“Hafka”nı dirildən “sehrli cubuq” Məmmədovları bitirir

4-11-2014, 13:24   
“Hafka”nı dirildən “sehrli cubuq” Məmmədovları bitirir
Hafiz Məmmədovun əlindən alınan hər şeyi geri qaytarırlar, bir Ziya Məmmədovla şəriklikdən başqa... Məmmədovların nəhəng biznes ortağı, üstəlik hakimiyyətdə sanbalı olan, illərdir onunla rəqib kimi davranan bir regionun təmsilçisi ilə bağlarını necə qırdılar?
“Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədovun iflası ötən aylar medianın ən çox müzakirə etdiyi mövzulardan biri idi. Qısa xronologiyanı xatırlayaq. Əvvəl H. Məmmədovun prezidenti olduğu “Bakı” klubunda maliyyə problemləri yaşandı, sonra o, əsas səhmdarı olduğu “Bank of Azerbaijan”ın İdarə Heyətinə rəhbərlikdən uzaqlaşdırıldı, bank bütün qapılarını bağladı.

Rəhbəri olduğu “Baglan Group”un nəzarətində olan şirkətlərin təhvil-təslimi istənildi və hətta məhkəmə icraçıları borca görə “milyarderlər məhəlləsi”ndə villasından çıxarmaq üçün qapısına belə dirəndilər. Onun “Eurovision” ərəfəsi Bakıya gətirdiyi 500-dən çox “London taksi”sinin gömrük rüsumunu ödəmədiyi də yada düşdü, taksilər yolda saxlanıb cərimə meydançasına aparıldı. “Hafka” borclulardan yaxa qurtarmaq üçün hətta bahalı maşınlarını da avtodayanacaqlarda gizlətməli oldu.

Və qəfildən sanki nağıllardakı kimi “sehrli çubuq” işə düşdü. “Hafka”nı bankın İdarə Heyətinə yenidən rəhbər qaytardılar, AFFA da çempionatın oyunlarına getmək istəməyən “Bakı” klubu üçün 10 milyon pul ayırdı, “Nikoil bank”ın borcuna görə “Hafka”nı evindən çıxarmaq istəyən məhkəmə icraçıları da qeybə çıxdı. “London taksilər”ində tezliklə iş yerini itirmiş sürücülərin qaytarılacağı deyilir. İndi H.Məmmədov yenə işə əvvəlki kimi öz sevimli “Bentliy”sində gedir deyirlər...



H.Məmmədovun niyə vurulması haqda indiyədək bir çox versiyalar səslənib. Ona yaradılan şəraitdən başı gicəllənib, “mənəm-mənəmlik” edib; “yuxarılarla” hesablaşmaları “təmiz” aparmayıb; tapşırılan layihələri reallaşdırmağı bacarmayıb və hakimiyyətə başağrısı yaradıb və sairə. Həqiqətən də “Hafka” xarici mətbuatın gündəminə ekstravaqant oliqarx kimi düşür, müsahibələrində özündən razılığı hiss olunurdu. Onun hakimiyyətə “pul atdığı”na gəlincə, əksinə, müəyyən fondlara yığılan pulu verməkdən imtina etdiyi üçün cəzalandırıldığı da deyilirdi. Qısası, bu versiyaların hamısının yaşamaq haqqı vardı. Amma nədənsə, heç kimin ağlına belə gəlmirdi ki, “Hafka” şəriki, uzun illərin dostu, ortaq kapitalları milyard dolları keçən Z.Məmmədova görə vurula bilər. İndi- “Hafka”nın “dirilməsindən” sonra-ortada olan ən ciddi versiya məhz Z.Məmmədovla bağlı olanıdır.

thumb]http://anaxeber.info/uploads/posts/2014-11/1415093050_dsc_05551ziyamemmedovvvv.jpg[/thumb]
[img]http://anaxeber.info/uploads/posts/2014-

“Hafka”nın vurulmasında Z.Məmmədovun marağı yox idi. Adam pul gətirən əlini niyə kəssin ki? iflası ərəfəsi Z.Məmmədova “atam” demişdi. Amma çətin günlərində Z.Məmmədovun “Hafka”nı nəinki qoruma altına almaması, üstəlik, onunla bütün bağlantıları kəsməsi, “Qarant Holdinq”in ofisindən çıxarması ilə H.Məmmədovdan can qurtarmaq istədiyini göstərdi. Z.Məmmədov qurtuldu, “Hafka” isə batmaq ərəfəsi xilas edildi. Qəribə deyilmi? Bəlkə bu, iki nəhəng oliqarxın ittifaqına son qoymaq üçün düşünmüş bir oyun idi? Z.Məmmədovun dostluğu sınağa çəkilirdi bəlkə?

