göstərmədi və Fransa timsalında nə Qərbin Azərbaycana Qarabağ həmləsi alındı, nə də ermənilərin 2015-ə yönəlik məkrli açılımı uğurlu start götürə bildi. Ardınca Ərdoğanın Fransa səfəri düşməni və onun dəstəkçilərini bir az da məyus elədi.
Proses hələ təzə başlayıb. 2015 isə “bir millətin iki dövləti” üçün ən ciddi sınaq ili olacaq.