Cangüdənlərini çağıran sədr, “Çıx bayırda danışaq” – deyib
Region Türkiyədə Diyarbəkir – Ankara reysi ilə hərəkət edən təyyarədə siyasi partiya lideri hücuma məruz qalıb. ANS PRESS-in xəbərinə görə, təyyarə Ankara “Esenboğa” hava limanına yaxınlaşdığı zaman bir sərnişinlə HDP-nin (Xalqların Demokratiya Partiyası) həmsədri Səlahəddin Demirtaş arasında mübahisə baş verib.
6-7 oktyabrda Kobani üçün keçirilən etiraz aksiyalarında oğlunun xəsarət aldığını deyən sərnişin buna görə Demirtaşı günahlandırıb.
“Sənin ucbatından oğlum yaralı halda yatır. Amerikaya gedib təlimat alıb, buna görəmi insanları küçələrə tökdün? Qatil, indi növbə 1 noyabrdamı?”.
Partiya həmsədrinin, “Tərbiyəsizlik etmə” deməsi ilə tərəflər arasında mübahisə böyüyüb və sərnişin Demirtaşa hücum etmək istəyib. Cangüdənlərini köməyə çağıran Demirtaş ona, “Çıx bayırda danışaq” – deyib.
Hücum edən şəxs isə, “Sənin qaynının binasında kirayə otururam. Neyniyəcəksən, gəl danışaq” – deyə cavab verib.
Qeyd edək ki, mübahisənin böyüməsi ilə təyyarədə olan AKP millət vəkili Sleyman Hamzaoğlu müdaxilə edərək tərəfləri sakitləşdirməyə çalışıb.
Təyyarədən endikdən sonra hücum edən kişi və həyat yoldaşı polis tərəfindən saxlanılıb.
Xatırladaq ki, Səlahəddin Demirtaş və həmsədri olduğu HDP, PKK terror təşkilatının siyasi təmsilçisidir. Türkiyədə son günlər başlayan provokativ Kobani aksiyalarını da bu partiyanın təşkil etdiyi bildirilir.