“Hafka”ya əlindən alınan hər şeyi geri qaytarırlar, bir Z.Məmmədovla şəriklikdən başqa. Özü də bu təkcə nəqliyyat naziri ilə bağlı bağlantının qırılması deyil, Məmmədovların hökmranlıq etdiyi bütün sahələrdə-neftdaşımalardan tutmuş nəqliyyat sektorunda şərikliyə qədər hamısının nöqtələnməsi deməkdir. Məntiqlə, bu aylarda “Hafka” nüfuzundan başqa heç nə itirmədi. Onu da hakimiyyətdəki mövqelərini bərpa etdikcə geri qaytaracaq. Məmmədovlar isə nəhəng bir biznes ortaqlarını, üstəlik, hakimiyyətdə sanbalı olan, illərdir onunla rəqib kimi davranmış bir regionun (Naxçıvan) təmsilçisi ilə bağlarını qırdı.

Məmmədovlar bu qurulmuş tamaşada “dostlarını darda qoymaqla” da mənfi rol aldılar.
Ziya Məmmədovla sıx biznes ilişkiləri olan “Hafka” bu aylar ərzində şərikindən yalnız pislik gördü, hər halda, gələn xəbərlər belə deməyə əsas verir. Z.Məmmədov “Hafka” kimi uçuruma yuvarlanmamaq üçün onun yollarını dərhal ayırdı, biznes obyektlərini “Qarant Holdinq”in ofislərindən təcili çıxarmaqla özünü sığortaladı. Amma indi “Hafka”nın “dirilməsindən” sonra bu şərikliyin də yenidən bərpa edilməyəcəyi aydındır. Çünki Z.Məmmədovun arxasından çəkilən adamı “dirildirlərsə”, demək, bu prosesin arxasında duranlar heç də nəqliyyat nazirinə simpatiya bəsləyənlər deyil. Yayılan xəbərlər də təsdiq edir ki, “Hafka” indi soydaşı olan Məmmədovlardan çox narazıdır və hətta o həddə ki, nazir oğlunun adı hallanan məhkəmə işinin Türkiyədə yenilənməsini yaxın çevrəsinə “ona qarşı olan ədalətsizliyin cəzası” kimi izah edir. Xatırladaq ki, nazir oğlu Anar Məmmədovun “Hafka” ilə münasibətlərinin kəskin olması ilə bağlı, hətta onun obyektini buldozerlə dağıtması ilə bağlı da çoxsaylı iddialar var.

Məmmədovların vurulacağı haqda xəbərlər yeni deyil. Hətta bu kimi xəbərlər KİV-də tirajlananda oxucular qınayır da. Amma nəzərə almaq lazımdır ki, Azərbaycan hakimiyyəti də yetkin bir orqanizmdir. Qəzavü-qədər olmasa, qolu amputasiya etmək və ya ağrıyan dişi çəkdirmək zaman tələb edir. Bu prosesdə istisna yalnız sabiq nazir Əli İnsanovdur. Onu 1 saatda qandalladılar. Amma onunla birgə həbs edilən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev həbsinə qədər uzun bir yol qət etdi, zəiflədildi, sonra fərmanı verildi.
Məmmədovların taleyi barədə hökmün necə olacağını demək çətindir, amma bu soyad ətrafında daha bir ciddi proses onun xeyrinə yekunlaşmadı. Daha bir proses isə hansısa bir “sehrli çubuğun” köməyi ilə Türkiyədə sifarişli qətl işi ilə bağlı yenidən başlayıb... Olmaya bu, “Hafka”nı dirildən “çubuqdur”...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.