Qənirə Paşayeva: “Bir gecə operatorla çöldə yatdım” -

3-11-2014, 14:23   


Qənirə Paşayeva: “Bir gecə operatorla çöldə yatdım”
Kulis.Az-ın “Yeməli söhbət” layihəsinin qonağı millət vəkili Qənirə Paşayevadır:

- Qənirə xanım, xoşladığınız yemək hansıdır?

- Kələm dolmasını və toyuqdan hazırlanan yeməkləri sevirəm. Tərəvəzlərdən isə kələmi xoşlayıram. Tovuza gedəndə az-az da olsa, xəngəl və kətə yeyirəm.

- Tovuz mətbəxinin özəllikləri nədir?

- Azərbaycan mətbəxində bəzi bölgələrdə plova, digərlərində balığa üstünlük verirlər. Tovuzda xəmir xörəklərinə xüsusilə, xəngəl və kətəyə üstünlük verilir. Amma Azərbaycanın hər tərəfində olduğu kimi ət yeməkləri Tovuzda da məşhurdur.

- Kababla aranız necədir?

- O qədər də yaxşı deyil. Ümumiyyətlə, ətlə aram yaxşı deyil. Amma ət yemək lazımdır. Bəzən bizim insanlar mətbəxdə ətə həddindən artıq üstünlük verir. Mənim nənəm tərəvəzdən xeyli dadlı yeməklər hazırlayırdı. İndi bizim ailələrin bəziləri mətbəxini “fast food”laşdırıb. Mən bunu sevmirəm. Biz mürəbbələri, şirələri dükandan almırıq, özümüz hazırlayırıq. Mən öz ailəmə “fast food”u yaxın buraxmıram.

- Özünüz yaxşı nə bişirirsiniz?

- Hər şey. Mənim mətbəxlə aram çox yaxşıdır. Hələ orta məktəbdə oxuyanda xaşıldan başqa hər şey bişirirdim. Tələbə olanda özüm bişirirdim. Hərdən dostlarımı evimə dəvət edirəm. Evdə özümüz bişirib-düşürürük. Getdiyim xarici ölkələrin mətbəxində mənə yad olan yeməkləri öyrənib özüm burda bişirirəm. Hesab edirəm ki, ailə institutunda evdə yemək yeyilməsi əladır. Yemək sadəcə fiziki iş deyil. Əgər yeməyi bişirəndə ona sevginizi, məhəbbətinizi qatırsınızsa, onun dadı da başqa olur. Buna görə, yemək bişirməyi çox sevirəm. Çox təəssüf ki, mənim əvvəlki kimi zamanım olmur. Amma vaxtım olanda böyük məmnuniyyətlə mətbəxə keçirəm.

- Gündəlik qida rasionunuz nədən ibarətdir?

- Daha çox tərəvəzdən hazırlanan yeməklər yeyirəm. Və təbii ki, hər tərəvəzi zamanında yeməyə üstünlük verirəm.

- Siz bir neçə il əvvəl Somaliyə səfər etmişdiniz. Orda nə yeyirdiniz?

- Mən tək Somalidə yox, Ruandada, Sudanda və Keniyada olmuşam. Hətta Qəndəharda operatorla birgə, çöldə yatmışam. Əfqanıstanda iki gün quru peçenye yemişik. Mən bir gün ac da qala bilərəm. Yeməyə qarşı xüsusi tələbatım yoxdur. Ac olsan, quru çörək belə yeyə bilərəm. Ona görə də, dünyanın heç yerində yeməklə bağlı problemim olmur.



- Tələbəlik illərinizin nostalji kafeləri hansıdır?

- Mən Tibb Universitetində oxumuşam. Bəzən gün ərzində 3 klinikada olurduq. Oxuduğum vaxtlarda həm də televiziyada işləyirdim. Yeməyi universitetin və işlədiyim ANS televiziyasının bufetində yeyirdim. Tələbə vaxtlarımda adətən dostlarımla evdə yemək yeməyə üstünlük verirdim.

- Siz Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun üzvüsünüz. Yapon yeməkləri ilə aranız necədir.

- Yaponiyanı çox sevirəm. Orda məni sözün yaxşı mənasında təəccübləndirən çox şey var. Yaponların həyata baxışını, yeməklərini, mədəniyyətini çox bəyənirəm. Yapon mətbəxi çox gözəldir. Ümumiyyətlə, hər mətbəxin öz gözəlliyi var. Mən türk, italyan mətbəxini də çox sevirəm. Bizim mətbəx çox zəngindir. Təəssüf ki, bəzi adamlar bizim mətbəxi yalnız plov, dolma və kababla təbliğ edirlər.

