Neftə görə Aralıq dənizində hərbi qarşıdurma başladı, Bakı kənara çəkildi

4-11-2014, 13:36   
Neftə görə Aralıq dənizində hərbi qarşıdurma başladı, Bakı kənara çəkildi
unan mediasına istinadən Türkiyənin Aralıq dənizinin şərqində, Kipr adası yaxınlığındakı mübahisəli sularda neft kəşfiyyatına başlamaq üçün Azərbaycanla anlaşdığı haqda yazmışdıq.

Virtualaz.org saytı yunan Kiprində nəşr olunan “Simerini” qəzetinə istinadən xəbər vermişdi ki, Türkiyənin dövlət neft şirkəti TPAO Aralıq dənizində, mübahisəli sularda neft-qaz kəşfiyyatına başlamaq üçün ARDNŞ-dən iki üzən qazma qurğusunu kirayə götürmək barədə anlaşma əldə edib.

Mənbə iddia edirdi ki, ARDNŞ Türkiyə şirkətinə 700 metrə qədər dərinlikdə qazma həyata keçirə bilən “Dədə Qorqud” və “Heydər Əliyev” qazma qurğularını kirayə verməyə razılaşıb. Tərəflər arasında anlaşma bir həftə əvvəl əldə edilib və gözlənilirdi ki, bu həftə anlaşma rəsmən elan ediləcək.

Virtualaz.org saytının dünən ARDNŞ-dən bu xəbərlə bağlı şərh almaq cəhdləri nəticə verməyib. Bəzi ekspertlərə görə isə ümumiyyətlə ARDNŞ-in sərəncamında olan üzən qazma qurğularının Aralıq dənizinə aparılması naviqasiya baxımından real deyil.

Bu gün isə ARDNŞ-dəki mənbə “Trend”ə ARDNŞ şirkətin Aralıq dənizində karbohidrogenlərin kəşfiyyatının aparılması haqqında Türkiyə ilə heç bir razılaşmaya malik olmadığını bildirib. ARDNŞ nümayəndəsinin sözlərinə görə, bu gün ümumiyyətlə karbohidrogenlərin birgə kəşfiyyatı haqqında məsələyə baxılmır.

Həmçinin bu gün həm Yunanıstan, həm də Türkiyə mediası Aralıq dənizində neft yataqları uğrunda qarşıdurmanın yenidən qızışdığı haqda xəbərlər dərc edib.

“Vatan” qəzetinin yazdığına görə, Yunanıstan və yunan Kiprinin (Kipr respublikası) İtaliya və ABŞ şirkətləri ilə anlaşaraq mübahisəli hesab olunan “Afrodita” adlı bölgədə kəşfiyyat işlərinə başlamasına cavab olaraq Türkiyə “Barbaros Hayrettin” kəşfiyyat gəmisini 3 hərbi gəminin və bir sualtı qayığın müşaiyəti ilə bölgəyə göndərib.

Yunan mediasından götürülmüş bu xəbərdə deyilir ki, Türkiyənin kəşfiyyat-axtarış gəmisini “Gelibolu”, “Göksü” və “Yavuz” adlı freqatlar, habelə “Burak Rəis” adlı sualtı qayıq müşaiyət edir. Bu gəmilərin müşaiyəti ilə “Barbaros Hayrettin” kəşfiyyat gəmisi Türkiyə sərhədlərinə ən yaxın olan Meis adası ətrafında neft-qaz kəşfiyyatına başlamağa hazırlaşdığı bildirilir.

Yunanıstanda nəşr olunan “Proto Thema” qəzetinin yazdığına görə rəsmi Afina buna cavab olaraq yunan hərbi donanmasının bir freqatını və “Proteus” adlı sualtı qayığını bölgəyə göndərməyə qərar verib. Yunanıstan hökumətindəki mənbə bildirib ki, lazım olsa bütün donanmanı həmin bölgəyə yeridəcəklər. Qəzetə danışan Pentaqon rəsmisi isə Aralıqdənizində “bütün tərəflər üçün təhlükəli oyun oynandığını” deyib.

Gözlənilir ki, gərginliyin artmasına görə Yunanıstanın baş naziri Antoni Samaras Kipr respublikasına gedərək bu ölkənin lideri Anastasiadasla ortaq strategiya müəyyən edəcək. Yunan mediası onu da yazır ki, bu ay ərzində Türkiyəyə səfər edəcəyi gözlənilən ABŞ vitse-prezidenti Cozef Bayden Anastasiadasla telefon danışığında Ankaraya səfəri zamanı türklərdən Kiprə aid iqtisadi zonada neft-qaz kəşfiyyatını dayandırmağı tələb edəcəyinə söz verib.

Qəzet onu da yazıb ki, Türkiyə bölgədə neft platforması yerləşdirmək üçün Azərbaycan və Rumıniyadan kömək istəyib.

Məlumatda deyilir: “Lakin azərilər “yunanlarla münasibətlərimiz çox yaxşıdır” deyərək bu təklifi rədd ediblər. Rumıniya hökuməti isə 1.5 milyard dollara başa gələn üzən platformanı Türkiyəyə satmağa müsbət baxır. Neft platformasının 2 il ərzində hazır olması gözlənilir”.

Türkiyə mətbuatı onu da yazı ki, ötən həftə Qahirədə Misir, yunan Kipri və Yunanıstanın xarici işlər nazirlərinin iştirakı ilə danışıqlar olub. Bu danışıqlarda Aralıq dənizində neft və qaz hasilatı məsələsində üç ölkənin birgə hərəkət etməsi qərarlaşdırılıb.

Xatırladaq ki, Avropa İttifaqı da Türkiyəni yunan Kipri sahillərində neft-qaz axtarışlarını dayandırmağa çağırıb. Lakin Türkiyə bildirir ki, Şimali Kipr Türk Respublikasının da bu bölgədə iqtisadi maraqları var və Türkiyə yunan tərəfinin birtərəfli qaydada neft-qaz axtarışlarına başlamasına cavab olaraq bütün lazım olan addımları atacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.