Azərbaycanda noyabrın 5-dək hava şəraitinin əlverişsiz keçəcəyi, yağıntılı olacağı gözlənilir. Bəzi rayonlarda yağıntının intensivləşəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı proqnozlaşdırılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundandaxil olan xəbərə görə, noyabrın 1-də şimal və qərb rayonlarından başlayaraq, ölkə ərazisində hava şəraiti kəskin dəyişib, temperatur 12 dərəcəyə enib. Noyabrın 4-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlara sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-5, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyək isti olacağı gözlənilir.
Noyabrın 5-dən ölkə ərazisində hava şəraiti mülayimləşməyə başlayacaq.