Türkiyə Ağ dənizin (Aralıq dənizi) şərqində, tanınmamış Şimali Kipr respublikası sahillərində mübahisəli hesab olunan sularda kəşfiyyat işlərinə başlamaq üçün Azərbaycanla anlaşma əldə edib.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə Yunanıstan KİV-ləri xəbər verir.
Ağ dənizin mübahisəli sularında iri kondensant yataqlarının olduğu təxmin edilir. Bu yataqlarda kəşfiyyat işləri ətrafında yunan Kipri ilə Türkiyə arasında ciddi gərginlik var.
Kipr əvvəllər İsrail şirkətlərini cəlb edərək həmin sularda kəşfiyyat işləri aparıb. Buna cavab olaraq Türkiyə yunan Kiprindən Ağ dənizdə birtərəfli qaydada kəşfiyyat işlərinin aparılmasını dayandırmağı tələb edib.
2011-ci ilin sentyabrında BMT Baş Assambleyasında çıxışı zamanı Türkiyənin o vaxtkı baş naziri Rəcəb Tayyib Ərdoğan beynəlxalq ictimaiyyəti yunan Kiprinin Ağ dənizdə birtərəfli qaydada apardığı neft-qaz kəşfiyyatını dayandırmağı tələb etməyə çağırmışdı. Ərdoğan bildirmişdi ki, əks halda Türkiyə “lazım olanı edəcək”.
İndi yunan mənbələri xəbər verir ki, Türkiyə Ağ dənizdə neft-qaz kəşfiyyatı aparmaq üçün Azərbaycandan iki platforma kirayələmək məsələsində anlaşıb. Türkiyənin TPAO dövlət şirkətinin ARDNŞ-lə əldə etdiyi anlaşmaya görə, platformalar Şərqi Ağ dənizdəki 2 və 3 nömrəli bloklarda kəşfiyyat aparmaq üçün gələn ilin fevral ayında bölgəyə göndəriləcək.
Yunan Kiprində nəşr olunan “Simerini” qəzetinin xəbərinə görə, Türkiyə ilə Azərbaycan arasında iki üzən platformanın kirayələnməsi barədə anlaşma bir həftə əvvəl əldə edilib. Tərəflər arasında aparılan danışıqlarda razılaşdırılıb ki, ARDNŞ TPAO-nun sərəncamına türk tərəfinin istədiyi kimi bir deyil, iki platforma verməyə hazırdır.
Bu anlaşmaya əsasən ARDNŞ “Heydər Əliyev” üzən qazma qurğusunu və “Dədə Qorqud” qazma qurğusunu Türkiyə şirkətinə kirayəyə verəcək. Gözlənilir ki, tərəflər arasında əldə edilmiş anlaşma bu həftə rəsmən açıqlanacaq.
Yunan mediasının ehtimalına görə, ARDNŞ iki üzən qazma qurğusunu Ağ dənizdəki mübahisəli sularda kəşfiyyat aparmaq üçün Türkiyəyə kirayəyə verməklə bu ölkədəki enerji layihələrini böyütməyə dəstək almaq istəyir. Belə ki, ARDNŞ Türkiyənin neft məhsullarının parakəndə satışı bazarında ən böyük paya malik “Petrol Ofisi”ni (PO) almağı planlaşdırır və bu məsələdə məsləhətləşmələr aparır.
Bildirilir ki, ARDNŞ-in kirayə verdiyi üzən qazma qurğularının hər iki köhnə texnologiyalar əsasında inşa edilib. Onlardan biri ötən əsrin 80-ci illərində inşa edilib və suyun maksimal 600 metrə qədər dərinliyində kəşfiyyat apara bilir. Lakin Ağ dənizdəki “Afrodita” yatağında nəticələr almaq üçün azı 700 metr dərinlikdə kəşfiyyat aparmaq lazımdır. “Onasagori” adlı blokda kəşfiyyat işləri isə 800 metr dərinliyə qədər enə bilər.
Kiprin enerji çevrələrindən bildirildiyinə görə, Türkiyənin kəşfiyyat aparmağa hazırlaşdığı 1, 2 və 3 saylı bloklarda nəticə əldə etmək çətin olacaq. Çünki ARDNŞ-in qazma qurğuları həmin bloklarda tələb olunan dərinlikdə işləyə bilməz.