- Milli Məclisin yeməkxanası necə, sizi qane edir?

- Milli Məclisin bufetində hər şey var. Bayaq dedim, mən heç yerdə yeməklə bağlı problem yaşamıram. Çünki yeməyi özümə dərd eləmirəm.

- Toylara münasibətiniz necədir?

- Çox pis. Biz bu gün toylarda israfçılığın son həddini edirik. Hər birimiz ağıllı və məntiqli şəkildə bilirik ki, maksimum 3 növ yemək yeyə bilərik. Amma neçə cür yemək veririk məclislərimizdə? Bugünkü toylar insanların cibini soyur. Vətəndaşımız 400-700 manat arası maaş alır, amma toya 50 manat pul atanda utanır. Toyda bir nəfər heç 30 manatlıqda yemək yemir. Burda toy edən də uduzur, toya gedən də. Yalnız şadlıq evinin sahibi bir nəfər üçün 10 manat pul xərcləyir və əvəzini 10 qat artıq götürür. Buna qarşı çıxmaq üçün inzibati yoldan əlavə, düşüncəmizi də dəyişmək lazımdır. Biz övladımızın toyunda yarışa girmişik. Bir insan övladının toyunda 3 növ yemək versə nə olar? Min cür salatları o toydan bu toya saxlayıb vətəndaşa verməyin nə adı var? Di gəl toy biznesi buna icazə vermir. Çünki bu qədər gəlirin əllərindən çıxmağını istəmirlər. Çox təəssüf ki, biz onların qurbanına çevrilmişik. Bu gün sorğu aparsaq görərik ki, 10 adamdan 8-i toylardan əziyyət çəkir. Mən toyda yarım saatdan artıq oturmuram. Çünki toyda söhbət edə bilmirəm. Toy zövq aldığımız bir yer olmalıdır.



- Sizin mənəvi qızınız var. Bu barədə nə deyə bilərsiniz?

- Bir yox bir neçə qızım var. Bunları geniş danışmağa ehtiyac yoxdur. Bunlardan yanımda qalanı da var, ayrı qalanları da. Hesab edirəm ki, uşaq evlərində bu qədər uşaq böyüməməlidir. Uşaq evlərində böyüyən uşaqlara nə qədər yaxşı baxsaq da onların içində cəmiyyətə qarşı bir küskünlük olur. Biz yalnız övladımız olmayanda uşaq evindən uşaq götürürük və onun bizə həqiqi valideyn kimi baxmasına çalışırıq. Cəmiyyətdə çox imkanlı ailələr var. Öz övladlarından əlavə uşaq evindən bir uşaq da götürsələr nə olar? İnanın, bundan həm cəmiyyətimiz xeyir götürər, həm də Allaha xoş gedər. Mən qız-oğlan ayırmıram. Amma qızlarımızı uşaq evində görmək mənim üçün ikiqat əzabdır. Həmişə bu mövzuda təbliğat işi aparıram. İndiyədək iki tanıdığım imkanlı ailə bir oğlan, bir qız götürüb övladlığa. İlk öncə tərəddüd edirdilər. Amma indi deyirlər, nə yaxşı ki, biz bu addımı atmışıq.

- Siz dieta ilə xeyli çəki atdınız. Öncə nədən imtina etdiniz?

- Sadəcə həyatımı dəyişdim. Uşaqlıqdan gəncliyimə qədər çox arıq idim və idmanla məşğul olurdum. Böyük tennis və həndbolla məşğul idim. Həyatımın bir dövründə idmanla məşğul ola bilmədim və çəkim artdı. Səhərlər işə tələsdiyimdən yemək yemirdim, günorta yemirdim, axşamlar çox ac olurdum və xeyli yemək yeyirdim. Bu rejim məni kökəltdi. Film çəkilişləri ilə bağlı Amerikada bir müddət qalanda “fast fodd”la qidalandım. Çəkim getdikcə artdı və mən yeməkdən imtina etmək istədim. Bu mənə çox mənfi təsir elədi. Yemək yemədən dieta saxlayan gənc qızlara demək istəyirəm ki, bu fikirdən uzaq olsunlar. Dietanın ən yaxşı yolu idman və düzgün qidalanmadır.

Mən dieta saxlayan zaman axşam yeməyindən ağır yeməkləri çıxartdım və öz çəkimi normal hala saldım.














Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.